21:36, 13 Avqust 2019 (Çərşənbə axşamı) 722

“Səyahətin məzmunu Parisə gedib Eyfeldə şəkil çəkdirmək deyil” - MÜSAHİBƏ

“Səyahətin məzmunu Parisə gedib Eyfeldə şəkil çəkdirmək deyil” - MÜSAHİBƏ
Müsahibimiz gənc səyahətçidir. Səyahət etməyə erkən yaşlarından marağı yaranan bu gənc sonradan bu hobbisini xeyli inkişaf etdirib. 

İndi özünün səyahət bloqu da var. Biz onunla səyahət həvəsi, gördükləri, öyrəndikləri mövzusund danışdıq.

- Özünüz haqqında məlumat verin, zəhmət olmasa.

- Mən Rauf İsmayılov Bakı Mühəndislik Universitetində təhsil alıram. 3-cü kurs tələbəsiyəm, 20 yaşım var. Part-time travelerəm.

- Hansı ölkərə baş çəkmisiniz?

- Gürcüstan, Türkiyə, Makedoniya, Albaniya, Monteneqro, Bosniya, Serbiya, Polşa, Rusiya, Ukrayna, Belarus, Moldova.

- İlk səyahət necə başladı?

- Ölkədən kənara ilk dəfə 15 yaşımda valideynlərimlə çıxmışdım. Onlarla aramda yaş fərqi olduğundan bu səfər maraqlı və əyləncəli deyildi. Həmin vaxt mən özümə hədəf qoydum ki, 18 yaşım tamam olan kimi xarici pasport alacağam və müstəqil səyahətə başlayacağam. Deməli, mart ayında 18 yaşım tamam oldu, apreldə artıq xarici pasportum hazır idi. Mayda isə Makedoniya, Albaniya, Monteneqro, Bosniya səfəri üçün biletlərim alınmışdı.
 


- Valideynlərinizin narahatlığına necə su səpdiniz?

- İlk səyahətdə dostum yanımdaydı deyə çox problem etmədilər. Amma səyahətlərə tək davam edəndə sənə nəsə edərlər, başına iş gələr və s. narahatlıqlar artmağa başladı. Bu vəziyyət bir azərbaycanlı ailəsi üçün tipik olduğundan məsələni sülh yolu ilə həll etməyə çalışdım. Səyahət öncəsi planlarımı danışaraq, təhlükəsiz yerlərə gedəcəyimi və eyni zamanda gecə gəzintilərinə üstünlük verməyəcəyimi bildirəndə, valideynlərim nisbətən rahatlayırdılar.

- Səyahət edərkən hansı çətinliklərlə üzləşirsiniz?

- Adətən, ünsiyyət və dil problemi ilə daha çox qarşılaşıram. Çünki hər ölkənin ingilis dilini bilmə səviyyəsi eyni deyil. Bəzi ölkələrdə turistlərə pul mənbəyi kimi baxdıqlarından qiymətlər minimum 2 dəfə qalxır, bəzən bu xoşagəlməz olur. 

- Qarşılaşdığınız gözlənilməz hadisə. 

- İlk dəfə Makedoniyaya uçanda gecələyəcəyimiz hosteli tapmaq üçün bir xeyli əlləşmişdik. Ərazi xəritədə görünmürdü, insanlar ingiliscə bilmirdilər. Bir neçə saat əlləşdikdən sonra hosteli tapdıq, ancaq bu zaman əlimizdəki pizzalar artıq soyumuşdu. Yorğunluq, deyinən dost, ağır bel çantası bizi bir xeyli əldən salmışdı.

- Bəs çox maraqlıdır ki, ilk dəfə üçün nə əcəb tura üstünlük vermədiniz?

- Düşünürəm ki, turların bizə təklif edəcəyi əsas xidmət rahatlıqdır. Xidmət də, təbii ki, əlavə pul deməkdir. Bunu özümün də edə biləcəyimi düşünürəm. Düzdür, bir az riskli tərəfi var, məsələn: ilk dəfə bilet almaq , hostel bron etmək. Amma ən sonda pulum cibimdə qalır.

- Səfər üçün fikrinzdə planladığınız rəqəmlərlə xərcləriniz üst-üstə düşürmü?

- Tələbəyəm və eyni zamanda işləyirəm. Həmişə belə olur ki, 9 ay pulu yığıram, yayı isə onu xərcləyirəm. Xərclər qabaqcadan planlandığından həmişə qayıtdıqdan sonra pulum artıq qalır.

- Xərcləriniz bir ölkə və ya şəhər üçün nə qədərdir?

- Xərclər adətən ölkədən ölkəyə dəyişir. Əgər siz Fransaya gedəndə yol üçün 20 manatınız çıxırsa, Gürcüstan üçün bu məbləğ 5 manat ola bilər. Tranport xərclərini də nəzərə alsaq, 3-4 şəhəri gəzmək üçün mənə 100 dollar bəs edər.
 


- Sizcə, Azərbaycanı necə kifayət qədər gəzə bilmisiniz?

- Bu ən utandığım mövzulardan biridir. İndiyə qədər 10 ya 11 şəhərdə olmuşam. İstərdim ki, bir ay da öz ölkəmizi tam gəzmək üçün xərcləyim.

- Getdiyiniz ölkələrin insanları Azərbaycanı nə ilə tanıyırlar?

- Təbii ki Rusiya, Gürcüstan, Türkiyə, Ukrayna kimi qonşu ölkələr tanıyır. Əsasən də Euravision mahnı yarışmasıyla tanıyırlar.

- Bəs əgər Azərbaycanı heç tanımırlarsa?

- İlk dediyim şey Rusiyanın altındakı o balaca ölkə bizik. Ya da Türkiyə ilə qonşuyuq. Muğam və milli yeməklərdən xüsusilə danışıram.

- Belə bir fikir formalaşıb ki, xaric ölkəmizdən daha sərfəlidir. Sizcə, doğrudurmu?

- Məncə, nisbətən doğrudur. Bizim yerli istirahət zonalarında suyun belə qiyməti çox bahadır. Şahdağda bir həftəyə xərclədiyiniz pulun üstünə 100 manat da qoysanız, rahatlıqla Türkiyədə Uludağda dincələ bilərsiniz. Verdikləri servis də həmin qiymətə dəymir. Cüzi qiymət fərqi ilə qonşu ölkələrdə də əylənmək olar.

- Sizcə, digər ölkələrlə Azərbaycan arasında hansı fərqlər var?

- Mənə görə əsas fərqlərdən biri insanların düşüncə tərzindədir. Bizdə insanlar digərlərinin geyim və davranışını mühakimə etdiyi halda orda insanlar bu mövzuda daha rahatdırlar. Məsələn bizdə nəqliyyatda, yolda  yaşlı insanlara yer verildiyi halda onlarda yaşlı olmaq bunun üçün əsas göstərici deyil.  Yol mədəniyyəti xaricdə daha yüksək səviyyəli olduğundan onlar hər zaman eskalatorun sağında dayanırlar, sol tərəfdə keçid üçün boş qalır.

- Avtostop təcrübəniz haqqında danışın.

- Bu vasitə bizim ölkəmiz üçün elə də yayğın deyil. Avsotopda ilk qayda magistral yolda dayanmaq olmaz. Məncə bunu hamı bilməlidir. Avtostop mədəniyyəti ölkədən ölkəyə dəyişir. Məsələn, getdiyiniz ölkədə bu mədəniyyət formalaşıbsa, yolda saatlarla maşın gözləməyəcəksiniz. Avtostopda da cinsi ayri-seçkilik var. Qadınlar sürücülərin gözündə daha təhlükəsiz olduğundan onları maşına daha tez götürürlər. Üstəlik, səyahətə qadınla çıxdıqda, çox güman, nəqliyyatı daha tez tapacaqsınız. Avsostopun ən yaxşı cəhəti yol xərcinin cibində qalmasıdır. Normal avtobusda  yolu qulaqcıqla mahnılara qulaq asa-asa getdiyin halda, avtostop zamanı maraqlı söhbət, fikir mübadiləsi olur. Hətta sürücüylə dostlaşmaq mümkün olduqda o gecələmək üçün sizi evə də dəvət edə bilər.
 


- Səyahət etmək sizə nə qazandırır?

- Səyahətin duyğusu yaşanmadan izah edilə bilmir. Səyahətin məzmunu Parisə gedib, Eyfeldə şəkil çəkdirmək deyil. Baş verən söhbətlər, tanışlıqlar, təcrübələr, keçirdiyin hislər - hamısı yaddaşa həkk olunur. Və 5 il sonra bunu xatırlayanda üzünüzdə yalnız təbəssüm olur. Yəni xərclədiyiniz pulla sanki özünüzə xoşbəxtlik alırsınız.

- Təcrübələrinizi özünüz üçün saxlayacaqsınız, yoxsa?

- Hazırda bloqum var. Bacardığım qədər səyahət üçün  lazımlı, faydalı  informasiyalar paylaşıram. Yaxşı "feedback"lar alıram. Buna görə də niyə dayanım? Hələ ki fikrim çox yer gəzib, təcrübələrimi insanlarla bölüşməkdir.

Roza Məmmədova