19:45, 29 Oktyabr 2019 (Çərşənbə axşamı) 73

SOCAR-ın qayığında partlayış olub

SOCAR-ın qayığında partlayış olub
Oktyabrın 29-da saat 13 radələrində paytaxtın Pirallahı rayonunun Gürgan qəsəbəsi yaxınlığında Xəzər dənizində Dövlət Neft Şirkətinin (SOCAR) kiçik həcmli ekspedisiya qayığında partlayış baş verib.

Məlumatı Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti yayıb.

Baş vermiş hadisə nəticədə şirkətin əməkdaşı Habil Məmmədov hadisə yerində vəfat edib, digər əməkdaşları Azər Vəliyev, Bəhruz Paşayev və müqavilə əsasında xidmət göstərən qayıqçı Böyükağa Xəlilov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. 

Hadisə zamanı xəsarət alanlar Səhiyyə Nazirliyinin rəhbərliyi tərəfindən xüsusi nəzarətə götürülüb və hazırda onların vəziyyəti orta-ağır qiymətləndirilir.
 
Faktla bağlı Bakı Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

Hazırda Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzi, Fövqəladə Hallar Nazirliyi, "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin ekspert və mütəxəssislərinin iştirakı ilə hadisənin baş vermə səbəblərinin və sair xüsusatların araşdırılması istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri həyata keçirilir.