20:06, 21 Oktyabr 2019 (Bazar ertəsi) 386

SMDT etiraz aksiyaları ilə bağlı bəyanat yayıb

SMDT etiraz aksiyaları ilə bağlı bəyanat yayıb
Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzi Bakıda keçirilmiş son dinc etiraz aksiyaları zamanı sərbəst toplaşmaq
azadlığının kobud şəkildə pozulması ilə bağlı bəyanat yayıb.

Bu barədə SMDT rəsmi saytında məlumat verilib.

Bəyanatda deyilir ki : "Demokratik Qüvvələrin Milli Şurasının 19 oktyabrda şəhərin mərkəzində planlaşdırdığı dinc etiraz mitinqi çoxsaylı polis əməkdaşlarının kobud müdaxiləsi ilə müşayiət olunaraq, xeyli sayda vətəndaşın bədən xəsarətləri alması, saxlanması və həbs edilməsi ilə nəticələnib.  Mitinq öncəsi Xalq Cəbhəsi Partiyasının 2  üzvü barədə siyasi motivlərlə cinayət işi açılıb, 17 nəfər isə inzibati məsuliyyətə cəlb olunaraq həbs edilib. Hazırda əksəriyyəti partiya rəhbərliyindən olmaqla ən azı 28 nəfər AXCP və 3 Müsavat  üzvü həbsdədir.

Oktyabrın 20-də isə bir qrup ictimai fəal "Qadınlara qarşı şiddətə yox” tələbi ilə etiraz yürüşü keçirərkən, polislərin kobud müdaxiləsi ilə üzləşib, həm fəallar, həm də jurnalistlər müxtəlif bədən xəsarətləri alıblar.

SMDT sərbəst toplaşmaq azadlığından istifadə edən insanların həbs edilməsini, ağır işgəncələrə və digər qeyri-insani rəftara məruz qalmasını şiddətlə qınayır, aksiyalarla bağlı barələrində cinayət işi açılanların, inzibati qaydada həbsə məruz qalan şəxslərin dərhal azad edilməsini, siyasi fəallara və jurnalistlərə qarşı zorrakı və qeyri-insani rəftara yol verən polis əməkdaşlarının məsuliyyətə cəlb olunmasını tələb edir, hakimiyyəti sərbəst toplaşmaq azadlığı ilə bağlı üzərinə götürdüyü beynəlxalq öhdəlikləri yerinə yetirməyə çağırır".
 
 
Bəyanatla daha ətraflı buradan tanış ola bilərsiniz.