15:33, 03 Sentyabr 2019 (Çərşənbə axşamı) 64

Rusiyada siyasi həbslər davam edir

Rusiyada siyasi həbslər davam edir


/ DÜNYA
Saxlanılanlar arasında "Novaya Qazeta”-nın jurnalisti İlya Azar da var.

Sentyabrın 2-də Moskvada üç müxalifət fəalı üç gün əvvəl icazəsiz etiraz aksiyasında iştirak etdiklərinə görə saxlanıblar, RFE/RL xəbər verir.

Kremlin tənqidçisi Aleksey Navalnının Anti-Korrupsiya Fondunun vəkili Lyubov Sobol Moskva ətrafında yerləşən polis bölməsinə aparılıb, - fondun sözcüsü deyib.

Sobol avqustun 31-də icazəsiz mitinqlərdə nümayişçilərin həbsində şəhər rəhbərliyini günahlandırıb.

İcazə verilməməsinə baxmayaraq avqustun 31-də bir neçə min rusiyalı Moskva küçələrində toplanaraq "siyasi repressiyalara qarşı” çıxıblar. Onlar sentyabrın 8-də keçiriləcək yerli qanunverici orqana azad seçkilər tələb ediblər.

Həmçinin saxlanılanlar arasında "Novaya Qazeta”-nın jurnalisti İlya Azar da var. Polis onu apararkən iki yaşı tamam olmamış övladı ilə evdə tək olub. Özü bu barədə sosial mediada yazıb.

"Onlar [polis] məni ev paltarları və başmaqlarında maşına mindirdilər,” - Azar yazıb: "İki yaşı olmayan uşağın evdə tək qalması onları narahat etmədi”.

Daha sonra Azarın həyat yoldaşı deyib ki, o, evə gələndə qapı açıq və uşaq evdə tək olub, ancaq ona heç bir təhlükə olmayıb.

Navalnının digər müttəfiqi Nikolay Lyaskin də saxlanılıb və elə həmin gün sərbəst buraxılıb. O, sosial mediada verdiyi açıqlamada deyib ki, maşını polislər tərəfindən saxlanıb və o, məntəqəyə aparılıb.

31 avqust mitinqi liberal fəallar ilə Moskva şəhər rəhbərliyi və Kremlin arasında baş verən silsilə qarşıdurmaların ən sonuncusu olub.

Nümayişçilər mitinq zamanı "Rusiya azad olacaq!” və "Çarlığa son!” şüarları səsləndirərək Kremlindən bir neçə kilometr şimalda yarpaqlı bulvar boyu yürüş ediblər.

Sobol "Siyasi məhbuslar üçün azadlıq” şüarları səsləndirən insanlara rəhbərlik edib.

"Fərqli yaşda olan insanlar çölə çıxıblar, çünki hər kəs ədalət istəyir. Onlar Rusiyanın azad və xoşbəxt olmasını, qanunsuzluq içində boğulmamasını istəyir. Biz bunu tələb edirik və geri çəkilməyəcəyik,” - o deyib.

Yüzlərlə adamın həbs olunduğu digər nümayişlərdən fərqli olaraq nə polis, nə də müstəqil müşahidəçilər nümayiş zamanı baş vemriş həbslər barədə məlumat verməyib.

Polis həmin gün Moskvada təxminən 750 adamın bir araya yığışdığını deyib.

31 avqust hadisəsindən öncə bir neçə müxalifət lideri, o cümlədən seçkidə qeydiyyatdan keçmək üçün mübarizə aparan müxalif siyasətçi İlya Yaşin də tutulub. O, avqustun 28-də icazəsiz mitinqlərdə iştirak etmək ittihamı ilə tutulduğu dördüncü 10 günlük həbs müddətini başa vurduqdan dərhal sonra yenidən həbs edilib.

Meydan.tv