15:38, 14 Noyabr 2018 (Çərşənbə) 192

Son 2 ayda əmək haqları azalıb

Son 2 ayda əmək haqları azalıb
2018-ci ilin oktyabrın 1-nə Azərbaycan iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 540.5 manat olub.

Dövlət Statistika Komitəsinin (DSK) noyabrın 13-də yaydığı məlumatda belə yazılıb.

DSK bildirir ki, ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 1.7 faiz artaraq 1 milyon 552.7 min nəfərə çatıb.

Qurum, eyni zamanda, vurğulayır ki, əmək haqları da ilin əvvəli ilə müqayisədə 2.8 faiz artıb.

Amma DSK-nın əvvəlki aylarının göstəricilərinə nəzər yetirdikdə isə bəlli olur ki, ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqısı son 2 ayda azalıb.

DSK sentyabrın 1-də orta aylıq əməkhaqqının 541.2, bundan da bir ay əvvəl də 542.3 manat olduğunu açıqlamışdı.