10:26, 25 Mart 2020 (Çərşənbə) 392

Şəkidə tibbi maska və spirt qıtlığı yaranıb

Şəkidə tibbi maska və spirt qıtlığı yaranıb
Şəki rayonunda tibbi maska va tibbi spirt qıtlığının yarandığı bildirilir.

Bu barədə Toplum TV-nin bölgədəki müxbiri xəbər verib.

Məlumata görə, son bir həftədə tibbi spirt və maska tapmaq çətinləşib.

Şəhər sakinləri bildirib ki, saat 11:00-dan sonra apteklərdə nə tibbi spirt, nə də ki tibbi maska tapmaq olur. 

Aptekdə çalışan işçilər də vətəndaşların sözlərini təsdiqləyib.

Aptek işçisinin dediyinə görə, gün ərzində 1 paket tibbi maska gəlir və paketdə 50 ədəd olur, o da saat 10-a qədər tükənir: "Apteklərin bəzilərində hətta bir həftədir ki, tibbi maska və spirt gəlmir".

Məsələ ilə bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi ilə (TƏBİB – Qaynar xətt 1542) əlaqə saxlamaq mümkün olmayıb. Səhiyyə Nazirliyindən isə bildiriblər ki, Şəki rayonuna İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi baxır, nazirlik bununla bağlı hər hansı məlumat verə bilməz. 

Fevral ayında Çində yaranan Covid-19 (koronavirus) virusu digər ölkələr kimi Azərbaycanda da yayılıb. 

Virusdan qorunmaq üçün insanlar tibbi maska və tibbi spirtlərə üz tutublar.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, 24 martda ölkə üzrə 15 yeni koronavirus infeksiyasına yoluxma halı baş verib və bununla da xəstəxanalarda müalicə alan aktiv  koronavirus xəstəsi sayı 76 oldu. 6 nəfərin vəziyyəti isə orta-ağır qiymətləndirilir.

Vüsal Süleyman
Şəki-Bakı-Şəki