14:02, 20 Aprel 2019 (Şənbə) 625

Rövşən Ağayev: “Azərbaycanda idxal görünməmiş səviyyəyə çatıb”

Rövşən Ağayev: “Azərbaycanda idxal görünməmiş səviyyəyə çatıb”
Dövlət sektorunun idxalı niyə belə sürətlə artır?

Dövlət Gömrük Komitəsinin rəsmi məlumatına görə yanvar-mart aylarında Azərbaycanın xarici ticarət əməliyyatlarının həcmi 7,6 milyard dollar olub. 

Bunun 4,5 milyard dolları ixrac, 3,1 milyard dolları idxaldır. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 37,4 faiz çoxdur.

Azərbaycan üç ayda 155 ölkə ilə ticarət əməliyyatı aparıb, gömrük orqanları büdcəyə 1 milyard 14 milyon manat ödəyib.

İxracın əsas hissəsini yəni 78,8 faizi xam neft və xam neft məhsulları təşkil edib. Bundan başqa 2,2 faizi neft məhsulları, 9,5 faizi təbii qaz, 2,3 faizi meyvə-tərəvəz, 1 faizi plastmassa və ondan hazırlanan məmulatlardır.

İdxalda isə əsas  olaraq maşın, mexanizm, elektrik aparatları, avadanlıqlar və onların hissələri alınıb (18,1%). 

İxracda ən böyük pay Avropa İttifaqı ölkələrinə düşüb(58,5%). Bunun 31,2  faizi isə İtalya ilə olub.

İdxalda isə MDB ölkələri ilk sıradadır. MDB ölkələrinin payı 21,8 faiz, Avropa İttifaqının payı 15,8 faiz, digər ölkələrin payı 62,4 faiz olub. İdxalda Rusiya ilk sıradadır (13,9 %).

Azərbaycanın əsas ticarət tərəfdaşı isə İtaliya olub (19,4%).

Statistikanı şərh edən ekspert Rövşən Ağayev bildirib ki, Gömrük Komitəsinin 3 aylıq xarici ticarət statistikasında diqqəti cəlb edən məqam idxalın indiyədək görünməmiş bir məbləğə çatmasıdır: "İndiyədək heç zaman Azərbaycanın orta aylıq idxalı 1 mlrd. dolları, illik idxalı 10.7 mlrd. dolları ötməyib. İllik yekunla götürdükdə orta rüblük göstəricinin 3 mlrd.dolları ötdüyünü də xatırlamıram. Amma 2019-cu ilin 3 ayı üzrə xaricdən məhsul idxalı 3.135 mlrd. dollara çatıb. Əgər bu temp davam edərsə, illlik idxal 13 mlrd. dollara yaxınlaşacaq”.

Ekspert idxalı artıran əsas səbəbin dövlət sektoru olduğunu deyib: "Belə ki, 2018-ci ilin 3 ayına nisbətən bu ilin 3 ayında idxal 944 mln. dollar (43%) artıb. Bu artımın təxminən 800 mln. dolları (bütün artımın 85%-i) dövlət sektoru hesabına təmin edilib. Əgər artım özəl sektor hesabına olsaydı, belə kəskin artımın idxalda leqallaşma hesabına baş verdiyi ehtimalını düşünmək olardı. Bu ilin 3 ayında bütün idxalın 38%-ni dövlət idxalı təşkil edib. Ötən il həmin göstərici cəmi 17.8% olmuşdu".

Rövşən Ağayev idxalın niyə belə sürətlə artdığına da cavab verib: "Bunun cavabını bir halda bilmək olardı: Gömrük Komitəsi özəl və dövlət sektoru üzrə idxalı mal qruplarını ayrıca təqdim edəydi. Bizdə isə belə statistika aparılmır”.

"Qeyri-neft ixracında elə nəzərəçarpan artım yoxdu. 2018-ci ilin 3 ayında bütün ixracın 10%-dən bir qədər çoxunu qeyri-neft məhsulları təşkil etmişdi (357 mln. dollar), bu il 9%-ə yaxın olub (415 mln. dollar)”, - deyə ekspert bildirib.

Azərbaycan ötən ilin ilk rübü ilə müqayisədə ixrac 43,1 faiz, idxal 33,7 faiz artıb.

Uğur Fərzəli
Toplum Tv