17:15, 17 Oktyabr 2020 (Şənbə) 57

Səfir: “Tehran Qarabağ məsələsində neytral mövqe tutur”

Səfir: “Tehran Qarabağ məsələsində neytral mövqe tutur”
İran İslam Respublikasının Moskvadakı səfiri Kazem Cəlali "İnterfax” agentliyinə müsahibə verib.

Jurnalistin "Dağlıq Qarabağ məsələsində İranın mövqeyi necədir? Həqiqətənmi Rusiya və Türkiyə ilə birlikdə vasitəçilik etməyə hazırsınız? İranın ATƏT-in Minsk qrupunun fəaliyyətindən narazı olması doğrudurmu?” sualına səfir aşağıdakı cavabı verib.

"Biz iki qonşumuz arasında sülhün tərəfdarıyıq və hesab edirik ki, bu müharibə hər iki ölkənin xalqlarına olduğu kimi, regiondakı bütün xalqlara ziyan vura bilər. Ona görə də İran İslam Respublikası bu mövzuda öz neytrallığını saxlamaqla hər iki qonşumuzun məsul şəxslərilə çox fəal işləyir. Biz onları təmkinlərini saxlamağa çağıraraq zəruri səylər göstəririk. 

İkincisi, biz iki ölkə arasında kompromisə gətirib çıxaracaq təşəbbüsləri alqışlayırıq - məsələn, prezident Putinin vasitəçiliyi ilə Rusiyanın irəli sürdüyü, Azərbaycan və Ermənistanın xarici işlər nazirlərinin Moskvaya gələrək danışıqlar aparmasına səbəb olan təşəbbüsü. 


Üçüncü məqam ondan ibarətdir ki, bu və ya digər şəkildə sülhə vəsilə olacaq təşəbbüsləri də biz alqışlayırıq.


Müxtəlif variantlar mövcuddur: bəziləri deyirlər ki, İran, Rusiya və Türkiyənin Astana formatı modelində təminatçı ölkə kimi vasitəçilikləri məqbuldur. Ya da başqa modellər, tutalım, ATƏT-in Minsk qrupu və  İranla Türkiyə arasında müəyyən işbirliyi və digər təkliflər. Bu təkliflər öyrənilməli və nəzərdən keçirilməlidirlər. Düşünürük ki, bu təkliflər effektli olmalı, son nəticədə Azərbaycan və Ermənistan arasında sülhə aparıb çıxarmalıdır”.