19:27, 21 May 2019 (Çərşənbə axşamı) 80

Sayğın Rüstəmli: "Bu, bütöv bir nəslin repressiyasıdır, insanların gözünü qorxutmaqdır"

Sayğın Rüstəmli:
Gədəbəyin keçmiş icra başçısı, AXCP-yə maliyyə göndərməkdə ittiham edilən Saleh Rüstəmli 7 il 3 ay azadlıqdan məhrum edilməklə yanaşı, onun bacı-qardaşlarının, onların övladlarının əmlakları da müsadirə olundu. İndi isə məlum olub ki, S.Rüstəmlinin qardaşlarının ölkədən çıxışına da qadağa qoyulub.

Ölkədən çıxışına qadağa qoyulan qardaşlardan Taleh Rüstəmovun oğlu Sayğın Rüstəmli Meydan TV-yə bildirib ki, əmisinin həbsindən sonra bütün Rüstəmov qardaşlarının fəaliyyəti, əmlakı ilə bağlı araşdırmalar başlayıb:

"Mənim atamla əmim Valeh Rüstəmov uzun illərdir şərikli işləyirlər. Onlar təxminən 15 il öncə un ticarətilə məşğul olanda qanunvericilikdə dəyişiklik edilib. Onların bu dəyişiklikdən xəbəri olmayıb. O ərəfədə vergi yoxlamasında bunu nöqsan kimi qeyd ediblər, buna görə obyektin bəzi avadanlıqlarını da müsadirə ediblər. Təsəvvür edin, 15 il öncə olub-bitmiş bir hadisəni yenidən üzə çıxarıb, atama, əmimə qarşı istifadə ediblər. Məqsəd əlbəttə ki, Saleh Rüstəmovun qardaşlarını da cəzalandırmaqdır. Halbuki, Saleh Rüstəmov 90-cı illərdən Rusiyada yaşayır, onun qardaşlarının yaşayışına, işə heç bir təsiri, aidiyyəti olmayıb".

Taleh və Valeh Rüstəmov qardaşlarının hər birinin üzərinə yenidən vergi borcu, paralel də ölkədən çıxışlarına qadağa qoyulub. Sayğın Rüstəmli deyir ki, əmisi Valeh Rüstəmov artıq həmin məbləği ödəyib, buna baxmayaraq, ölkədən çıxış məhdudiyyəti götürülməyib.

Ötən ilin mayında S.Rüstəmlidən iki gün sonra həbs olunan, əmisinin göndərdiyi vəsaiti AXCP funksionerlərinə çatdırmaqda ittiham olunan qardaşı oğlu Vidadi Rüstəmli də ölkədən çıxa bilmir. Çünki o, 9 ay həbsdən sonda bu ilin fevralında azadlığa buraxılsa da, üzərində şərti cəza var: "Vidadinin həm evi müsadirə olunub, həm də üzərində üç il sınaq müddəti olmaqla, 7 il 6 ay şərti cəza var".

S.Rüstəmli atasına, əmilərinə və onların övladlarına qarşı baş verənləri repressiya kimi qiymətləndirir: "Bu, bütöv bir nəslin repressiyasıdır. Məqsəd insanların gözünü qorxutmaqdır".

Rusiya vətəndaşı olan və ötən il mayın əvvəlində Azərbaycana gələn S.Rüstəmli mayın 8-də narkotik ittihamıyla həbs olunub. İki gün sonra onun qardaşı oğlu Vidadi Rüstəmli də eyni ittihamla həbs edilib. Mayın 25-də isə AXCP üzvləri Aqil Məhərrəmli, Babək Həsənov və Ruslan Nəsirli həbs edilib. Həm S.Rüstəmligilə, həm də cəbhəçilərə qanunsuz sahibkarlıq, cinayət yoluyla əldə olunmuş vəsaitlərin leqallaşdırılması ittihamları verilib. İddia olunur ki, S.Rüstəmlİ Rusiyadan AXCP-yə 712 min manat pul göndərib.

Adları çəkilən şəxslərin heç biri özünü təqsirli bilmir. S.Rüstəmli bildirib ki, AXCP üzvü olub, 1998-ci ildən ailəsilə Rusiyaya köçərək, kiçik bizneslə məşğul olub. Son iki-üç ildə qazancından Azərbaycanda siyasi məhbus ailələrinə yardım edib. Onun sözlərinə görə, indiyədək göndərdiyi ümumi məbləğ 10 min dollardan çox olmaz.

Bu həbslərdən sonra AXCP sədri Əli Kərimli də bənzər açıqlama verərək bildirib ki, S.Rüstəmli ilə uzun illərdir dostdur. Onun sözlərinə görə, S.Rüstəmli 500-1000 dollar olmaqla, bir neçə dəfə yardım göstərib: "Ümumi məbləğ təxminən 5-6 min dollar olar".

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmüylə S.Rüstəmli 7 il 3 ay, A.Məhərrəmli 4 il, B.Həsənov isə 3 il azadlıqdan məhrum edilib. V.Rüstəmli və R.Nəsirliyə isə şərti cəza verilib.

S.Rüstəmlinin bacı və qardaşlarına, onların övladlarına məxsus xeyli əmlak müsadirə olunub.