10:54, 02 Dekabr 2019 (Bazar ertəsi) 65

Rusiyanın Xarici işlər naziri Bakıya gəlir

Rusiyanın Xarici işlər naziri Bakıya gəlir
Rusiyanın Xarici işlər naziri Sergei Lavrov dekabrın 2-də Azərbaycana ikigünlük səfərə gəlir. O, Prezident İlham Əliyevlə görüşəcək, azərbaycanlı həmkarı Elmar Məmmədyarovla danışıqlar aparacaq.

Danışıqların əsas mövzusu Azərbaycanın separatçı Dağlıq Qarabağ regionunda sülhə nail olunması olacaq.

"Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesində tərəflərə yardım Rusiya xarici siyasətində prioritet məsələdir və Rusiya prezidentinin diqqət mərkəzindədir”, – Rusiyanın Xarici İşlər Nazirliyi Lavrovun səfərindən öncə yaydığı bəyanatında deyir.
 
"Münaqişənin yalnız siyasi və diplomatik yollarla, tərəflər arasında dialoq vasitəsilə həllinə dair mövqeyimiz dəyişməyib”, – bəyanatda vurğulanır.

Dağlıq Qarabağ münaqişəsi Ermənistanın Azərbaycana ərazi iddiaları ilə 1988-ci ildən başlayıb. 1994-cü ildə tərəflər arasında gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilib.

1988-1994-cü illərdə münaqişədə 30 min adam həlak olub, minlərlə insan evindən didərgin düşüb.

Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Ermənistan və Azərbaycan arasında sülh danışıqları 1992-ci ildən ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə aparılır. ABŞ, Rusiya və Fransa Minsk qrupunun həmsədr dövlətləridir.