18:10, 28 Mart 2020 (Şənbə) 733

Satıcı: “90-cı illərdə olduğu kimi insanlar günlərlə un növbəsi gözləyir”

Satıcı: “90-cı illərdə olduğu kimi insanlar günlərlə un növbəsi gözləyir”
Koronavirus pandemiyası ölkə ərazisində yayıldıqdan sonra bəzi məhsullarda qıtlıq yaranıb. 

Daha əvvəl apteklərdə tibbi spirt və maska tapılmadığı haqqında şikyətlər daxil olurdu. Bu dəfə isə un qıtlığı ilə bağlı məlumatlar yayılıb.

Hazırda Toplum Tv-nin Goranboy rayon muxbiri bildirir ki, un qıtlığı bu rayonda ciddi hal alıb.

Goranboy rayonunda yerləşən adını bildirmək istəməyən marketin satıcısı bildirir ki, insanlar bir kisə un almaq üçün dəyirmanların qabağında günlərlə növbə gözləyirlər: "Koronavirusa görə indi hamı narahatdı. Deyirlər ki, xaricdəki kimi bizdə də ərzaq qıtlığı olacaq, imkanı olan 3-4 aylıq ərzaq ehtiyyacını alıb evində saxlayır”. 

Satıcı bildirir ki, ölkədə xüsusi karantin rejimi elan olunandan sonra müştərilər ən çox meyvə-tərəvəz, un, makaron, ət, yağ, sabun, şampun,yuyucu toz, salfet, alır: "İnsanlar narahatdır, biz də çalışırıq müştərilərin tələbatını ödəyək amma bəzi məhsulları çatdıra bilmirik. Çalışırıq müştərilərimizin tələbatını ödəyək amma bəzi şeylər bizdən asılı deyil. Götürək elə un və un məmulatlarını”. 

"Əvvəllər müştərilər gəlib çörək alırdı indi müştərilər çörək almaqdan ehtiyyat edirlər. Hazır çörək alıb evlərinə aparmaq istəmirlər. İstəyirlər ki, unu alıb çörəyi öz evlərində bişirsinlər. Alıcıların çoxu gəlib un axtarır”, - deyə market satıcısı qeyd edib.

Satıcı bildirir ki, unu şirkətlərdən alıb müştərilərə satdıqları üçün, bu qıtlığın həlli onlardan asılı məsələ deyil. 

O bildirib ki, əvvəllər 1 ayda 40-50 kisə un satırdıqsa, indi hər gün 75-80 nəfər gəlib un istəyir: "Şirkətlərə, dəyirmanlara müraciət edirik ki, bizə əlavə un göndərin. Bəzi şirkətlər tələbatı ödəmək üçün gecə-gündüz çalışır, bəziləri isə aparatların sıradan çıxdığını iddia edib məhsul satışını dayandırıblar. Məsələn "Azəri-Arapoğlu” LTD. Məhsulları da keyfiyyətlidir. Bilmirəm niyə imtina edirlər satışdan. Ola bilsin ki, qiymətlərin artmasını gözləyirlər. Şirkətə zəng etdik ki, un göndərin. Dedilər aparatlarımız sıradan çıxıb. Məhsul istehsal eləyə bilmirik”.

Satıcı deyir ki, dəyirmanların qabağında vəziyyət daha pisdir: "90-cı illərdə olduğu kimi insanlar dəyirmanların qabağında günlərlə un növbəsi gözləyir ki, bir kisə un alıb evlərinə aparsınlar”.

Yaranmış vəziyyətlə bağlı "Azəri-Arapoğlu” LTD ilə dəfələrlə əlaqə saxlamağa çalışsaq da zənglərimiz cavabsız qalıb. Ölkədə fəaliyyət göstərən bir çox topdan və pərakəndə satış mərkəzləri, market və marketlər şəbəkələri ilə əlaqə saxladıqda vəziyyətin bütün ölkədə oxşar olduğunu deyildi.

Bir müddət öncə İqtisadiyyat naziri Mikayıl Cabbarov çıxışında bildirmişdi ki, ölkənin kifayət qədər ərzaq ehtiyatı var. Lakin buna baxmayaraq, insanların koronavirus səbəbi ilə narahatlıq keçirdiyinin, market və satış mərkəzlərinin müştərilərin tələbatlarını ödəməkdə çətinlik çəkdiyini hiss etmək mümkündür.

Hazırda Azərbaycanda 147 nəfər aktiv koronavirus xəstəsi həkim nəzarəti altındadır, onlardan 6 nəfərin vəziyyəti ağır, 11 nəfərin vəziyyəti isə orta ağır qiymətləndirilir.

Azərbaycanda 3 nəfər koronavirusa görə ölüb. 15 nəfərin sağaldığı deyilir. Ümumilikdə, indiyədək CoVİD-19 infeksiyasına yoluxanların sayı 165-dir.

Nazirlər Kabineti yanında Operativ Qərargahın 27.03.2020 tarixli açıqlamasına əsasən, 29 mart saat 00:00-dan etibarən Azərbaycanda Xüsusi karantin rejimi gücləndiriləcək.

Şahbanu
Goranboy-Bakı-Goranboy