14:30, 28 Noyabr 2018 (Çərşənbə) 725

Sahibkarlara “Yeni il” sürprizi və ya “gizli” iqtisadiyyatın çiçəklənməsinə açılan yol

Sahibkarlara “Yeni il” sürprizi və ya “gizli” iqtisadiyyatın çiçəklənməsinə açılan yol
Azərbaycanda xidməti müqavilə ilə işləyənləri gələn ildən yeni dəyişikliklər gözləyir. 

2019-cu ildən etibarən xidməti müqavilə ilə işləyənlər böyük vergilərlə yanaşı, Dövlət Sosial Müdafiə Fonduna(DSMF) böyük ödənişlər də etməli olacaqlar. 

Belə ki, «Sosial sığorta haqqında» qanuna nəzərdə tutulan dəyişikliyə əsasən, gələn ildən etibarən mülki hüquqi xarakterli müqavilələrlə (yəni xidməti müqavilə ilə) işləyənlər üzrə ödəmə mənbəyindən tutulmaqla gəlirlərinin 25%-i qədər DSMF-ə ödəniş etməli olacaqlar.

İndiyədək bu ödənişlərin məbləği 26 manat  təşkil edirdi.

 Yeni qərar kimlər üçün və hansı şəkildə tətbiq ediləcək? Bu qərar sahibkarlara necə təsirini göstərəcək?

Hüquqşünas Fərhad Mehdiyev Toplum.tv-yə dəyişiklikləri belə izah edib:

"Sahibkarlıq fəaliyyəti üzrə - minimum aylıq əməkhaqqının tikinti və ticarət sahələrində 50 faizi, digər sahələrdə 25 faizi miqdarında; 
- mülki hüquqi xarakterli müqavilələrlə işləyənlər üzrə ödəmə mənbəyindən tutulmaqla gəlirlərin 25 faizi miqdarında; 
- xüsusi notariuslar üzrə -minimum aylıq əməkhaqqının on mislinin 25 faizi miqdarında; 
- müəlliflik qonorarı ödəyən hüquqi və fiziki şəxslər üçün ödəmə mənbəyindən tutulmaqla – hesablanmış qonorar məbləğinin 15 faizi miqdarında; 
- Vəkillər Kollegiyasının üzvləri, sərbəst auditorlar, sərbəst mühasiblər gəlirlərinin 20 faizi miqdarında məcburi dövlət sosial müdafiə fonduna ödəyəcək".
Hüquqşünas deyir ki, belə bir siyasət, xırda sahibkarlara kifayət qədər ağır yükdür. 

İqtisadçı Qubad İbadoğlu isə bildirib ki, bu dəyişikliklər əvvəlki qərarla müqayisədə kifayət qədər böyük artımdır". 

Onun sözlərinə görə, sosial sığorta ödənişlərinin yüksək olması, yəni birdən-birə 26 manatdan 150 manata  qədər artırılması onu göstərir ki, nəticədə şirkətlər və sərbəst işləyənlər arasında xidməti müqavilə qeydiyyatdan keçirilməyəcək:

"Bu,  xidmət işinin gizli  görülməsinə gətirib çıxaracaq. Əslində bu qərar, gizli iş yerlərinin kölgədən çıxarılmasına deyil, kölgəyə salınmasına şərait yaradacaq. Əgər DSMF  normal şəkildə sistemli olardısa, bu vəsaiti ödəyib sonradan həmin vəsait hesabına pensiya almaq imkanları yaradılardı. O zaman da  bu dəyişikliyi etməyə dəyərdi. Amma çox təəssüf ki, ölkədə normal sosial müdafiə sistemi yoxdur və məlum oldu ki, ümumiyyətlə, ödəniş vəsaitləri yoxa çıxır. Yəni qeydiyyata alınmır, uçotda yoxdur, şəxsi hesabda bunu tapmaq mümkün deyil. Belə olan halda bu dəyişikliklər ona gətirib çıxaracaq ki, xidməti müqavilələrin çoxu rəsmiləşdirilməyəcək. Çünki həddindən artıq böyük məbləğdə artımlar yaranır. Düşünürəm ki, bu qədər artımın olması həm sosial baxımdan ədalətsizlikdir, həm də gizli iqtisadiyyatın çiçəklənməsinə gətirib çıxaracaq".

Samirə Əliyeva
Toplum TV