16:00, 10 İyul 2019 (Çərşənbə) 87

Rusiyada tatarlara qarşı təzyiqlərə qarşı etiraz aksiyası keçirilib

Rusiyada tatarlara qarşı  təzyiqlərə qarşı  etiraz aksiyası keçirilib


/ DÜNYA
Rusiyada polis Ukraynanın ilhaq olunmuş Krım regionunda tatarlara təzyiqlərə etiraz edən 7 fəalı saxlayıb. Etirazçılar iyulun 10-da Qırmızı Meydanda saxlanıb.

Bu barədə Azadlıq Radiosu xəbər verib. 

Onlar "Krımda terrorçuluqla mübarizə narazılarla savaşdır”, "Bizim övladlarımız terrorçu deyillər” plakatları qaldırıblar.

Bəzi etirazçılar isə polis tərəfindən meydandan uzaqlaşdırılıb.

Bu etiraz Rusiya Ali Məhkəməsində dörd Krım tatarının şikayətinə baxılmasından bir gün öncə keçirilib. Həmin tatarlar Hizb ut-Tahrir islamçı qrupuna üzvlükdə təqsirli bilinərək 9 ildən 17 ilədək həbsə məhkum ediliblər.

Bu qruplaşma Rusiyada qadağan olunub, Kreml onu "terrorçu” təşkilatlar siyahısına salıb.

Hizb ut-Tahrir Ukraynada qadağan olunmayıb. Ancaq Rusiya 2014-cü ildə Krımı ilhaq edəndən burada öz qanunlarını tətbiq edir.

İyunda Rusiyada məhkəmə beş Krım tatarını 12 ildən 17 ilədək həbsə məhkum edib, onlar da Hizb ut-Tahrir-ə üzvlükdə təqsirli biliniblər.

Yenə də iyunda daha 8 Krım tatarı saxlanıb, Hizb ut-Tahrir-ə üzvlükdə ittiham olunub.

Krımın ilhaqından bəri burada Rusiyanın qurduğu hakimiyyət onlarla tatarı Hizb ut-Tahrir-ə üzvlükdə ittiham edib.

Təkcə mart-apreldə Rusiyanın Federal Təhlükəsizlik Xidməti 24 Krım tatarını bu qruplaşmaya üzvlükdə şübhəli bilərək saxlayıb, onların evlərində bir-bir axtarış aparılıb.

İnsan haqları qrupları və Qərb hökumətləri Krım tatarlarına, Moskvanın yarımadanı işğalını tənqid edən digər şəxslərə qarşı "repressiya kampaniyası”nı pisləyir.