18:42, 02 May 2019 (Cümə axşamı) 210

"Rusiyadan qaytarılan məhsulla bağlı araşdırma aparılır" - Qida Təhlükəsizliyi Agentliyi

Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidmətinin rəsmi saytında Azərbaycandan gətirilən 15,5 ton pomidorun ölkəyə buraxmaması ilə bağlı məlumat yayılıb. 

Məlumatda deyilir ki, Yaraq-Qazmalar buraxılış məntəqəsində gətirilən pomidorun yoxlanılması zamanı məhsulda Cənubi Amerikanın pomidor güvəsi aşkar edilib. 

Xidmət bildirib ki, pomidor güvəsi karantin siyahısına daxil edilib. 

Pomidor güvəsi həm sahədə, həm də saxlanc yerində məhsula təhlükə törədir və məhsulun 50 faizdən 100 faizə qədərini məhv edə bilər. 

Məlumatda o da bildirilir ki, pomidor güvəsi kartofa, badımcana və digər bitkilərə də zərər vurur. 

Aqrar məsələlər üzrə ekspert Vahid Məhərrəmov Toplum TV-yə deyir ki, güvə ölkəyə idxal olunan kartofla bərabər gətirilib və Gəncə-Qazax bölgəsində geniş yayılıb: "Ölkəyə idxal olunan kartofla bərabər kartof güvəsi gətirildi. Bu, Gəncə-Qazax bölgəsində geniş yayıldı. Kartof da quşüzümü fəsiləsindəndir və bu güvə yalnız kartofa deyil, pomidora, bibərə, badımcana, hətta tütünə, həmçinin bitkinin gövdəsindən tutmuş onun meyvəsinə, yarpaqlarına çox ciddi ziyan vurur. Bu da kartofçuluğu Gəncə-Qazax bölgəsində artıq sıradan çıxarmaq üzrədir. Orada kəndlilər, fermerlər çox ciddi ziyana məruz qalır. Hər il də becərdikləri məhsulu qısa bir müddətdə ziyanvericilər sıradan çıxarır və indi artıq istixanada yetişdirilən pomidorlara da ciddi ziyan vurur”.

Ekspertin sözlərinə görə, Azərbaycan sərhəddində ciddi yoxlamalar aparılmır: "Əlbəttə, Rusiya çalışır ki, öz sərhəddini qorusun və ölkəyə idxal olunan kənd təsərrüfatı məhsullarında bu kimi ziyanvericilərin törədiciləri olmasın. Ona görə də sərhəddə çox ciddi yoxlamalar aparılır. Çox təəssüf olsun ki, Azərbaycan sərhəddində bu yoxlamalar aparılmır. Uzun müddətdir ki, Azərbaycana digər ölkədən qarantin obyekti olan və çox ciddi təsərrüfatlara ziyan vura biləcək belə ziyanvericilər gətirilir və nəzarətdə olmadığı üçün artıq Respublikada geniş yayılmağa davam edir. Bundan çıxış yolu odur ki, bu sahəyə məsul olan Kənd Təsərrüfatı Nazirliyi bütün regionlarda bu ziyanvericiyə qarşı mübarizə tədbirləri həyata keçirməlidir.  Bioloji, kimyəvi, texniki üsullarla bu ziyanvericilərin qarşısını almalıdır”.

Vahid Məhərrəmov deyir ki, qaytarılan məhsullar bazara çıxarılmamalı, digər məqsədlər üçün istifadə edilməməlidir: "Təəssüflər olsun ki, qaytarılan məhsulları gətirib bazarlarda satırlar. Bunu onunla əsaslandırırlar ki, bu ziyanvericilərin insan orqanizminə heç bir ziyanı yoxdur. Əslində, böyük yalnışlığa yol verirlər. Son illərdə elm sübut edib ki, meyvələrdə olan ziyanvericilər özlərindən toksin maddə ifraz edirlər. Həmin toksin maddələrin insan orqanizminə çox ciddi ziyanı var. Ola bilsin ki, kimsə yaxşı yuyub təmizləyə bilmir və yaxud da güvə pomidorun içində olur. Yeyirlər və özləri də bilmədən o toksin maddələri qəbul edirlər. Əslində, o pomidorlar digər məqsədlərlə istifadə olunmalıdır. Təmiz yuyulub, onu emal edib, məsələn, tomat istehsal edilməlidir və ya digər məqsədlər üçün istifadə olunmalıdır”.

Qida Təhlükəsizliyi Agentliyinin mətbuat xidmətinin sözçüsü Aysel Fərziyeva Toplum.Tv-yə bildirib ki, quruma hər hansı bir rəsmi məlumat daxil olmayıb: "Azərbaycandan Rusyanın Dağıstan Respublikasına idxal edilən 15.5 ton pomidorun həmin ölkəyə idxalına icazə verilməməsi ilə bağlı Qida Təhlükəsizliyi Agentliyinə sözügedən ölkənin aidiyyatı qurumundan rəsmi məlumat daxil olmalıdır.  Amma belə bir məlumat daxil olmayıb. Hazırda agentlikdə Rusiya mətbuatında yayılan və  bizim medianın istinad etdiyi həmin məlumatın nə dərəcədə həqiqəti əks etdirib-etdirməməsinin dəqiqləşdirilməsi istiqamətində araşdırma aparılır. Araşdırma yekunlaşandan sonra ictimaiyyətə daha dəqiq məlumat veriləcək". 

2017-ci ildə iyunun 10-dan 23-dək Qazaxıstan Azərbaycandan aldığı 81,5 ton kartofu fitosanitar nəzarətdən keçə bilmədiyi üçün geri qaytarıb.

Rəsmi məlumatda deyilir ki, kartofda "qızılı kartof nematodu" virusu aşkar edilib. 

Bununla bağlı Qazaxıstan tərəfi Azərbaycana xəbərdarlıq edib. Xəbərdarlıqda qeyd olunub ki, məhsulda qanunvericiliyin pozulduğu səkkiz hal (qızılı kartof nematodu) aşkar edildiyi üçün fitosanitar nəzarəti keçə bilməyən 81,5 ton kartof Qazaxıstana buraxılmayıb.

Nərgiz Absalamova
Toplum Tv