10:46, 20 Sentyabr 2018 (Cümə axşamı) 360

"Siyəzən məhbusları" həbsdə qaldı

Sentyabrın 19-da Salyan Rayon Məhkəməsi Siyəzən olaylarına görə həbs edilmiş Zaur Şəkərov və Coşqun Bəğişovu şərti olaraq azadlığa buraxmaqdan imtina edib.

Bu haqda AzadlıqRadiosuna onların məhkəmədə iştirak etmiş yaxınları məlumat veriblər.

Siyəzəndə sosial tələblərlə aksiya keçirildikdən sonra həbs edilənlərdən Zaur Şəkərov və Coşqun Bəğişov cəzalarının yarıdan çoxunu çəkiblər. Yaxınlarının deməsinə görə, bunu əsas götürərək, şərti azadlığa buraxılmalarından ötrü məhkəməyə müraciət ediblər.

Verilən məlumata görə, Zaur Şəkərov və Coşqun Bəğişovun vəkilləri məhkəmədə onların həbsxanada hər hansı neqativ davranışa yol vermədiklərini, cəzalarının yarıdan çoxunu çəkdiklərini bildiriblər. Müdafiə tərəfi məhkəmədən hər iki məhkumun şərti azadlığa buraxılması barədə qərar verməyi xahiş edib.

Məhbus yaxınlarının vurğulamasına görə, ancaq Penitensiar Xidmətin nümayəndələri məhkəməyə müraciətin təmin edilməməsini istəyiblər.

Hakim Muradağa Qasımovun sədrlik etdiyi məhkəmə heyətinin qərarı məhkumların əleyhinə olub. Onların şərti azadlığa buraxılmasından imtina olunub.

Yaxınlarının deməsinə görə, qırarı aldıqdan sonra apellyasiya şikayəti verəcəklər.

2016-cı il yanvarın 12-də Siyəzəndə unun və digər məhsulların qiymətinin artırılmasına etiraz olaraq bir qrup sakin yerli icra hakimiyyətinin binası qarşısında aksiya keçirib. İcra hakimiyyəti başçısısının etirazçılara tələblərinin yerinə yetiriləcəyi ilə bağlı söz verdikdən sonra sakinlərindağıldığı bildirilir. Bundan sonra gecə saatlarında bir çox etirazçı saxlanıb.

Yanvarın 13-də saxlananların azad edilməsi tələbi ilə təkrar aksiya keçirilib və insident yaranıb. Yenidən bəzi şəxslər saxlanıb. Onlardan 11 nəfər məhkəmə qarşısına çıxarılıb.

Daxili İşlər Nazirliyi ilə Baş Prokurorluğun hadisələr zamanı yaydığı məlumatda bildirilirdi ki, 2016-cı il yanvarın 12-si və 13-də Siyəzən rayonunun bir qrup sakini razılaşdırılmayan yürüş təşkil edib. Yürüş zamanı hüquqazidd hərəkətlərə yol verən 55 nəfər saxlanıb. Onlar Cinayət Məcəlləsinin 186-cı (əmlakı qəsdən məhv etmə ), 221-ci (xuliqanlıq), 228-ci (qanunsuz silah saxlama) və 233-cü (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətlər) maddələri ilə ittiham edilib. Bundan başqa, onlara 234-cü (narkotik) və 315-ci (hakimiyyət nümayəndəsinə müqavimət və ya zor tətbiq etmə) maddələri ilə də ittiham verilib.

Məhkəmə hökmünə əsasən, Müslüm Əzimov, Zaur Şəkərov 6 il, Fariz Kərimov, Abasət Süleymanov, Namiq Məstanov, Coşqun Bəğişov, Talıb Ağamalıyev, Elçin Əliyev, Kamran Abdullayev və Nizami Qəniyev 4 il, Aydın Səfərli isə 2 il azadlıqdan məhrum edilmişdi.

Sumqayıt Apelyasiya Məhkəməsi onların şikayətini qismən təmin etmiş, cəzalarını 6 aydan bir ilə qədər azaldılmışdı. Siyəzən olaylarına görə, həbs edilənlərin kassasiya şikayəti isə rədd edilib.Onlar ittihamlarla əsasən razılaşmırlar.