Müsahibə

“Siz şükür edin ki, sizdə adam öldürmürlər” - Müsahibə

27 Sentyabr, 2017
2255
İntiqam Əliyev: Belə çıxır ki, biz şərti azadlıqda olduğumuz müddətdə çimməməliyik?!

Prezident İlham Əliyev Milli Məclisə cinayət qanunvericiliyinə çoxsaylı dəyişikliklərlə bağlı təkliflər paketi təqdim edib. Sənəddə  Cinayət Məcəlləsinə və Cinayət-Prosessual Məcəlləsinə dəyişikliklərin edilməsi nəzərdə tutulur. Konkret olaraq, Cinayət Prosessual Məcəlləsinin 25-dən, Cinayət Məcəlləsinin ümumi hissəsinə 30-dan, xüsusi hissəsinə isə 70-dən çox dəyişiklik təklif edilib. 

Meydan TV təkliflərlə bağlı suallarını Hüquq Maarifçiliyi Cəmiyyətinin sədri, hüquqşünas İntiqam Əliyev ünvanlayıb.

- İntiqam müəllim, parlamentin müzakirəsinə çıxarılmış Cinayət Məcəlləsinə təklif olunan dəyişikliklər layihəsi gözləntilərinizi nə dərəcədə doğrultdu? 

 - Əvvəla, onu deyim ki, layihədə saysız-hesabsız dəyişiklik və əlavələr nəzərdə tutulub.Bu həcmdə dəyişiklikləri nəzərdə tutan sənədin ictimai müzakirəyə buraxılmaması təəssüf hissi yaradır. Halbuki, qanun layihələrinin qəbulu qaydalarını nəzərdə tutan normalar bu layihələrin ictimai müzakirəyə çıxarılmasını müəyyən edir. Son dövrlərdə bir sıra qanun layihələri Milli Məclisin saytında yerləşdirildiyi halda bu layihə həmin şərəfə layiq bilinməyib. Əslində, anlaşılandır.

- Necə yəni anlaşılandır?

- Ümumiyyətlə, hakimiyyət geniş ictimai maraq doğuran mövzular üzrə publik müzakirələri istəmir, ondan çəkinir, çünki bu cür müzakirələrdə həm də idarəçilik, məhkəmələrin müstəqilliyi, siyasi iradə, korrupsiya məsələləri qabardılır. Özü də haqlı olaraq. Çox zaman bəh-bəhlə təqdim olunan belə təşəbbüslərin arxasında humanistləşmə, azadlıqların daha etibarlı təmin olunması niyyəti deyil, daha çox imitasiya məqsədi güdüldüyünün az şahidi olmamışıq. Son dövrlərdə siyasi məhbuslara azadlıq tələblərinin daha güclü səsləndiyi dönəmdə məqsəd həm hakimiyyət üçün başağrısına çevrilən bu problemi həll etmək istəyidir. Əslində, problemin tam həlli hakimiyyətdən böyük qurbanlar istəyir və çox riskli bir şeydir, ona görə "yumşaltmaq” ifadəsi daha doğru olardı. Amma bunu elə etmək istəyir ki, azadlığa buraxacağı adamlar çöldə mümkün qədər nəzarətdə olsunlar, əl-qol açmaq imkanları məhdud olsun.

- Siz yəqin həbsdə olan ReAL sədri İlqar Məmmədovla əlaqədar son olayları nəzərdə tutursunuz?

- Bəli, hökumətin İlqar Məmmədovun dərhal azadlığa buraxılması barədə Avropa Məhkəməsinin (AM) qərarının icrası ilə bağlı Avropa Şurası Nazirlər Komitəsinə son rəy var. Orada AM-in qərarının icrası sahəsində dövlətin gördüyü ümumi xarakterli əsas tədbirlərdən biri kimi yaxın zamanlarda bu qanun layihəsinin qəbulunun gözlənildiyi vurğulanır. Eynilə bu arqument digər siyasi məhbusların işləri ilə bağlı AM-in qərarlarının icrası prosesi ilə bağlı rəylərdə səslənir. Başqa sözlə, hökumət Avropa Şurasına və ondan siyasi məhbus probleminin həllini tələb edən digər beynəlxalq təşkilatlara üstüörtülü mesaj verir ki, bu qədər gözləmisiz, bir az da səbr edin, mən yaxın zamanlarda qəbul edəcəyim belə bir qanunla İlqar Məmmədovu da və bir sıra digərlərini də azad edəcəm. Bu anlamda, əminliklə deyə bilərik ki, Cinayət Məcəlləsinə qəbulu gözlənilən yeniliklərin əsas sifarişçilərindən biri, bəlkə də birincisi, siyasi məhbus problemidir.

Onu da deyim ki, bu qanun az qala cinayət hüququ sahəsində inqilab kimi təqdim edilirdi, elə indi də edilir. Amma hər zaman olduğu kimi, bu, daha çox pafosdur. Bütün hallarda, hakimiyyət cinayət hüququ sahəsində çox liberallaşmaya və humanizmə yol verə bilməz, bu, qeyd etdiyim kimi, hakimiyyət üçün çox təhlükəlidir, onun öz opponentlərini zərərsizləşdirmək üçün tez-tez yararlandığı silahını əlindən ala bilər.

Ümumən təklif olunan yeniliklərin əksəriyyəti normaldır, cəzaların yüngülləşdirilməsinə xidmət etdiyi təəssüratı yaradır. Ona görə əminliklə "xidmət edəcək” deyə bilmirəm ki, elə bir ölkədə yaşayırıq ki, orada ən təkmil qanunları belə it gününə qoya bilirlər.

Fəlakət ondadır ki, bizdə problem daha çox qanunlarla bağlı deyil, hakimiyyət bölgüsünün, məhkəmələrin müstəqilliyinin, azad seçkilərin və vətəndaş cəmiyyətinin və s. olmaması, avtoritar idarəçilik, qanunların işləməməsi, korrupsiya səbəbindən onların işləməməsi və ya hüquq və axzadlıqların xeyrinə işləməməsidir. Məsələn, qoşulduğumuz konvensiyalar, qanunlarımız, Ali Məhkəmənin və Konstitusiya Məhkəməsinin Plenum qərarları şəxsin məhkəməyəqədər həbsinə istisna hallarda yol verdiyi, həbsə alternativ tədbirlər nəzərdə tutduğu halda, əksər hallarda məhkəmələr qətimkan tədbiri kimi həbsi seçirlər. Hələ indiyə qədər girov müqabilində həbs olunanlardan məhkəməyəqədər azadlığa çıxanı olmayıb. Ev dustaqlığına buraxılan şəxsləri barmaqla saymaq olar, onların arasında siyasi məhbuslardan heç kimin adı yoxdur. Halbuki bütün məhkəmələrdə vəkillər bu barədə vəsatət qaldırırlar, konvensiyalara, qanunlara istinad edirlər, sübutlar gətirirlər, boğazlarını yırtırlar. Amma CM-ə ediləcək dəyişiklik və əlavələr xeyli adamın, o cümlədən də siyasi məhbuslardan bəzilərinin şərtsiz azadlığa çıxmasına (məsələn, Məmməd İbrahim, Seymur Həzi, Asif Yusifli və b.), digərlərinin (İlqar Məmmədov, Rəşad Ramazanov, Möhsüm Səmədov, Abgül Süleymanov və b.) şərti olaraq vaxtından əvvəl, yaxud cəzasının yüngülləşdirilməsi qaydasında azad olunmasına imkan verəcək. Haqsızlığın bu cür formada aradan qaldırılması yaxşıdır, yoxsa pis, bu ayrı söhbətin mövzusudur. Amma elə hökumətimiz var ki, o, səni istəmədiyin halda (məsələn, REAL sədrinin cəzasının üçdə ikisini çəkməsi əsası ilə şərti azadlığa buraxılması haqqından imtina etdiyi bildirilir) tutduğu kimi, razılaşmadığın şərtlərlə də zorən buraxa bilir.

- Təklif olunan dəyişikliklərdən bəzilərini sadalaya bilrsinizmi? Bunlardan indi həbsdə olan siyasi məhbusların yararlanma ehtimalı nə qədərdir?

 - Yeniliklər çoxdur, bir qismi cinayət məsuliyyətindən və cəzadan azad olunmaya aiddir. Məsələn, səmimi peşmançılığa görə cəzadan azad etməyə əvvəl böyük ictimai təhlükə törətməyən cinayətlərə aid edilirdisə, indi bu dairəyə az ağır cinayətlərdə aid edilir. Layihə cinayətin subyektlərinin dairəsi genişləndirirək, bura 14 yaşına çatmış və zərərçəkmiş şəxsin ölümünə səbəb olan yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını pozan şəxsləri də əlavə edir. Bu dəyişiklikdə son dövrlərdə hay-küylü avtomobil qəzalarında sükan arxasında oturanların bəzilərinin yetkinlik yaşına çatmaması səbəbindən məsuliyyətdən kənarda qalmasının yaratdığı narazılığın az rolunun olmadığı şübhəsizdir. Layihə cəzanı yüngülləşdirən halların dairəsini də genişləndirir. Belə bu cərgəyə (59-cu maddə) cinayətin anlaqlığı istisna etməyən psixi pozuntusu olan şəxs tərəfindən törədilməsi; cinayətin zərərçəkmiş şəxsin qanunsuz və ya əxlaqsız hərəkətlərinin təsiri altında və ya bu hərəkətlər nəticəsində qəflətən baş vermiş güclü ruhi həyəcan (affekt) vəziyyətində törədilməsi; şəxsin könüllü gəlib təqsirini boynuna alması, cinayətin açılmasına, onun digər iştirakçılarının ifşa edilməsinə, cinayət nəticəsində əldə edilmiş əmlakın axtarışına və ya tapılmasına fəal kömək etməsi; cinayətin törədilməsindən bilavasitə sonra zərərçəkmiş şəxsə tibbi və ya digər yardım göstərilməklə onun həyat və sağlamlığına dəyə biləcək zərərin əhəmiyyətli dərəcədə azaldılması; cinayət nəticəsində dəymiş mənəvi ziyanın ödənilməsi və ya aradan qaldırılması, zərərçəkmiş şəxslə və ya onun yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə edilməsi; cinayət nəticəsində dəymiş maddi ziyanın könüllü olaraq tamamilə ödənilməsi və ya aradan qaldırılması; cinayət nəticəsində dəymiş ziyanın qismən ödənilməsi və ya ziyanın azaldılması ilə nəticələnmiş digər hərəkətlərin edilməsi də daxil edilib. CM-in xüsusi hissəsinin bir çox maddəsinə azadlığın məhdudlşdırılması cəzaları əlavə edilib, bəzi cinayətlər az ağırlar kateqoriyasına keçirilib. Mülkiyyət əleyhinə, iqtisadi xarakterli və şəxsiyyət əleyhinə cinayətlər üzrə zərərin ödənilməsi, zərərçəkmişlə barışıq əldə olunması ilə şərti ilə şərtli və şərtsiz azadetmələr var. Zərərçəkmiş şəxslə barışmaqla bağlı cinayət məsuliyyətindən azad etməni nəzərdə tutan maddəyə (73) görə, ilk dəfə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxslə yanaşı az ağır cinayət törətmiş şəxs də zərərçəkmiş şəxslə barışdıqda və ya ona dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda cinayət məsuliyyətindən azad edilə bilər. CM-in 127.1 (zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və CM-in 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş və ya ümumi əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmaqla əhəmiyyətli dərəcədə itirilməsi ilə nəticələnən qəsdən sağlamlığa az ağır zərər vurma), 129.1 (zərərçəkmiş şəxs tərəfindən edilən zorakılıq, ağır təhqir və ya sair qanunsuz və ya əxlaqsız hərəkətlər (hərəkətsizlik) nəticəsində, habelə zərərçəkmiş şəxsin mütəmadi qanunsuz və ya əxlaqsız davranışı ilə əlaqədar yaranmış uzunsürən dözülməz psixi şərait nəticəsində qəflətən baş vermiş güclü ruhi həyəcan (affekt) vəziyyətində qəsdən sağlamlığa ağır zərər vurma), 130 (zəruri müdafiə həddini aşmaqla sağlamlığa ağır və ya cinayət törətmiş şəxsin tutulması üçün zəruri həddi aşmaqla sağlamlığa ağır zərər vurma), 131.2 (ehtiyatsızlıqdan sağlamlığa ağır zərər vurma), 134 (öldürməklə və ya sağlamlığa ağır zərər vurmaqla hədələmə), 142.1 (qanunvericiliyə və ya xüsusi qaydalara müvafiq olaraq xəstəyə kömək etməyə borclu olan tibb işçisi tərəfindən üzürlü səbəblər olmadan xəstəyə tibbi yardım göstərilməməsi nəticəsində onun sağlamlığına az ağır zərər vurma), 143 (təhlükədə qoyma), 156.1 (şəxsi və ailə həyatının sirri olan məlumatların, belə məlumatları əks etdirən sənədlərin, video və foto çəkilişi materiallarının, səs yazılarının yayılması, habelə satılması və ya başqasına verilməsi qanunsuz toplanılması), 157.1 (qanunla müəyyən edilmiş əsaslar olmadan, mənzildə yaşayanın iradəsi ziddinə mənzilə daxil olma) və 158.1-ci (qanunla müəyyən edilmiş əsaslar olmadan hüquqi şəxslərin mülkiyyətində və ya icarəsində olan binalara (otaqlara) daxil olma) maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı ödədikdə cinayət məsuliyyətindən azad edilir.

- Həbsxanaların iqtisadi xarakterli və mülkiyyət əleyhinə olan cinayətlərə görə məhkum olunanlarla dolu olduğu heç kimə sirr deyil, vəkillər də bunu qeyd edir. Təsadüfi deyil ki, prezidentin bəlli sərəncamında bu cür cinayətlərin dekriminallaşmasının zəruriliyi vurğulanırdı. Yeni layihədə bu məsələ yetərincə həllini tapıbmı?

- Həbsdən qabaq bu problemi dəfələrlə qaldırmışdıq. Amma özüm həbsdə olanda, bu sahədəki durumun nə qədər acınacaqlı olduğunun yaxından şahidi oldum. Bu sahədə baş verənlər sözün əsl mənasında faciədir. O adamların əksəriyyətinin əməlində cinayət tərkibi yoxdur, normalda onların mülki məsuliyyət məsələsi qaldırıla bilər. Amma mülki xarakterli öhdəlikləri yerinə yetirmədiklərinə görə adamları tutub doldurublar türmələrə, 7 il, 10 il, 15 il iş kəsirlər. Bəli, CM-ə əlavə təklif edilən yeniliklər arasında "Mülkiyyət əleyhinə olan cinayətlərə görə cinayət məsuliyyətindən azad etmə” (73-1), "İqtisadi fəaliyyət sahəsində olan cinayətlərə görə cinayət məsuliyyətindən azad etmə” (73-2) adlı yeni maddələr də var. "Mülkiyyət əleyhinə olan cinayətlərə görə cinayət məsuliyyətindən azad etmə” adlı yeni 73-1-ci maddəyə görə, CM-in 178.1 (dələduzluq), 179.1 (mənimsəmə və ya israf etmə), 186.1 (özgənin əmlakını qəsdən məhv etmə və ya zədələmə zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla törədildikdə), 187.1 (odla və ya başqa yüksək təhlükə mənbəyi ilə ehtiyatsız davranma üzündən özgənin əmlakını ehtiyatsızlıqdan məhvetmə və ya zədələmə zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla törədildikdə), 189-1.1 (təbii qaz, elektrik və ya istilik şəbəkələrinə qanunsuz qoşulmaqla bu enerji resurslarının talanması, bu əməllər xeyli miqdarda ziyan vurmaqla törədildikdə) və 189-1.2-ci (eyni əməllər külli miqdarda ziyan vurmaqla törədildikdə) maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. CM-in 178.2 (dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə, təkrar törədildikdə; şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə; xeyli miqdarda ziyan vurmaqla törədildikdə),  179.2 (mənimsəmə və ya israf etmə, yəni təqsirkara etibar edilmiş özgə əmlakını talama qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə; təkrar törədildikdə; şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə; xeyli miqdarda ziyan vurmaqla törədildikdə), 178.3 (dələduzluq mütəşəkkil dəstə tərəfindən törədildikdə; külli miqdarda ziyan vurmaqla törədildikdə) və 179.3-cü (CM-in 179.1 və ya 179.2-ci maddələrində nəzərdə tutulmuş əməllər mütəşəkkil dəstə tərəfindən törədildikdə; külli miqdarda törədildikdə) maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş və zərərçəkmiş şəxslə barışaraq dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın bir misli miqdarında dövlət büdcəsinə ödəniş etməsi şərti ilə cinayət məsuliyyətindən azad oluna bilər.

İqtisadi fəaliyyət sahəsində olan cinayətlərə görə cinayət məsuliyyətindən azad etməni nəzərdə tutan yeni 73-2-ci maddəyə görə, CM-in 192.1 (qanunsuz sahibkarlıq), 192-1 (qanunsuz olaraq lotereyaların və idman mərc oyunlarının təşkili və ya keçirilməsi), 193.1 (yalançı sahibkarlıq), 209.1 (xeyli miqdarda gömrük ödənişlərinin ödənilməsindən yayınma), 209.2 CM-in 209.1-ci maddəsində nəzərdə tutulmuş əməllər təkrar törədildikdə; külli miqdarda törədildikdə), 213.1 (saxta müflisləşmə) və 213.2-ci (eyni əməllər külli miqdarda ziyan vurduqda və ya digər ağır nəticələrə səbəb olduqda) maddələrində nəzərdə tutulmuş əməlləri törətmiş şəxs cinayət nəticəsində ziyanı tamamilə ödədikdə və ya cinayət nəticəsində əldə edilmiş gəliri tamamilə dövlət büdcəsinə köçürdükdə cinayət məsuliyyətindən azad edilir. CM-in 192.2 (qanunsuz sahibkarlıq külli miqdarda ziyan vurduqda; miqdarda gəlir əldə etməklə törədildikdə; mütəşəkkil dəstə tərəfindən törədildikdə), 193.2 (yalançı sahibkarlıq külli miqdarda ziyan vurduqda; külli miqdarda gəlir əldə etməklə törədildikdə; mütəşəkkil dəstə tərəfindən törədildikdə), 195 (qanunsuz kredit alma və ya kreditdən təyinatı üzrə istifadə etməmə), 195-1 (dövlət borcundan və ya dövlət zəmanəti ilə alınmış borcdan istifadə qaydalarını pozma), 196 (kreditor borclarını ödəməkdən qəsdən yayınma), 197 (əmtəə nişanlarından qanunsuz istifadə etmə), 198 (bilə-bilə yalan reklam etmə), 202-2 (insayder tərəfindən xidməti məlumatdan qanunsuz istifadə), 203 (qiymətli kağızların buraxılması (emissiyası) qaydalarını pozma), 203-1.1 (qiymətli kağızlar bazarında qiymətlərlə manipulyasiya), 205-2 (nəzarət markalarının qəsdən məhv edilməsi, saxtalaşdırılması, qeyri-qanuni yolla hazırlanması, istifadəsi və satışı), 208 (xarici valyuta vəsaitlərini xaricdən qaytarmama), 210 (müflisləşmə zamanı qanunsuz hərəkətlər), 211 (qəsdən müflisləşmə), 212 (saxta müflisləşmə) və 213-2-ci (qiymətli metalları və qiymətli daşları dövlətə satmaqdan yayınma) maddələrində nəzərdə tutulmuş əməlləri törətmiş və cinayət nəticəsində vurulmuş ziyanı tamamilə ödəmiş və ya cinayət nəticəsində əldə edilmiş gəliri tamamilə dövlət büdcəsinə köçürmüş şəxs, vurulmuş ziyanın (əldə edilmiş gəlirin) bir misli miqdarında dövlət büdcəsinə ödəniş etməsi şərti ilə cinayət məsuliyyətindən azad edilə bilər (73-2).

Layihəyə görə, CM-in bəzi maddələrində, məsələn, çox geniş yayılmış cinayət əməllərini nəzərdə tutan 177.1 (oğurluq), 178.1 (dələduzluq), 179.1-ci (mənimsəmə və ya israf etmə) maddələrində cinayət məsuliyyəti yaradan ziyanın məbləği 100 manatdan 500 manata qaldırılıb, xeyli miqdar 5.000 manatdan yuxarı, 50.000 manatdan artıq olmayan həddə, külli miqdar 50.000 manatdan yuxarı, lakin 500.000 manatdan artıq olmayan həddə müəyyən olunub; həmçinin 500.000 manatdan yuxarı olan məbləğ "xüsusilə külli miqdar” anlayışı ilə ehtiva edilir.

 - O zaman sadaladığınız maddələrin həbsxanalarda cəza alanların işinə müsbət təsiri olacaqmı?

 - Açıq danışaq, bu maddələrin orada illərlə yatan və əksəriyyəti də günahsız olan (azı, kriminal hüquq qarşısında) insanların nə qədər geniş dairəsini əhatə edəcəyini söyləməyə çətinlik çəkirəm. Məsələ ondadır ki, qanun layihəsi ilə yaxından tanışlığa vaxt olmayıb, statistikamız isə elə bərbad gündədir ki, oradan bu cür məlumatları çıxarmaq iynə ilə gor qazmaq kimi əzablı işdir. Amma ilk baxışdan görünən budur ki, layihə azadlığa çıxmağa (istər şərti olsun, istər şərtsiz) can atanların qarşısında həbsdə yatanların çoxu üçün sadəcə əlçatmaz olan şərtlər qoyur: zərərçəkən(i)ləri razı sal, ziyanı ödə, dövlətə cəriməni ödə. Əksəriyyəti ölkədəki pis idarəçiliyin – korrupsiyanın, məmur özbaşınalığının, yüksək vergilərin, qanunsuz yığımların, monopoliyanın və hökumətin çox sayda pis işlərinin qurbanı olan bu adamların məhkəmə qərarlarında ayaqlarına yalan-doğru yazılan o pulları olsa idi, vaxtında ödəyib heç həbsə düşməzdilər. Adam 5-10 il yatıb, indi onun qarşısında şərt qoyurlar ki, zərəri ödə, cəriməni ver, hələ ondan sonra da məhkəmə işinə baxsın ki, səni "azad edə bilər” (bizdə, bu, həm də o deməkdir ki, məhkəmənin də pulunu ver), ya bilməz. Ona görə ekspertlərin (təkcə onların yox) bu fikirdə olması əsassız görünmür ki, bu maddələr pullular -  məmurlar, daha doğrusu, məmur-oliqarxlar, biznesmenlər, bir sözlə, büdcəni yeyib-dağıdıb sonra yuxarıların qəzəbinə düçar olanlar üçün nəzərdə tutulub. Hazırda həbsxanalar belələri ilə doludur və neft-qaz gəlirləri azaldıqca, sayları da artmaqda davam edəcək.

- İntiqam müəllim, narkotiklə bağlı maddələri çoxu "milli maddə” adlandırır: ölkə həbsxanalarında cəza çəkənlərin əgər yarısı deyilsə də, xeyli hissəsi narkotiklə əlaqəli tutulanlardır. Yeniliklər onlara da şamil ediləcəkmi?

 - "Narkomaniya xəstəliyi ilə əlaqədar cinayət məsuliyyətdən azad etmə” adlı yeni 74-1-ci maddəyə görə, CM-in 234.1-ci (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma) maddəsində nəzərdə tutulmuş cinayəti törətmiş, əməlində başqa cinayət tərkibi olmayan və narkomaniya xəstəliyinə düçar olmuş şəxs barəsində bu xəstəliklə əlaqədar stasionar qaydada tibbi xarakterli məcburi tədbirləri tətbiq edilir. Həmin şəxsin tam sağalması nəticəsində tibbi xarakterli məcburi tədbirlər ləğv edildikdə, o məhkəmə tərəfindən cinayət məsuliyyətdən azad edilir. Qanunvericiliyin bu sahədə liberallaşdırılmasının vacibliyi barədə çoxdan danışılırdı. CM-ə edilən əlavə bu istiqamətdə ilk addımlardan biridir. Amma hökumətin bu sahədə görməli olduğu işlər təkcə qanunlarla məhdudlaşmamalıdır. Narkomaniyanın sosial, iqtisadi və digər səbəbləri var. Onları aradana qaldırmadan bu bəlanın kökünü kəsmək çətin olacaq. Hər halda, bu addımı təqdir etmək gərək.   

 - CM-ə təklif olunan və ən çox mübahisəyə səbəb olan əlavələrdən biri də azadlığın məhdudlaşdırılması ilə bağlıdır. Əvvəla, mümkünsə aydınlıq gətirin ki, bu, nə deməkdir, hansı hallarda tətbiq oluna bilər və narahatlığın səbəbi nəsir?

- İlk dəfə olaraq cəzanın növlərinə azadlığın məhdudlaşdırılması  (42.0.9-1) da daxil edilib və o, əsas cəza kimi tətbiq oluna bilər. CM-ə "Azadlığın məhdudlaşdırılması” adlı ayrıca norma – 52.1-ci maddə əlavə edilir. Həmin maddəyə görə, azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmaqla azadlıq hüququnun məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməsinə məhdudiyyət qoyur. Bundan başqa, məhkəmə məhkum üçün aşağıdakı əlavə vəzifələri müəyyən edə bilər: həftədə bir dəfə cəzanın icrasına nəzarət edən orqana gələrək qeydiyyatdan keçmək; məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, habelə həmin hüdudlar daxilində müəyyən yerlərə getməmək; elektron nəzarət vasitələrini gəzdirmək və həmin vasitələrin işinə xidmət etmək; kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək; cəzanın icrasına nəzarət edən orqanın razılığı olmadan yaşayış yerini dəyişdirməmək, habelə həmin orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq; alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək; məhkumun islah olunmasına kömək edən digər vəzifələr. Ümumilikdə, bu cəza növünün cinayət qanunvericliyinə gətirilməsi təqdirəlayiqdir, işləyəcək, ya yox, necə işləyəcək, bu, ayrıca söhbətin mövzusudur. Əslində, bu norma CM-də olub, lakin hökumət qəsdənmi (adamları tutub içəri salanda, onları soymaq, ağzını yummaq, əzmək, sındırmaq daha rahat olur), xəsislikdənmi (bu iş yetərincə resurslar tələb edir), tənbəllikdənmi (bu iş həm də bacarıq və zəhmət istəyir), ya da hər üç səbəbdən (daha böyük ehtimalla) bunu "dar gününə” saxlayıb. Bütün hallarda, həbsdənsə, məhdud da olsa azadlıqda olmaq daha cəlbedici görünə bilər. Amma bu yeni cəza növü ilə bağlı müddəalarla tanışlıq bəzi suallar da yaradır.

- Hansı suallar?

Əvvəla, bu cəza növü ilə bağlı qaydaları, şərtləri müəyyənləşdirən zaman ictimai, siyasi fəalların yaddan çıxarılmadığı aydın görünür. Yeniliklərdə adama gəl-gəl deyən məhdudiyyətlərdən birini nümunə gətirim: Məhkəmənin məhkum üçün müəyyən edə biləcəyi əlavə vəzifələr arasında kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək vəzifələri də var. Xeyli suallar yaranır. Kütləvi tədbir deyəndə nə nəzərdə tutulur? Əgər "Sərbəst toplaşmaq azadlığı" haqqında Qanundakı toplantılar nəzərdə tutulursa, bunu elə bu cür də yazmaq olardı. Yox, başqa şey(lər) nəzərdə tutulursa, o(nlar) nədir? Məsələn, hər hansı partiya, QHT, hərəkat 100 nəfərlik bir konfrans, anım gecəsi, debat  keçirir, azadlığı məhdudlaşdırılan şəxs onlarda iştirak edə bilməzmi? Və ya "Qarabağ"la "Roma"nın oyununa tamaşa etmək ona yasaq edilə bilərmi? Və ya 300-500 nəfərlik toya, dəfn mərasiminə qatılmağa, Məmməd Əmin Rəsulzadənin doğum günündə onun abidəsini, Elmar Hüseynovun ölüm günündə onun məzarını ziyarət etməyə necə, icazə verilirmi? Adamın sayı nə qədər olanda o kütləvi olacaq və ora getmək qanun pozuntusu sayılacaq? Və ya "məhkəmənin müəyyən etdiyi ərazi hüdudları” ifadəsi. Öncəki maddə kimi bu da bizim hər an potensial məhbusa çevrilə bilən siyasi və ictimai fəallarımızın boynuna biçilib. Ədalət mühakiməsinin indiki durumunda məhkəmə bu müddəalara istinad edərək rahatlıqla siyasi məhbusun üzərinə, toya, yasa, konsertə, futbol yarışına, konfransa, toplantıya qatılmamaq vəzifələrini qoya bilər. O qədər belə absurd qərarların şahidi olmuşuq ki. Məhkəmənin "Məhkumun islah olunmasına kömək edən digər vəzifələr” müəyyən etmək səlahiyyəti isə onlara hüdudsuz imkanlar verir ki, həmin fəalın üzərinə ağlabatan və ağlabatmayan vəzifələr qoysun. İndi topluma, Avropa Şursına, digər beynəlxalq təşkilatlara bəh-bəhlə təqdim olunan norma ilə adamı elə təhqiramiz duruma sala bilərlər ki, həbsdə yatmaq, bu cür azadlıqda olmaqdan daha abırlı olar. Belə anlayıram ki, bundan sonra ictimai və siyasi fəallara qarşı daha çox bu maddədən istifadə olunacaq. Adamı tutmursan, amma həftədə bir dəfə qeydiyyatdan keçmək kimi təhqiramiz prosedurla, həmçinin çölə-bayıra çıxmaq, danışmaq, işləmək imkanını, partiya toplantısına, konfransa, seminara, mitinqə getmək (siyahını uzada da bilərdim, amma bunlar da yetərli) haqqını əlindən almaqla, onu faktiki olaraq tamamilə zərərsizləşdirirsən. Tısbağanı arxası üstə çevirdin, ya da öldürdün, buna oxşar şeydir. Səni danlayan beynəlxalq təşkilatların da ağzı yumulur (hələ tuthatutda üzümüzə "başqa yerlərdə adamları öldürürlər, siz şükür edin ki sizdə öldürmürlər” deyənlər az deyildi, indi də deyəcəklər, başqa yerdə adamları həbsə atırlar, şükür edin ki, sizdə azadlığınızı məhdudlaşdırırlar. Bir sözlə, bir güllə ilə iki dovşan ovlamaq məsələsi... 

- Səhv etmirəmsə, layihədə təklif olunan dəyişikliklərdən biri də şəxsən sizə toxunur deyəsən?

- Hə, özü də təkcə mənə yox. Məhkəmələrə şərti məhkumetmə təyin edərkən məhkumun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış, təhsil, iş yerlərini dəyişməmək, müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək, ailəsinə maddi yardım göstərmək vəzifəsi qoymaq hüququ verib. Layihədə (70.5-ci maddə) bu dairəyə daha bir vəzifə əlavə edilir: elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işinə xidmət etmək. Məhkəmə, məhkumun üzərinə onun islah olunmasına kömək edən digər vəzifələr də qoya bilər."Şərti məhkum etmənin ləğv edilməsi və ya sınaq müddətinin uzadılması” adlı 71-ci maddə isə "xidmət” sözünün əhatə dairəsini məhkumun üzərinə qoyulan yeni vəzifələr hesabına genişləndirir. Çox güman, hökumət bundan sonra həbsdə də, həbsdən çıxandan sonra da dinc oturmayan siyasi məhbusları bu yolla kiçik türmədən böyüyünə buraxacaq. Dəyişikliyə görə, sınaq müddətində məhkəmə tərəfindən onun üzərinə qoyulmuş vəzifələri mütəmadi və ya qərəzli olaraq yerinə yetirməkdən boyun qaçıran şərti məhkum edilmiş şəxslərlə yanaşı, elektron nəzarət vasitəsini gəzdirməkdən imtina edən, onu zədələyən və ya digər üsulla yararsız vəziyyətə salan, üzərindən çıxaran, yaxud həmin vasitənin işinə xidmət etməyən "şərti məhkumlar” barəsində, məhkəmə qərarlarının icrasına nəzarət edən dövlət orqanının təqdimatı əsasında məhkəmə, şərti məhkumetmənin ləğv edilməsi və hökmlə təyin olunmuş cəzanın icra olunması haqqında qərar çıxarır. Fikir verdinizsə, burada göstəriş birmənalıdır, imperativdir: "çıxara bilər” yox, çıxarır. Halbuki təqsirləndirilən şəxslərin və ya məhkumların hüquqları ilə bağlı hissələrdə bir qayda olaraq, "bilər” (məsələn, "azad ed(il)ə bilər”) ifadəsindən istifadə olunur. Yeri gəlmişkən, hazırda qüvvədə olan maddənin mətnində "çıxara bilər” yazılıb. Yəni, hakimiyyətin məsələn, mənim və ya dəyərli jurnalistimiz Xədicə İsmayılın qoluna taxdığı elektron nəzarət vasitəsi hər hansı səbəbdən yararsız hala düşdükdə və ya biz ona layiqincə xidmət göstərmədiyimiz səbəbindən xarab olduqda, bizim 3 və 5 illik şərti cəzalarımızı məhkəmə ləğv edib bizi yenidən həbsxanaya göndərməlidir (göndərə bilər yox!).

Qanun elektron nəzarət vasitəsinin üzrlü səbəbdən sıradan çıxa bilməsi variantını nəzərdə tutmur, bizə və gələcəkdə şərti azadlığa buraxılacağı təxmin edilən dostlarımıza (çox güman, İlqar Məmmədov, İlkin Rüstəmzadə, Fuad Qəhrəmanlı, Gözəl Bayramlı, Əli İnsanov, Möhsüm Səmədov, Abgül Süleymanov, yaxın zamanlarda buraxılacağı inandırıcı görünməsə də, Taleh Bağırzadə, Abbas Hüseynov və başqaları) bu hallarda özünü müdafiə etmək üçün şans qoymur. Hansı ölkədə elektron nəzarət vasitəsinin yararsız hala düşməsinə görə adamı həbsxanaya göndərirlər?! Özbaşınalıq və korrupsiya (daha çox adi adamlara münasibətdə) üçün geniş imkanlar açan səfeh, yoxsa düşünülmüş yanaşma...  

 İndi mən oturub dərd çəkirəm ki, görəsən, bu elektron nəzarət vasitəsi nə olan şeydir və mən onunla, məsələn, dənizə çimməyə, ya da dəniz cəhənnəmə, hamama çimməyə necə gedəcəm, onu "üzərimdən” çıxartsam, məni yenidən tutacaqlar, çıxartmasam, içinə su düşüb xarab olacaq (çox güman ki, verəcəkləri mal da "kitayski” olacaq) və məni yenə tutacaqlar. Belə çıxır ki, biz şərti azadlıqda olduğumuz müddətdə (mənim beş ildən üç il yarımım qalıb) çimməməliyik?!

 - İntiqam müəllim, dəyişikliklər sırasında ömürlük azadlıqdan məhrum olunanlarla bağlı məsələ dı var. Bu barədə nə deyə bilərsiniz?

 - Ömürlüklərlə bağlı olan və onlara hansısa ümidlər verən yeniliklər əsasən, CM-in 57.3-cü maddəsinə edilən dəyişiklik və Məcəlləyə 76.8-ci maddə kimi təklif olunan əlavədə nəzərdə tutulub. Müddətlə bağlı bir dəyişiklik edilib. 57.3-cü maddədə deyilirdi ki, məhkəmə, ömürlük azadlıqdan məhrum etmə növündə cəza çəkən məhkumun azadlıqdan məhrum etmənin ən azı 25 ilini həqiqətən çəkdiyini, həmçinin onun bu cəzanı çəkdiyi müddətdə qəsdən cinayət törətmədiyini nəzərə alaraq və məhkumun həmin cəzanı çəkməsinə daha lüzum olmadığı qənaətinə gələrsə, ömürlük azadlıqdan məhrumetmə cəza növünü müəyyən müddətə azadlıqdan məhrumetmə ilə əvəz edə və ya onu bu cəzadan şərti olaraq vaxtından əvvəl azad edə bilər. Qeyd olunan qaydada ömürlük azadlıqdan məhrum etmə cəza növü 15 ilədək müddətə azadlıqdan məhrum etmə ilə əvəz edilə bilər. İndi bu müddət 10 ilə endirilib.

76.8-ci maddədə göstərilir ki, məhkəmə ömürlük azadlıqdan məhrum etmə növündə cəza çəkən şəxsin azı iyirmi beş il cəza çəkməsini, habelə cəza çəkdiyi müddətdə ağır və ya xüsusilə ağır cinayət törətmədiyini nəzərə alaraq məhkumun cəza çəkməsinə lüzum olmadığı qənaətinə gələrsə, onu cəza çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edə bilər. Həmin şəxslərin cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsi zamanı məhkumun cəza çəkdiyi dövrün son beş ili ərzində cəza çəkmə üçün müəyyən edilən qaydalara əməl etməsi halları nəzərə alınır.

Bütün hallarda bu maddə də adları siyasi məhbus siyahılarında çəkilən bir sıra məhbusların azadlığa buraxılması üçün nəzərdə tutulub. Onlardan 20 ildən çox həbsdə yatanları var, əksəriyyəti də ağır xəstələrdir. Əgər bu dəyişikliklər onları azadlığa qovuşdursa və özlərinin də dediyi kimi, ölümü ləyaqətli şəraitdə, doğmaları arasında qarşılamaq arzusuna çatsalar, toplum bu yükdən də, gec də olsa, xilas olardı.
 
 


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Müsahibə

İH şöbə müdiri: Problem müharibə iştirakçılarının işsizliyidir

17 İyul 2022

Toplum TV

Qazi Elvin Cəfərovun Sabirabad rayon İcra Hakimiyyəti qarşısında özünü yandırmasından sonra Toplum TV icra başçısı Siraqəddin Cabbarova  iki  dəfə müsahibə üçün müraciət edib, ancaq başçı hər dəfə çox məşğul olduğunu bildirərək müsahibə verməyib. Suallara  Sabirabad rayon İcra Hakimiyyəti yanında Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Müslüm Rzayev cavab verib. -Elvin Cəfərovdan başqa da Sabirabadda qazi intiharları olub. Sizcə niyə qazilər etiraz üçün son varianatı - intiharı seçirlər? - Özünü asan qazini nəzərdə tutursunuz yəqin. Onun da ailəsi intiharın səbəbi ilə bağlı müraciət edib, bizim rəhbərlik onları qəbul edib, dinləyib. Kim bu barədə soruşursa, öyrənmək istəyirsə,...
Müsahibə

Rasim Balayev AKİ-yə sədr seçildi

31 May 2022

açıq mənbədən götürülüb

Azərbaycan Kinematoqrafçılar İttifaqının (AKİ) İdarə Heyətinin ümumi yığıncağı baş tutub. Report-un xəbərinə görə, Xalq artisti Rasim Balayev ittifaqın sədri seçilib. Toplantını Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar Rzayev açıb və ittifaqın sədrliyinə Rasim Balayev namizədliyinin irəli sürüldüyünü deyib. Anar Rzayev seçkinin açıq səsvermə ilə keçirilməsini təklif edib və onun təklifi qəbul olunub. Açıq səsvermə ilə Rasim Balayev Azərbaycan Kinematoqrafçılar İttifaqının yeni sədri seçilib. İttifaqın əvvəlki sədri Xalq yazıçısı Rüstəm İbrahimbəyov martın 10-da Rusiyada vəfat edib. O, Birinci Fəxri Xiyabanda dəfn olunub.

Seçilmiş Videolar

Toplum TV loqo