13:39, 11 Sentyabr 2019 (Çərşənbə) 66

Siyasi partiyaların "Dəyirmi masasında" ortaq bəyanat qəbul olunub

Siyasi partiyaların
Bakıda siyasi partiyalar, media və vətəndaş cəmiyyəti nümayəndələrinin iştirakı ilə "Siyasi partiyalar siyasi proseslərə xarici müdaxilə cəhdlərinə qarşı” mövzusunda "dəyirmi masa" keçirilib.

"Report"un xəbərinə görə, hakim Yeni Azərbaycan Partiyasının iştirak etdiyi tədbirdə Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu, Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyn, AĞ Partiyanın sədri Tural Abbaslı, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev, Böyük Quruluş Partiyasının sədri Fazil Mustafa, Vəhdət Partiyasının sədri Tahir Kərimli, Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev, habelə Sosial Tədqiqatlar Mərkəzinin rəhbəri Zahid Oruc, Dilarə Əliyeva adına Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin sədri Novella Cəfəroğlu, "Konstitusiya" Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz, REAL TV-nin rəhbəri Mirşahin Ağayev və başqaları iştirak ediblər.

"Dəyirmi Masa" bitdikdən sonra ortaq bəyanat qəbul edilib.

Bəyanatda deyilir:

"Biz, "Ölkəmizdəki siyasi proseslərə xarici müdaxilənin yolverilməzliyi” mövzusunda təşkil edilmiş "Dəyirmi Masa”nın iştirakçıları olan siyasi partiyaların, vətəndaş cəmiyyətinin təmsilçiləri, media rəhbərləri və müstəqil siyasi ekspertlərin bu gün beynəlxalq aləmdə, o cümlədən regionda baş verən mürəkkəb və həssas prosesləri, real imkan və perspektivləri hərtərəfli müzakirə edərək, Azərbaycanın müstəqilliyinin, eləcə də dövlətçilik prinsiplərinin daha da möhkəmləndirilməsi, ərazi bütövlüyünün təmin olunması, taleyüklü məsələlərdə milli həmrəyliyimizin tam şəkildə bərqərar edilməsi, xalqımızın həyat səviyyəsinin, dövlətimizin iqtisadi və hərbi potensialının, beynəlxalq aləmdə nüfuzunun və təsir imkanlarının daha da gücləndirilməsi məqsədilə bəyan edirik:

- Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş torpaqlarının qısa müddətdə işğaldan azad edilməsi istiqamətində hərb yolu da daxil olmaqla atılacaq addımları birmənalı şəkildə müdafiə edəcəyimizi bəyan edir,

- siyasi mənsubiyyətindən asılı olmayaraq, hər bir vətəndaşın ordu qurculuğuna və silahlı qüvvələrimizə hərtərəfli və birmənalı dəstəyinin zəruriliyini ifadə edir,

- ölkədə həyata keçiriləcək islahatları dəstəkləyir, ardıcıl və davamlı olmasını vacib sayır,

- vətəndaş sülhü və milli həmrəylik istiqamətində birgə fəaliyyətin göstərilməsinin zəruriliyini nəzərə alaraq, siyasi mübarizədə etik normaları gözləməyə, milli-mənəvi və əxlaqi dəyərlərimizə zidd əməllərə yol verməməyə, eyni zamanda davamlı dialoq mühitinin yaradılmasına, sosial şəbəkələrdə, o cümlədən kütləvi informasiya vasitələrində təhqir, böhtan və şayiə xarakterli məlumatlar yaymamağa çağırır,

- respublikamızda keçirilən seçkilər zamanı bu prosesə beynəlxalq hüquqa zidd hər hansı xarici müdaxilənin yolverilməz olduğunu xüsusi vurğulayır və belə müdaxilə cəhdlərinə qarşı birgə fəaliyyəti zəruri saydığımızı bildiririk".

Keçirilən iclasda Müsavat Partiyasının başqanı Arif Hacılı və KXCP sədri Mirmahmud Mirəlioğluya dəvət göndərilsə də, onlar "dəyirmi masa"ya qatılmayıblar. Bundan başqa AXCP sədri Əli Kərimliyə dəvət göndərilməyib.