12:38, 17 Yanvar 2020 (Cümə) 147

Rusiya müxalifət lideri yeni baş nazirin arvadının sərvəti ilə maraqlanır

Rusiya müxalifət lideri yeni baş nazirin arvadının sərvəti ilə maraqlanır


/ DÜNYA
Rusiya müxalifətinin liderlərindən biri və Korrupsiyaya Qarşı Mübarizə Fondunun rəhbəri Aleksey Navalni Rusiyanın yeni baş naziri Mikail Mişustini arvadının milyonlarla rubl pulu necə qazandığı barədə məlumat verməyə çağırıb.

AzadlıqRadiosunun verdiyi məlumata görə, Mişustinin arvadı bu gəlirlərini özünün rəsmi vergi bəyannamələrində göstərib.

Bu bəyannamələrdən bəlli olur ki, Vladlena Mishustina son 9 ildə azı 800 milyon rubl (13 milyon dollar) qazanıb.

Navalni yazır ki, Vladlena Mişustinanın adına bircə hüquqi şəxs də qeydiyyata alınmayıb. Onun haqqında internetdə heç bir məlumat tapmaq mümkün deyil.

AzadlıqRadiosu Rus xidməti yazır ki, müxalifətçi lider yeni baş nazirin arvadının bəyannamələrdə göstərilən pulları qanuni şəkildə qazandığına şübhə etdiyini bildirib.

Navalni diqqəti buna da çəkir ki, əvvəllər Moskva ətrafında Mişustin ailəsinin adına qeydiyyatda olan daşınmaz əmlak sonradan nəyə görəsə Rusiya Federasiyasının balansına keçirilib.

2008-ci ilə aid sənədlərdən belə görünür ki, Vladlena Mişustina fərdi sahibkar kimi qeydiyyatdan keçib.

Bu status 2013-cü ildə ləğv edilib.

Mişustinanın əsas fəaliyyət sahəsi kimi "rəqs meydançaları, diskotekalar və rəqs məktəbləri” göstərilirdi.

Jurnalist Anastasiya Qorşkova yazır ki, Mişustina 2009-cu ildə Barvixadakı "Luxury Village” DecaDance klubunun şəriki olub.

O 2012-ci ildə bu biznesi tərk edib və 2014-cü ildə DecaDance ləğv edilib.

Jurnalistin yazdığına görə Vladlena Mişustina 2002-ci ildən bir vaxtlar onun ərinin çalışdığı beynəlxalq kompüter klubuna sahib idi.

Lakin Qorşkovanın yazdığına görə bu biznes Mişustinaya böyük gəlirlər gətirə bilməzdi.

Forbes jurnalı 2016-cı ildə Mishustina-nı ən zəngin məmur arvadları siyahısına daxil etmişdi.

O 2014-cü ilin vergi sənədlərinə əsasən bu siyahıda 9-cu idi.

Forbes iddia edirdi ki, Mişustina UFG investisiya fondunun strukturlarından birində işləyib.

Onun əri 2010-cu ildə dövlət xidmətinə keçənədək bu fondun prezidenti idi.

Forbes Mişustinanın UFG-də işləməsinə dair sübutlar göstərmir.

Onun bu fondda bugün də işləyib-işləmədiyi bilinmir.