10:53, 07 Sentyabr 2020 (Bazar ertəsi) 705

Rüstəm İsmayılbəyli: “Hansı tələbə “niyə?” sualını versə, təzyiq qaçılmaz olur"

Rüstəm İsmayılbəyli: “Hansı tələbə “niyə?” sualını versə, təzyiq qaçılmaz olur
Tələbə aktivist: "Nəzarətdən azca kənara çıxan kimisə görəndə, ən aşağıdan ən yuxarıya qədər bütün bürokratların ürəyinə qorxu düşür”

"Bizə keçmişdən tələbə aktivizmi nümunəsi buraxılmayıb, amma biz gələcəyə belə bir nümunə buraxa bilərik”

"Email hesabıma dövlət müdaxiləsini bir növ Google təsdiqləmiş oldu”

ToplumTV tələbə-aktivist Rüstəm İsmayılbəyli ilə müsahibəni təqdim edir.

- Əvvəla, özünü tələbə aktivist kimi qeyd edirsən. Bu sahədə fəalsan. Azərbaycanda tələbə aktivizmindən nə dərəcədə danışmaq olar? Ümumi vəziyyət necədir?

- Səmimi olmaq lazımdırsa, qısaca deyə bilərik ki, Azərbaycanda tələbə aktivizmi yoxdur. Bunun üçün tarixi kök, siyasi-ictimai mühit və institutlar yoxdur. Hazırda ölkədə tələbə aktivizmini yaratmağa çalışan və həmin mühiti formalaşdırmaq istəyən bir ovuc insan var ki, onların nə dərəcə uğurlu olacağını tarix göstərəcək. 

- Bu iş üçün "Tələbə tələbi" adlı bir platforma qurmusuz. Özünə aid kütləsi var. Şəxsən izləyirəm. Görürəm ki, daim artır. Bəs səncə bu lahiyə  tələbələrin problemlərini nə dərəcədə əhatə bilir? Tələbələrin buna marağı necədir?

- Çalışırıq ki, tələbələrin bütün problemlərini əhatə edə bilək. Universitet rəhbərlikləri də bizi izləyirlər və demək olar ki hər şikayətlə bağlı operativ formada iş görməyə başlayırlar. Düzdür, bu heç də həmişə müsbət iş olmur, təhdid, təzyiq də olur, amma hər halda biz əlimizdən gələni etməyə səy göstəririk. Bütün ümumi tələbə kütləsinə çata bildiyimizi deyə bilmərəm, çünki bunun üçün mühit və şərait də yoxdur, amma çata bildiyimiz tələbələrin marağı yüksəkdir.

- Təhdid və təzyiq deyəndə konkret nəyi nəzərdə tutursan?

- Məni bir dəfə universitetdən qovmağa çalışdılar, vətəndaş cəmiyyəti və medianın diqqəti sayəsində xilas oldum. İmtahanlarda, dərslərdə əlavə problemlər yaradılır. Hətta bizim ənənəvi olaraq işlətdiyimiz ən yüksək keyfiyyətli otağı növbəti dəfə bizə verməmişdilər, bir müəllimim bunu mənimlə əlaqələndirmişdi. Bizim fakültənin mərtəbəsindən asılan "Pulsuz Təhsil” şüarından sonra bizi kamerasız otaqlara buraxmırlar və s. Geniş nəzarət var, arabir təzyiqlər də olur, amma şəxsən öyrəşmişəm. Qorxutmur, çəkindirmir.

- Nədən qaynaqlanır belə təzyiqlər?

- Qorxurlar. Nəzarətdən azca kənara çıxan kimisə görəndə ən aşağıdan ən yuxarıya qədər bütün bürokratların ürəyinə qorxu düşür ki, başımıza nəsə gələcək.

- Bu təzyiqlər əsasən siyasi baxımdan fəal tələbələrə qarşı olur, ya başqa səbəbləri var?

- Belə deyim. Onların tələbələr üçün çəkdiyi xətlər var. "Bir tələbə necə olmalıdır” xətləri. Təxminən SSRİ-dəki Komsomol, Nasist Almaniyasındakı Hitlerjungen kimi bir ideya təlqin sistemi qurublar. Hansı tələbə "niyə?” sualını versə, onların çəkdiyi xətləri aşmağa çalışsa, təzyiq qaçılmaz olur. Onunla söhbətlər aparılır, ona cadugər kimi yanaşılır.

- Yaxşı, bəs əksər tələbələrin bu hadisələrə reaksiyası necə olur?

- Tələbələrin əksəriyyətinin yetişdiyi ailə-cəmiyyət mühiti onların bu hadisələrə reaksiya verməsinə mane olur. Əksər tələbələr belə məsələlərdən çox uzaqdırlar. Ailələri onları belə böyüdüb, onları bu xətlərə öyrəşdirib. Korrupsiyaya, rüşvətə bulaşmış tələbələrin sayı da çox yüksəkdir ki, bu da reaksiyasızlığa başqa bir səbəbdir.

- Bu məyusluq yaratmır səndə?

- Yox. Axı biz bu işi görməyə başlayanda yaşadığımız coğrafiyanın, cəmiyyətin şərtlərini də nəzərə almışdıq. Biz sadəcə doğru bildiyimiz şeyi etməyə çalışırıq, öz əxlaq anlayışımıza görə "pis” gördüyümüz şeylərə qarşı çıxırıq. Bizə qarşı təzyiqlər hansı səviyyədə olacaq, dəstək hansı səviyyədə olacaq, bunun elə bir təsiri olmur. Ən azından ona inanırıq ki, bizə keçmişdən tələbə aktivizmi nümunəsi buraxılmayıb, amma biz gələcəyə belə bir nümunə buraxa bilərik.

- İyunda, karantin dövründə universitetlərin açıq olmadığını əsas gətirib təhsil haqqının ləğvi üçün təhsil nazirliyinə müraciət etmək qərarına gəlmişdiz. Amma sən müraciətdən sonra 15 günlük həbs edildin. Bu mediada, hardasa, türk mediasında da əks-səda doğurdu. Narazılıq yaratdı da, demək olar. Sən özün bu müraciət səbəbilə həbs edilməyi gözləyirdin?

- Açığını desəm, gözləmirdim. Düzdür, bu ehtimal qabağımızda var idi və bizi o qədər də qorxutmurdu. Amma düşünürdüm ki, bu qədər axmaqlıq etməzlər, ən azından yola vermək üçün kiçik bir danışıq şousu düzəldərlər. Onlar isə, özlərinə ən çox zərərli olan yolu seçdilər.

- Həbsindən sonra sosial şəbəkələrdə həmin müraciətə gələn tələbələrin azlığı ilə əlaqədar şikayətlənmə var idi. Səhv etmirəmsə, ümumilikdə 10-na yaxın adam qoşulmuşdu. İştirakçılar da bunun gözləniləndən az olduğunu bildirirdilər. Səncə nə idi bunun səbəbi? Tələbələr qorxurdular, sənin tələbin haqsız idi, ya başqa bir məsələ var?

- Sayın 10-dan az olması fikrinə qoşulmuram, çünki polislərin müdaxiləsi çox erkən başladı və iştirak edəcək kiçik qrupları da çəkindirdi. Amma, təbii ki, eventdə 700-dən çox insanın olmasını nəzərə alanda iştirak çox aşağı oldu. Təxminən 25-30 tələbə olardı, yəqin ki. Qorxurlar, etiraz ənənəsi, etiraz ruhu yoxdur. Amma haqsız deyildik, haqsız olsaq, online dəstək bu qədər yüksək olmazdı.

- Yaxşı, həbsinin nəticəsi oldumu? Ən azından "Tələbə tələbi" bunun vasitəsilə daha çox tələbəyə çata bildi?

- Bəli, "Tələbə Tələbi” həmin 15 gündə indiyə qədərki ən yüksək diqqətə nail oldu. Daha önəmlisi də, cəmiyyət azad bir tələbə platformu ilə tanış oldu. Bu cəhətdən 15 günü boş keçmiş günlərdən saymıram. Deyərdim ki, 18 illik həyatımın ən produktiv 15 gününü keçirdim o kamerada.

- Mövzudan kənara çıxmış olacam, amma pandemiya dövründə təcridxanada vəziyyət karantin tədbirlərinə uyğun idi? Bu barədə fikirlərini bölüşsən çox yaxşı olar.

- İlk gecəni tək adamlıq kamerada, izolyasiya şəraitində keçirəndə düşünmüşdüm ki, yəqin karantinə görədir. Amma 2-ci gün 6 nəfərlik kameraya salındım və digər 14 gün elə keçdi. Havalandırma yaxşı işləmirdi, heç bir qoruyucu maddə, maska və s. yox idi. Yemək paylayanlar, bütün kameralara girən polislər də maskadan və digər qoruyucu vasitələrdən istifadə etmirdilər. Yəni karantin "sıfır” səviyyəsində idi. Əgər 200 nəfərlik binada bir nəfər yoluxsa idi, hamının yoluxması "iki vur iki” olacaqdı.

- Həbsdən çıxdıqdan sonra "Facebook" profilinin oğurlandığını və bu işin Daxili İşlər Nazirliyi ilə əlaqədar olduğunu bildirmişdin. Məsələ nə yerdədi?

- 2 iyulda Facebook-a kimsə mənim şəxsiyyət vəsiqəmin surətini göndərərək profilimi oğurlamağa cəhd etdi, amma "Facebook" erkən davranıb, ümumiyyətlə, profili bağladı. Mən bunu, şəxsiyyət vəsiqəmin surətinin başqa heç kimdə ola bilməyəcəyini əsas gətirərək dövlətlə əlaqələndirdim. Bu sadəcə fərziyyə kimi görünə bilərdi, amma tam eyni cür müdaxilə 23 iyulda Gmail hesabıma da oldu və Google bunu "government-backed attack” (hökumət tərəfindən dəstəklənən hücum - red.) hesab edib mənə xəbərdarlıq göndərdi. Yəni dövlət müdaxiləsini bir növ Google təsdiqləmiş oldu. Biz 50 gün ərzində bəzi vasitəçi dostların da köməyi ilə "Facebook" hesabımı qaytarmağa çalışdıq, amma unikal bir hal baş verdi və "Facebook" bizə kömək etmədi. Məcbur qalıb yeni hesab açdım.

- Bəs bu barədə hüquqi çərçivədə araşdırma aparmaq mümkündü? Bu mövzuda addım atacaqsan?

- Bəli, bu məsələni mühakimələndirmək mümkündür və bu barədə addımlar atacağıq.

- Təhsil nazirliyi universitetlərdə təhsilin distant formada davam edəcəyini açıqladı. Bununla əlaqədar "Tələbə Tələbi" bir bəyanat yaydı. Bəyanatda distant təhsilin uğursuz olduğu ilə bağlı danışılır. Distant təhsilə belə yanaşmanızın səbəbi nədir?

- Distant təhsilin bir neçə əsas uğursuz tərəfi var. Birincisi, internet infrastrukturu bizdə problemlidir. Nəinki rayonda, hətta Sabunçuda və hətta İçərişəhər yaxınlığında yaşayıb infrastruktur probleminə görə yaxşı internet sürətinə sahib olmayan tələbələr var. Bu insanlar üçün hansısa online dərsdə iştirak etmək ciddi problemdir. Ancaq hətta bütün tələbələr iştirak edə bilsə belə, axı bu online dərslər sadəcə mühazirə dərslərindən ibarətdir. O mühazirə dərsləri ki, bir çox inkişaf etmiş ölkələrdə hətta qaib limitinə tabe deyillər. Bir semestrin tamamilə keçirilmiş sayılması üçün mühazirə dərsləri çox az əhəmiyyət daşıyır və buna görə də, distant təhsil praktikada çox mənasız və sadəcə semestr ödənişini almaq üçün yaradılmış bir şeydir. Mühazirəyə online qulaq asmaq yerinə tələbələrə pdf fayllar atılsa, çox daha effektiv olardı hətta. Yəni, distant və online təhsil dediyimiz şeyin uğursuzluğunun bir çox əsası var. Əsas iki problem internet infrastrukturu və sadəcə mühazirə dərslərindən ibarət olmasıdır.

- Özün də tələbəsən. Səncə, universitetilər açılmasa və dərslər distant keçirilsə, bu öyrənmənə, dərslərə, eyni zamanda tələbə həyatına necə təsir edəcək?

- 8 semestrdən 1-ni karantinə qurban vermiş tələbələr bir sonrakı semestri də qurban verəcəklər. Distant təhsil faydasızdır, produktiv deyil, heç bir təhsil vermir. Buna etiraz edəcək tələbə sayı bir əlin barmağını keçməz. Sadəcə seminar dərslərinə qulaq asmaqla ali təhsil almaq olmur. Ali təhsil anlayışı çox başqa anlayışdır ki, o bizdə distant olmayan təhsildə də verilə bilmir, qaldı ki, online formada.

- Çox sağol. Təşəkkür edirəm.

Əhməd İsmayıl