16:10, 06 Sentyabr 2019 (Cümə) 287

Sahibsiz heyvanlara qayğı, yoxsa propoqanda?..

Sahibsiz heyvanlara qayğı, yoxsa propoqanda?..
Hər il dünyada saysız-hesabsız heyvan doğulur və ölür. 

Buradakı saysız ifadəsi boşuna işlədilməyib, çünki sahibsiz heyvanlar dövlət səviyyəsində qorunmadığı və nəzarəti tənzimlənmədiyi üçün konkret bir rəqəm demək mümkün deyil. 

Sahibsiz qalmış küçə heyvanları zəruri həyat şəraitinin çatışmazlığından həm ekoloji , həm də səhiyyə problemləri yaradır.

2007-ci ildə "Ev heyvanlarının mühafizəsi haqqında” Avropa Konvensiyasını ratifikasiya etmiş Azərbaycanda vəziyyət necədir? 

Toplan, İDEA, AARC - bu təşkilatların ilk ikisi Heydər Əliyev Fondu tərəfindən maliyyələşir. 

Sığınacaqların yaradılmasında məqsəd Bakı və ətraf ərazilərdə sahibsiz heyvanların sayının azaldılması, bir sıra yoluxucu xəstəliklərin qarşısının alınmasıdır. 

Son zamanlar "Toplan” təşkilatının öz işini qeyri-insani üsullarla yerinə yetirməsi iddialları sosial şəbəkələrdə geniş müzakirə olunur.



"Alyans" Canlı Aləmin Mühafizəsi İctimai Birliyinin təsisçisi və sədri Mənsurə Rəsulzadə belə hesab edir: "Bu işləri öz üzərinə götürəcək nə potensial və güclü QHT, nə də dövlət qurumu var. Hər kəs bu işə çox savadsız şəkildə yanaşır. Uğursuz nəticələr digərlərini də ruhdan salır”.
 
Mənsurə Rəsulzadə 

Yatmasan, it gəlib səni yeyər!

"Yeməyini ye, yoxsa it gəlib səni aparar” , "yatmasan it səni yeyər” - az qala hər azərbaycanlının uşaqlıqda eşitdiyi sözdür. Valideylərin övladlarını yola gətirmək üçün işlətdiyi bu ifadələr görəsən şüuraltında bizə necə təsir göstərir?

Psixoloq Fuad Əsədov isə deyir ki, beynimizdə heyvanlardan qorxmaq instinkti həmişə mövcuddur: "Çünki bizim babalarımız milyon illər meşələrdə yaşayıblar və onlar üçün ən əsas təhlükə heyvanlar idi. Bir baxımdan yaxşı olan bu hiss bizdə özünümüdafiəni formalaşdırır. Amma bəzən valideynlər bu qorxudan yerli yersiz istifadə edirlər. Uşaqlara "yemək yeməsən, it səni aparacaq" ya da "yatmasan, it səni yeyəcək" kimi təhdidlər edirlər. Bu zaman artıq uşağın gözündə it heyvan olmaqdan çıxır, hər an hər yerdən çıxa biləcək daha dəhşətli bir şeyə çevrilir. Əlbəttə ki, biz uşaqları dünyanın təhlükələri ilə bağlı xəbərdar etməli və özlərini qorumağı öyrətəliyik. Amma hər dəqiqə başı uşaqları nəyləsə təhdid etmək olmaz. Çünki bu zaman həmin təhlükəli obyekt öz real mahiyyətindən uzaqlaşır və hər an çarpayısının altından çıxacaq bir kabusa çevrilir. Hər anını bu şəkildə qorxu ilə keçirən bir uşaq düşünün. O bir müddət sonra öz istəklərini belə dilə gətirməkdən qorxur ki, birdən kimisə hirsləndirər və cəzası it ya da canavar olar. Belə uşaqlarda sevgi duyğusu da çox zəif inkişaf edir. Məsələn, 11 yaşlı bir oğlan pasientim var idi. O, erməni ilə qarşılaşmaqdan qorxurdu. Ona tapşırdım ki, xəyalındakı erməni obrazının şəklini çəksin. O da it başlı insan çəkdi. Səbəbini, yəqin ki, təxmin edə bildiniz. Uşaqlıqdan onda formalaşdırılan it qorxusu böyüdükcə şəklini dəyişmişdi, amma mahiyyət eyni idi". 
 
 
Fuad Əsədov

"Eyni şey digər heyvanlar üçün də keçərlidir. Araşdırmalar göstərir ki, ilan fobiyası olan insanların əksəriyyətində bu qorxunu uşaqlıqda valideynlər formalaşdırıb, yəni hər dəqiqə başı uşağı ilanla təhdid etməklə. Ona görə də bu tip hədələrdən uzaq durmalıyıq”, - o bildirib. 

Dünyada heyvan haqlarına münasibət

İngiltərədə heyvanlar "hiss edə bilən” varlıqlar sayılır. Heyvanın nə qədər doğum etməsi qanunla müəyyənləşir. Heyvan satışı ilə məşğul olan şəxslər lisenziya almaq məcburiyyətindədir və ən kiçik şikayətdə bu lisenziya əllərindən alınır. 

İsveçrədə isə təcrübəsiz insanlar it sahiblənmək istəyirlərsə, sertifikat almalıdır. Bu ölkədə balıq da daxil olmaqla heyvanların tək başına qidalanması yasaqdır. Almaniya konstitusiyasına görə, əgər heyvanlara çəkilişlər əziyyət verərsə, onların kinoya çəkilməsi qəti qadağandır. 

Mətbuatdakı vəziyyət

Televiziyada küçə heyvanları ilə bağlı xoşagəlməz hadisə baş verdikdə xəbərlər "it uşağı yedi”, "kişini itlər parçaladı” kimi başlıqlarla verilir. 

Məsələyə münasibət bildirən heyvan hüquqlarının müdafiəsi üzrə aktivist, ekspert  Elxan Mirzəyev belə hesab edir ki, bu,  yerli nümayəndəliklərin insanların gözündən pərdə asmaq üçün etdiyi propoqandadır. Yol qəzasında ölmək daha çox rast gəlinən və təhlükəki haldır, amma bunun üzərində belə şişirdilmiş şəkildə dayanılmır. Nə zaman ki heyvansevərlər aksiya keçirsə, itlər insanaları parçaladı tip xəbərlər ortaya çıxır. Məsələn, bu ilin aprel-may aylarında it dişləməsi ilə bağlı (Sulutəpədə ərazisində) bir uşağın üz-gözü sarıqlı şəkilləri yayıldı. Əslində isə uşaq itdən qorxub yıxılmış və zədələr almışdı. 
 
 
Elxan Mirzəyev  

Quyruğu, qulağı kəsilmiş itlər

"Ev heyvanlarının mühafizəsi haqqında” Avropa Konvensiyasını ratifkatsiya etmiş Azərbaycan tərəfinin üzərinə düşən öhdəliklər: Ev heyvanlarının xarici görkəmini dəyişmək məqsədilə və ya başqa qeyri-müalicəvi məqsədlərlə keçirilən cərrahiyyə əməliyyatları qadağan edilir, xüsusilə, quyruğun  və qulaqların kəsilməsi, səsin batırılması, dırnaq və dişlərin çıxardılması. Bu qadağalar məsələn, axtalama, yalnız baytarın rəyi və müalicə məqsədi ilə məhdudlaşa bilər".

Ekspert bildirir ki, heyvanlarda belə cərrahi müdaxilə aparılanda bu onların öz arasında sosiyallaşmasına mane olur. Quyruq bulamaq, hürmək heyvanlar üçün ünsiyyət vasitəsidir. Quyruqdan məhrum edilən heyvan öz həmcinsləri ilə ünsiyyətə girə bilmir və təklənir. İnsanlar maariflənməlidir ki, quyruq bulayan it insanlarla dostlaşmaq istəyir. 

Petsşoplar nədir?

Müəyyən bir miqdar qarşılığında evcil heyvan satışının aparıldığı iş yerlərinə verilən ümümi  addır. Adətən it, pişik, quş, dovşan, xamster, kimi heyvanlar satılır. Bu işlə məşğul olanların heyvan baxımından anlayışı olmalıdır. Eyni zamanda  işi görəcək şəxsin heyvanlara qarşı sevgisi mütləqdir. Heyvansevərlər petsşopların olmasını zərərli hesab edir. Çünki belə qurumlar heç də həmişə qanuni yolla fəaliyyət göstərmir. Məsələn, Amerikada petsşop yaratmaq asandır. Cinsi heyvanların çoxaldılması ilə məşğul olan bu qurumlar öz aralarında federasiya yaradırlar. Və heyvanları cinsinə və yarışlarda qazandığı statusa görə kateqoriyaya bölürlər(məsələn Avropa çempionu və s.).

Quduzluq 

İnsan bu virusa çox vaxt itlərdən, bəzən pişiklərdən (həm ev, həm də sahibsiz), onlar isə vəhşi heyvanlardan yoluxur. Yoluxma çox vaxt xəstə heyvanın dişləməsi zamanı onun tüpürcəyi vasitəsilə baş verir. Bu baxımdan baş, əl və qolların zədələnməsi xüsusilə təhlükəlidir. Xəstəliyin ən qızğın dövrü yaz və yay fəsillərinə təsadüf edir. 

Xəstəliyin əlamətləri özünü büruzə verəndə insan öz davranışına nəzarəti itirir və başqaları üçün təhlükə mənbəyinə çevrilir. Bu xəstəliyin inkubasiya dövrü həm qısamüddətli (9 gün), həm də uzunmüddətli olub 40 günədək davam edə bilər. Virus sifəti, boyunu, biləkləri dişləmək yolu ilə orqanizmə daxil olursa, xəstəlik sürətlə yayılır. İnsanlar quduzluğa çox vaxt elementar biliklərinin olmaması, habelə öz sağlamlıqlarına biganə yanaşmaları səbəbindən yoluxurlar. 

Dövlət Baytarlıq İdarəsindən aldığımız məlumata görə, quduzluq üçün vaksinlər pulsuzdur, respublikanın bütün poliklinikalarına müntəzəm paylanır.

Məsələnin həlli yolu

E. Mirzəyev deyir ki, sovet dönəmində heyvanlar küçə və şəhərdən yığışdırılırdı: "Bu zaman Bakıda xəstəliklər, gəmiricilər xeyli yayılmışdı. Bu təcrübə göstərdi ki, hər bir canlının ekosistemdə öz rolu var. Quduzluğun, xəstəliklərin qarşısının alınması üçün heyvanlara zəruri peyvəndlər vaxtında vurulmalı, onların çoxalmasını tarazlamaq üçün dişi heyvanlar qısırlaşdırılmalıdır. Bu zaman insanlar və heyvanlar arasındakı ədavət sevgiyə çevrilər”.

Roza Məmmədova