18:46, 11 İyul 2019 (Cümə axşamı) 124

Sevinc Vaqifqızı: "Seçkiləri saxtalaşdıran şəxsdən üzr istəyə bilmərəm"

Sevinc Vaqifqızı:
İyulun 11-də  Binəqədi Rayon Məhkəməsində jurnalist Sevinc Vaqifqızının işinə baxılıb.

Məhkəmədə iddiaçının nümayəndəsi kimi Elmira Alandarovanın həyat yoldaşı Rasət Pirisoy və vəkili iştirak edib. 

Hakim Emin Əliyev tərəflərə barışma təklif edib və iddiaçı tərəfin nümayəndəsi jurnalistin iddiaçı şəxsdən üzr istəməsini istəyib.  

Sevinc Vaqifqızı isə bildirib ki, seçkilərin saxtalaşdırılmasında iştirak edən insanla barışa və üzr istəyə bilməz.

Məhkəmə müəyyən ekspertizaların təyin olunması məsələsinə baxıb və jurnalistin vəkili Zibeydə Sadıqova şahidin dindirilməsi barədə vəsatət qaldırıb.

Məhkəmə işinə növbəti baxış avqustun 5-nə təyin edilib.

Sevinc Vaqifqızı ötən il növbədənkənar prezident seçkisi haqda reportaj hazırlayıb. 

Reportajda  251 nömrəli məktəbin direktor müavini Elmira Alandarovadanın  insanları müxtəlif istiqamətlərə yönəltdiyi  göstərilib. Bir il sonra jurnalist məhkəməyə verilib. 

İddia edilir ki, videosüjetdə Alandarovanın şərəf və ləyaqəti alçaldılıb. 

Tələb kimi həmin süjetin Meydan TV və Azadlıq qəzetinin səhifələrindən silinməsi, üzrxahlıq edilməsi və dəymiş mənəvi zərərə görə Elmira Alandarovaya 2500 manat məbləğində kompensasiya ödənilməsi irəli sürülüb.

Şəhla Abbas