17:18, 03 Dekabr 2019 (Çərşənbə axşamı) 175

Sərnişin avtobusları niyə gecikir?

Sərnişin avtobusları niyə gecikir?
Mais Ağayev: "Həmin marşrut xəttində 22 avtobus hərəkət edir"

"Əvvəllər burda digər avtobusdan düşüb 2-ni gözləyirdim. Bir-iki dəfə işə gecikəndən sonra tərgitdim minməyi”.

Bunu ToplumTV-yə 2 nömrəli avtobusun sərnişinlərindən biri deyib.

2 nömrəli şəhərdaxili avtobusun digər şərnişinləri də avtobus qarfikində yaranan gecikmələrdən və sıxlıqdan narazıdırlar. 
 
 
  
"Ya heç gəlmir, gələndə də iki-iki gəlir”

Onların dediyinə görə, müxtəlif səbəblərə görə bu marşrutun qrafikində yaranan gecikmələr 20 dəqiqəyə kimi uzana bilir. 
 
 
 
"1 saat gəlməyini gözləyirsən, gələndə də minmək olmur”

Daha çox pik saatlarda yaranan gecikmələr, adi vaxtlarda da özünü göstərir. 
 
Sərnişinlər avtobusdakı sıxlıqdan da narazıdırlar, onların dediklərinə görə dəqiqələrcə avtobusun gəlməyini gözləyirlər, amma gələn avtobusdakı sıxlıq səbəbilə avtobusa ya minməkdə çətinlik çəkirlər, ya da sürücülərin sıxlıq səbəbilə minik üçün nəzərdə tutulan qapını açmadığını deyirlər.
 
 
Bu səbəblə, avtobusun qrafikində baş verən gecikmələrini araşdırmaq üçün Mərkəzi Bankın qarşısındakı dayanacaqda qrafiki izlədiyimiz 1 saatdan artıq müddətdə qrafikin 12 dəqiqə ilə 20 dəqiqə arasında dəyişdiyini gördük, bəzən isə bu rəqəm 4 dəqiqə təşkil edirdi.
 
Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev ToplumTV-yə bildirib ki, gecikmələr əsasən tıxaclar və sıxlıqla bağlıdır. 
 


Marşrut xəttində 22 avtobusun hərəkət etdiyini deyən Mais Ağayev avtobuslar arasındakı hərəkət intervalının 7 dəqiqə olaraq müəyyənləşdirildiyini bildirib: "Sıxlıq yaradan süni amillər var, onlar aradan qalxmalıdır. Bununla bağlı hər dəfə cəmiyyətə çağırış edirik. Biz bu gün deyirik ki, avtobuslar gecikir, avtobuslarda sıxlıq yaradan amillər var. Bütün bunların olmaması üçün artıq həyəcan siqnalı çalmışıq. Bizim vaxtikən irəli sürdüyümüz, lakin cərimə sistemlərinin normal işləmədiyi üçün mövcud olunmayan avtobus zolaqları layihəmiz var”.

O, bu sistemin artıq tətbiq olunduğunu deyir: "Cərimələri müvafiq qurumlar, əsasən də Dövlət Yol Polisi həyata keçirir. Amma hələ ki, istədiyimiz nəticə yoxdur. Əgər avtobusların ayrıca zolaqları olarsa, təbii ki, onda heç biri sıxlıqda, tıxacda qalmadan hərəkət edəcək”.

Elməddin Şamilzadə