11:40, 17 May 2019 (Cümə) 117

Samir Şərifov: “907-ci düzəliş aradan qaldırılsa münasibətlərimiz daha da inkişaf edər”

Samir Şərifov: “907-ci düzəliş aradan qaldırılsa münasibətlərimiz daha da inkişaf edər”
Bakıda Azərbaycan-ABŞ İqtisadi Əməkdaşlıq Komissiyasının 4-cü iclası işə başlayıb.

Tədbirdə çıxış edən maliyyə naziri Samir Şərifov sonuncu iclasında 7 il bundan əvvəl keçirildiyini xatırladıb.

"İnanıram ki, bundan sonra bu cür tədbirlər mütəmadi keçiriləcək”, - deyə nazir qeyd edib.

S.Şərifovun sözlərinə görə, bu günə qədər ABŞ Azərbaycana 13,3 mlrd. dollar, Azərbaycan isə ABŞ-a 8,2 mlrd. dollar investisiya yatırıb. Ötən il ABŞ-ın Azərbaycana ixracının dəyəri 530 mln. dollar, Azərbaycanın ABŞ-a ixracının dəyəri isə 33 mln. dollar təşkil edib.

"Bu rəqəmlər daha yüksək ola bilərdi. İki ölkə arasında əməkdaşlıq genişləndirilməlidir. Azərbaycan ABŞ-ın Qafqaz regionunda ən böyük tərəfdaşıdır. Xəzər dənizindəki neft-qaz yataqlarının işlənilməsi və karbohidrogen ehtiyatlarının dünya bazarına nəqlində ABŞ Azərbaycana hər zaman dəstək olub. Bu gün ABŞ-ın Cənub Qaz Dəhlizi layihəsinin həyata keçirilməsində verdiyi dəstək əvəz olunmazdır. Bununla belə, iki ölkənin siyasi və iqtisadi əlaqələrinə kölgə salan məsələlər də mövcuddur. Məsələn, 907-ci düzəliş aradan qaldırılsa, Azərbaycan-ABŞ münasibətləriu daha da inkişaf edər. Buna və ABŞ-ın Dağlıq Qarabağ münaqişəsində Azərbaycanın haqlı mövqeyini dəstəkləyəcəyinə ümid edirik”, - deyə nazir qeyd edib. 

Mayın 17-də Bakıda Azərbaycan-ABŞ İqtisadi Əməkdaşlıq Komissiyasının 4-cü iclası keçirilir. Gündəliyə iki ölkə arasında ticarət əlaqələrinin inkişafı və gücləndirilməsi, investisiya imkanları, Azərbaycanda həyata keçirilən iqtisadi islahatlar, habelə turizm, vergi, gömrük, kənd təsərrüfatı, ərzaq təhlükəsizliyi, əmək məsələləri, əqli mülkiyyət və digər sahələrdə əməkdaşlığa dair məsələlər daxil edilib.

İclasda, həmçinin Azərbaycan və Birləşmiş Ştatlar arasında iqtisadi tərəfdaşlığın mövcud vəziyyəti, komissiyanın 3-cü iclasından sonrakı dövrdə görülmüş işlər və əlaqələrin genişləndirilməsi perspektivləri müzakirə olunacaq.

İclasda iştirak etmək üçün ABŞ Dövlət Katibinin İqtisadiyyat və Biznes Məsələləri üzrə köməkçisinin birinci müavini Peter Haasın başçılıq etdiyi nümayəndə heyəti Bakıya gəlib..