12:35, 30 Oktyabr 2019 (Çərşənbə) 64

"Siqaretlərin ədədlə satılması yeniyetmələrin ona əlçatanlığını artırır" - Hande Harmançı

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Hande Harmancı "İlkin səhiyyə xidmətləri və qeyri-yoluxucu xəstəliklərlə mübarizədə potensialın artırılması" mövzusunda seminarda çıxış edib.

Bu barədə APA informasiya agentliyi məlumat yayıb.

Hande Harmancı qeyd edib ki, siqaretlərin tək-tək satılması düzgün deyil. Onun sözlərinə görə, tütün də kofein kimi insanda eyni səviyyədə asılılıq yaradır: "Azərbaycanda siqaretlərin ədədlə satılması yeniyetmələrin ona əlçatanlığını artırır. Tütündən imtina edilmə sistemi yaradılmalıdır. Bu sistem işlək olmalı və hər kəs tərəfindən dəstəklənməlidir. Bu, asan məsələ deyil. Çünki bizimlə mübarizə aparan milyard dollarlıq tütün sənayesi var. Onlar tütünün reklamı üçün milyon dollarlar xərcləyirlər. Biz isə buna qarşı az vəsaitlə mübarizə aparmağa çalışırıq".

ÜST-ün rəsmisi Azərbaycanda tütünçəkmə ilə mübarizə sahəsində qoyulan bəzi məhdudiyyətlərə əməl edilmədiyini də söyləyib: "İçərişəhər tütündən azad zona müəyyən edilsə də, hələ də həmin ərazidəki kafelərdə tütün çəkən insanları görürük".

Həmçinin H.Harmancı qeyd edib ki, beynəlxalq status verilənədək nümayəndəliyə Azərbaycan vətəndaşı olan şəxslər rəhbər təyin edilirdi. Amma beynəlxalq status verildiyi üçün artıq ÜST-ün Azərbaycan nümayəndəliyinə xarici ölkə vətəndaşları rəhbər təyin edilirlər: "Bu prosedur BMT tərəfindən müəyyən edilib. Yerli nümayəndəliyin üzərindən beynəlxalq status götürülməyənə qədər ona yalnız xarici ölkə vətəndaşları rəhbər təyin ediləcəklər".