17:26, 16 May 2019 (Cümə axşamı) 32

Sakinlər: "Yol tikiləndə işlər keyfiyyətsiz aparılıb"

Sakinlər:
Astarada yeni çəkilən dağ yolu bərbad vəziyyətə düşüb.

"Report.az" bildirib ki, uzunluğu 5 km olan və rayon mərkəzindən 40 km məsafədə yerləşən Təxtənəkəran-Miki avtomobil yolu yeni çəkilməsinə baxmayaraq yararsız hala düşüb.

Prezidentinin 2015-ci ildə imzaladığı sərəncamla kəndlərarası avtomobil yolunun yenidən qurulması məqsədilə ümumilikdə 11,5 milyon manat vəsait xərclənib. Yol 2017-ci ilin dekabrında istifadəyə verilsə də, uzun illər yolsuzluqdan əziyyət çəkən əhali yenidən problemlərlə üzləşib.

Hazırda yolda torpaq qatı sürüşərək hərəkət zolağını azaldıb, avtomobillərin hərəkəti çətinləşib. Bu isə nəqliyyat vasitələri və sərnişinlər üçün təhlükə yaradır. 

Kənd sakinlərinin sözlərinə görə, ötən il yolda müəyyən bərkitmə işləri görülsə də, bu, təsirsiz olub. Yolun dağılmasına yağan yağıntılar səbəb olsa da, sakinlər işlərin keyfiyyətsiz aparılmasından gileylənirlər. 

Sakinlər sözlərinə görə, yolun yatağı zəifdir, buna görə də yağıntı nəticəsində erroziyaya uğrayıb. Bundan əlavə, suötürücü qurğular da sıradan çıxdığından sel suları yolun üst hissəsi ilə axaraq dağıntılara səbəb olur.

Astara rayon Siyəkü Kənd Bələdiyyəsindən vəziyyətlə bağlı aidiyyəti qurumlara məlumat verildiyi və müvafiq tədbirlərin görüləcəyi deyilir.