14:20, 10 İyun 2019 (Bazar ertəsi) 125

Səhiyyə naziri jurnalistin həbsini istəyir

Səhiyyə naziri jurnalistin həbsini istəyir
İyun 10-da səhiyyə naziri Oqtay Şirəliyevin şikayəti əsasında jurnalist Teymur Kərimovun məhkəməsi keçirilib.

Nəsimi Rayon Məhkəməsində hakim Babək Pənahovun sədrliyi ilə keçirilən prosesdə jurnalistə elan edilib ki, ona qarşı Cinayət Məcəlləsinin 147.2 və 148-ci (böhtan və təhqir) maddələrilə iddia qaldırılıb. 

Nazir xüsusi ittiham qaydasında qaldırdığı iddia ərizəsində T.Kərimova bu maddələrdəki maksimum cəzanın verilməsini istəyir. Maksimum cəza isə 3 il azadlıqdan məhrumetmədir.

Bundan əvvəl jurnalistə qarşı Səhiyyə Nazirliyi tərəfindən xüsusi ittiham qaydasında iddia qaldırılmışdı. Lakin T.Kərimovun vəkilləri sözügedən iddianın icraata götürülməsinə etiraz etmişdilər. Bildirmişdilər ki, Səhiyyə Nazirliyi hüquqi şəxsdir, o, xüsusi ittihamçı qismində tanına bilməz. Çünki şərəf və ləyaqət fiziki şəxsə aid anlayışlardır.

İyunun 10-da həmin iddia ilə bağlı qərar açıqlanıb. Vəkillərin vəsatəti təmin edilib - iddia ərizəsinə baxılması mümkün sayılmayıb.

Teymur Kərimovun "ToplumTv"yə bildirib ki, məhkəmə onun lehinə qərar verərək işi icraata götürməyib:
"Amma Oqtay Şirəliyev yenə məni məhkəməyə verib. Bu dəfə məhkəmə prosesi iyunun 14-də, saat 3-ə təyin olunub".

Teymur Kərimov deyir ki, bu məsələ ilə bağlı ona bəzi zənglər daxil olub.

"Mənə zəng edib deyirlər ki, Oqtay Şirəliyevlə barışıq əldə edin, o da şikayətini geri çəksin. Amma mənim anam öldü. Bəlkə məni tutacaqlar, amma Oqtay Şirəliyev istifa verənə qədər mübarizəyə davam edəcəm".

Mayın 18-də Səhiyyə Nazirliyinin qarşısında aksiya keçirən jurnalist bildirib ki, dövlət xəstəxanasında anasının müalicəsi üçün ondan tələb olunan rüşvəti verməli olub. Amma artıq dərmanları almağa pulu yoxdur. Ona görə də nazirliyin qarşısında soyunaraq, paltarlarını satışa çıxarır.

Səhiyyə Nazirliyindən şikayətçi olan, xəstəxalanarda onlardan rüşvət tələb olunduğunu iddia edən başqa şəxslər də jurnalistə dəstək məqsədilə məhkəmədə iştirak edib.

Jurnalistin anası iyunun 7-də vəfat edib.
 
Əbülfət Baxşəli