14:35, 15 Yanvar 2020 (Çərşənbə) 57

"Siyasi məhbus problemi birdəfəlik həll edilməlidir"

Hüquq müdafiəçisi Səadət Bənənyarlı: "Belə hesabatların olması, siyası məhbuslar məsələsinin çözülməsində müsbət rol oynayır”.

Avropa Şurası Parliament Assambleyasının (AŞPA) qış sessiyasının gündəliyinə "Azərbaycanda siyasi məhbuslarla bağlı məlumatlar haqqında iş" məsələsi daxil edilib.

"Turan”ın məlumatına görə, AŞPA-nın Azərbaycanda siyasi məhbuslar üzrə məruzəçisi, islandiyalı deputat Torhildur Sunna Evarsdottirin tərtib etdiyi müvafiq qətnamə layihəsi yanvarın 27-də müzakirə olunacaq.

Məruzədə Azərbaycanda "sistemli xarakter daşıyan siyasi məhbus problem” ilə bağlı ciddi narahatlıq ifadə olunub.

Hələ 2001-ci ildə Azərbaycan Avropa Şurasına daxil olarkən AŞPA Bakını "siyasi məhbusları azad etməyə və ya onların işlərinə məhkəmə qaydasında yenidən baxmağa" çağırıb. Amma AŞPA-nın bu məsələ ilə bağlı bir neçə qətnaməsinə baxmayaraq, bu problem indiyədək qalmaqdadır.

Son illər Avropa İnsan Hüquqları Məhkəməsi müxalif siyasətçilərin, vətəndaş cəmiyyəti fəallarının, hüquq müdafiəçilərinin və jurnalistlərin özbaşına həbsləri ilə əlaqədar Avropa Konvensiyasının pozulduğunu müəyyən edərək, çox sayda qərar çıxarıb.

Qətnamə layihəsində qeyd edilir ki, AŞPA-nın əvvəlki məruzəçisi Kristof Ştrasserin hesabatına 85 nəfərin adı daxil edilmişdi. Bu insanların ən az 9-u məhkəmədə qələbə qazanıblar, daha 4 nəfərin işinə AİHM-də baxılır.

"İstənilən halda, Azərbaycanda siyasi məhbus təzahürünün real olduğuna şübhə yoxdur", - deyə məruzəçi Evarsdottir qeyd edir.

Bununla belə, o, "Azərbaycanda siyasi məhbusların vahid siyahısının tərtib edilməsi üzrə İşçi Qrup" və "Azərbaycanda siyasi məhbusların azadlığı uğrunda İttifaq" tərəfindən təqdim edilmiş siyasi məhbus siyahılarının etimada layiq olduğunu bildirir.

Məruzədə konkret olaraq jurnalist Əfqan Muxtarlının, "Müsəlman Birliyi" Hərəkatının liderləri Taleh Bağırzadə və Abbas Hüseynovun, "Səid Dadaşbəylinin işi"nin fiqurantlarının işləri və s. yada salınır.

Məruzəçi 2018-ci il Gəncə hadisələrinə də yer ayırıb. "Azərbaycanda görüşdüyüm insanların əksəriyyəti, o cümlədən diplomatlar bu məsələ ilə bağlı ciddi narazılıqlarını bildiriblər", deyə məruzəçi yazır.

O xatırladır ki, Gəncə icra başçısına sui-qəsd edən şəxsin işgəncə izləri olan fotoşəkli yayıldıqdan bir neçə gün sonra Gəncədə nümayiş keçirilib, hadisə zamanı iki polis zabiti öldürülüb.

Bu iş üzrə 77 nəfər həbs edilib. 

Onların bəziləri deyirlər ki, nümayişdə iştirak belə etməyiblər. Hakimiyyət iddia edirdi ki, onlar hamısı amansız islam ekstremistləri idi. Həbs edilənlər həbsdə saxlanıldıqları zaman məruz qaldıqları işgəncələri ətraflı təsvir ediblər. Onlara vəkillə təmin edilmək və ya ailələri ilə əlaqə saxlamaq imkanı yaradılmasından imtina edilib.

Məhkəmə prosesləri Gəncədə deyil, Bakıda keçirilib və bir çox jurnalistin proseslərdə iştirak etməsinə imkan verilməyib. İttihamların səhihliyi ilə bağlı ciddi problemlər olub, məhkəmə onları lazımi şəkildə tədqiq edə bilməyib.

"Saxlanılan şəxslərin hökumət əleyhinə nümayişdə həbs edilməsi faktı və hakimiyyətin onların dini ekstremist olması haqqında bəyanatları, habelə ciddi prosessual nöqsanlar həbs edilənlərin əksəriyyətinin, bəlkə hətta hamısının siyasi məhbus olduğunu ehtimal etmək üçün əsas verir", - deyə məruzəçi qeyd edir.

Assambleya Azərbaycan hakimiyyətinə vətəndaş cəmiyyəti siyahılarında adları göstərilən şəxslərin işlərinə yenidən baxmaq və siyasi motivlərlə həbs edilən hamını azad etmək xahişi ilə müraciət edir.

Qətnamədə "siyasi məhbus problemini birdəfəlik həll etmək" təklif edilir.

Hüquq müdafiəçisi Səadət Bənənyarlı Toplum Tv-yə deyib ki, AŞPA-nın qış sessiyasında iştirak etməyəcəklər: "Avropa Şurasının Parlament Assembleyasının qış sessiyasında hüquq müdafiəçilərindən, yəni bizim monitorinq qrupundan heç kəs iştirak etməyəcək. Amma "Azərbaycanda siyasi məhbuslarla bağlı məlumatlar haqqında iş" məsələsinin müzakirəsi ilə bağlı hesabatı AŞPA-nın rəsmi saytında yerləşdiriləcək. Belə hesabatların olması, "siyası məhbuslar” məsələsinin çözülməsində müsbət rol oynayır. Hesabat kifayət qədər obyektivdir. Bu hesabat istər "Azərbaycanda siyasi məhbusların vahid siyahısının tərtib edilməsi üzrə İşçi Qrup", istərsə də "Azərbaycanda siyasi məhbusların azadlığı uğrunda İttifaq” və digər təşkilatların bu məsələdə səyini daha da artırmış olacaq. Bu hesabatlar açıq şəkildədir və rəsmi saytda çap olunur. Hesabatlara daxil olan məsələlər üzərində istər Azərbaycanın vətəndaş cəmiyyəti, istər də aidiyyatı strukturları işləyirlər. Düşünürəm ki, qış sessiyası AŞPA-nın təqdim etdiyi məsələlərin həlli istiqamətində öz töhfəsini verəcək”. 

Zərifə Novruz