15:03, 11 Yanvar 2021 (Bazar ertəsi) 151

SOCAR-ın əməkdaşı: "Silahlı Qüvvələrə Yardım Fondu üçün bütün fəhlələrin maaşından 20 manat tutulub"

SOCAR-ın əməkdaşı:
FOTO:sosial media

"SOCAR oktyabr ayı maaşımızdan Silahlı Qüvvələrə Yardım Fonduna pul yığdı, amma siyahıda şirkətin adı yoxdur. Bu pullar hara gedir?” 

Bunu "Toplum TV”yə SOCAR-da işini itirməmək üçün adının çəkilməsini istəməyən işçilərdən biri deyib. 

Onun sözlərinə görə, İkinci Qarabağ müharibəsi başlayana SOCAR Silahlı Qüvvələrə Yardım Fondu üçün bütün fəhlələrin oktyabr maaşından 20 manat tutub, amma növbəti ay fonda yardım edən şirkətlərin arasında SOCAR-ın adı olmayıb: "Əgər pulu köçürsəydilər, "YAŞAT” Fonduna edilən yardımı elan etdikləri kimi bunu da edərdilər. Bunlar bir yaxşılıq edəndə dünya-aləmə car çəkirlər. Amma heç siyahıda da şirkətin adı yoxdur”. 

Şikayətçi deyir ki, pulun yığılmasına etiraz etmir, lakin kimlərinsə fondun adından istifadə etməsi doğru deyil: "Pul heç, o pulla biz kasıblamırıq. Mənim istədiyim odur ki, pulu hansısa harınlamış məmur yeməsin, həqiqətən də, əsgərə, qaziyə, şəhid ailəsinə çatsın”.

Oktaybarın 9-da SOCAR-ın "Feysbuk” səhifəsində yazılmışdı ki, Dövlət Neft Şirkətinin törəmə şirkəti (CDC) Azərbaycanın Silahlı Qüvvələrinin Yardım Fonduna 17 milyon manat vəsait köçürüb. 

Məlumatda həmçinin SOCAR işçilərinin könüllü topladıqları 5 milyon manata yaxın məbləğin də Yardım Fonduna köçürüləcəyi qeyd olunurdu. 

Noyabrın 23-də "banker.az” saytında Silahlı Qüvvələrə Yardım Fonduna ianə edən şirkətlərin siyahısı açıqlanıb. Siyahıda liderlik SOCAR-ın törəmə şirkətinə məxsus olsa da, neft şirkətinin adı siyahıda olmayıb. 

Bəs 5 milyonu kimdən soruşaq: Silahlı Qüvvələrə Yardım Fondundan, yoxsa SOCAR-dan?
 
Dövlət Neft Şirkətinin mətbuat xidmətinin rəhbəri İbrahim Əhmədov "Toplum TV”yə açıqlamasında iddilarla razılaşmır. O deyir ki, SOCAR noyabrın 20-də Silahlı Qüvvələrə Yardım Fonduna 4 milyon 852 min 530 manat pul köçürüb: "Fondun hesabatı daha əvvəl toplanıb dərc olunduğuna görə, saytlarda şirkətin adı çıxmayıb. Bunu fonddan soruşmaq lazımdır ki, niyə şirkətin adını açıqlamayıb”.  

 İbrahim Əhmədov
 FOTO:qazet.az

Müdafiə Nazirliyinin mətbuat katibi Vaqif Dərgahlı isə fonda yardım edənlərin siyahısını açıqlamadıqlarını deyir: "Bunu SOCAR-ın özündən soruşun, biz siyahı göstərmirik”.  
 

 Vaqif Dərgahlı
 FOTO:turan.az

Şikayətçi: "YAŞAT” Fonduna da təkcə baş ofisdəkilər yox, bütün işçilər yardım edib" 

Şikayətçi deyir ki, "YAŞAT” Fonduna yardım edilən zaman da oxşar problemlər yaşanıb. Belə ki, ötən ay şirkət bütün işçilərin maaşından "YAŞAT” Fondu üçün pul yığılsa da, yalnız baş ofisdə çalışanların yardım etdiyini qeyd edib.

Dekabrın 30-da şirkətin rəsmi saytında bildirilib ki, SOCAR-ın baş ofisinin işçiləri əməkhaqlarının 10 faizini "YAŞAT” Fonduna köçürür, lakin bu xəbərə şirkətin digər çalışanları da biganə qalmayıb. Hətta SOCAR-ın "Feysbuk” səhifəsində bu paylaşıma etiraz edənlər olub.  

Onlardan bir neçəsini təqdim edirik:

"Tək SOCAR-ın baş ofisinin əməkdaşları deyil, bütün SOCAR ailəsi, qaz-ixrac idarəsinin əməkdaşları da əməkhaqlarının 10 faizini bağışlayıblar”. 

"Tək baş ofis deyil, "Azneft” İB də köçürüb”. 

"SOCAR-ın Təhlükəsizlik İdarəsinin əməkdaşları da bu təşəbbüsə qoşulub”. 

"Azərikimiya İB-nin bütün işçiləri əməkhaqlarının 10 faizini "YAŞAT” fonduna köçürüb”. 

"Məncə, başlığı dəyişsəniz, doğru olar! Baş ofis yerinə bütün işçiləri yazın!”

Onun sözlərinə görə, əməkhaqlarının 10 faizi təxminən 40 manatdan 150 manatadək qalxır. 

Dediyinə görə, o, Silahlı Qüvvələrə yığılan pulun taleyindən xəbərsiz olduğundan "YAŞAT”  üçün ərizə yazanda pulu rəhbərliyə vermək istəməyib.

"İkinci dəfə ərizə yazanda mən rəisimə dedim ki, mən pulu sizə vermək istəmirəm, özüm aparıb köçürəcəyəm. O da səsini başına atdı ki, sən, mən kimik, onlardan hesabat alaq. İdarə deyir ki, yığılmalıdır, vəssalam. Hətta mənə dedi ki, sən ərizə yaz, səndən tutulan pulu cibimdən verəcəyəm”, - şikayətçi belə deyir. 

İbrahim Əhmədov "YAŞAT” Fonduna edilən yardımla bağlı məsələyə də münasibət bildirib. 

O deyib ki, yardım edən müəssisələrin adı ayrı-ayrılıqda açıqlanır: "Keçən həftə "Azneft”, bu yaxınlarda "Azərkimiya” haqqında məlumat vermişik. Hər bir müəssisə qərarı ayrıca verdiyi üçün biz də onları elə qeyd edirik”.

Şikayətçi isə İbrahim Əhmədovun dedikləri ilə razılaşmır. O deyir ki, hazırda nə SOCAR-ın rəsmi saytında, nə də "Feysbuk” hesabında bu haqda məlumat var...

Aytac Məmmədli