17:26, 19 İyul 2019 (Cümə) 144

Siyasi mühacirlər siyasi məhbuslara dəstək kampaniyasına başlayıblar

Siyasi mühacirlər siyasi məhbuslara dəstək kampaniyasına başlayıblar
Azərbaycanlı siyasi mühacirlərin "Demokratik Azərbaycanı Seç" (DAS) təşkilatının fəalları Almaniyanın Essen şəhərində AFR-in üç aparıcı KİV-nin (NRZ Neue Ruhr/Neue Rhein Zeitung, WAZ Westdeutsche Allgemeine Zeitung və UZ Unsere Zeit ) qarşısında Azərbaycanda siyasi məhbusları dəstəkləyən aksiya keçiriblər.

Bu barədə Turan İA məlumat verib.

Məlumatda deyilir ki, fəal Elşan Abdullayev bildirib ki, aksiyanın orada keçirilməsi onunla əlaqədardır ki, media demokratiyanın inkişafı, insan hüquq və azadlıqlarının təmin olunması, vətəndaş problemlərinin işiqlandırılıb həll olunması baxımından əvəzsiz bir institutdur.

Təşkilatçıların məqsədi Almaniya cəmiyyətinin, KİV-in diqqətini Azərbaycanda insan hüquqlarının pozulmasına, ölkədə 110 siyasi məhbusun olmasına yönəltməkdir.

Siyasi məhbusların sayına görə Azərbaycan dünyada liderlərdən biridir.

Bundan əlavə, dünya Media Azadlığı İndeksində Azərbaycan 180 ölkə arasında 166-cı yeri tutur.

Beynəlxalq Şəffaflıq Təşkilatının Korrupsiya Qavrama İndeksinə görə isə yenə 180 ölkə arasında 152-ci yerdədir.

Həmrəylik aksiyasında digər DAS üzvləri Emin Manafov, Azər Əliyev, Emin Şirəliyev, Mirməhəmməd Hüseynov, Ceyhun Əlizadə, Alış Abdullayev, Məmməd Qarayev, Qaçay Piriyev və digərləri çixiş ediblər.

DAS "Almaniyalı jurnalistlərdən siyasi məhbuslara dəstək" kampaniyasına başlayıb.

Kampaniya çərçivəsində KİV-in diqqəti Azərbaycanda insan hüquqlarının pozulmasına, o cümlədən həbsdə olan jurnalistlərin işlərinə yönəldiləcək.