20:45, 16 Oktyabr 2019 (Çərşənbə) 919

Son 9 ayda inflyasiya nə qədərdir?

Son 9 ayda inflyasiya nə qədərdir?
Bu ilin 9 ayında inflyasiya 2.8 faizə çatıb. 

Məlumatı Dövlət Statistika Komitəsi (DSK) yayıb. 

Bildirilir ki, bu ilin yanvar-sentyabr aylarında istehlak məhsullarının və xidmətlərin qiymətləri 2018-ci ilin müvafiq dövrünə nisbətən 2,6%, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatlarının qiymətləri 3,5%, qeyri-ərzaq mallarının qiymətləri 1,3%, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri 2,4% artıb.

Həmçinin sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 2019-cu ilin yanvar-sentyabr aylarında 34,7 milyard manatlıq və ya 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 1,7 faiz çox sənaye məhsulu istehsal edildiyi deyilir. 

Sənayenin qeyri neft-qaz sektorunda məhsul istehsalı isə 15,6 faiz artıb. Sənaye məhsulunun 69,9 faizi mədənçıxarma sektorunda, 25,2 faizi emal sektorunda, 4,2 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0,7 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunub.

Mədənçıxarma sektorunda da neft hasilatı 2,8 faiz azalıb, əmtəəlik qaz hasilatı isə 29,3 faiz artıb.

Emal sektorunda ağacın emalı və ağacdan məmulatların istehsalı 99,0 faiz, tütün məmulatlarının istehsalı 78,5 faiz, hazır metal məmulatlarının istehsalı 78,1 faiz,  kompüter, elektron və optik məhsulların istehsalı 77,2 faiz, içkilərin istehsalı 40,4 faiz, toxuculuq sənayesi məhsullarının istehsalı 39,2 faiz, mebel istehsalı 29,5 faiz, maşın və avadanlıqların quraşdırılması və təmiri işləri 28,2 faiz, rezin və plastik kütlə məmulatlarının istehsalı 26,1 faiz, kağız və karton istehsalı 25,0 faiz, kimya sənayesi məhsullarının istehsalı 20,6 faiz, qida məhsullarının istehsalı 15,1 faiz, əczaçılıq məhsullarının istehsalı 12,6 faiz, poliqrafiya məhsullarının istehsalı 11,8 faiz, geyim istehsalı 10,6 faiz, tikinti materiallarının istehsalı 4,2 faiz, maşın və avadanlıqların istehsalı 1,8 faiz artıb. Neft məhsullarının istehsalı 1,0 faiz, elektrik avadanlıqlarının istehsalı 8,5 faiz, sair nəqliyyat vasitələrinin istehsalı 11,9 faiz, metallurgiya sənayesi məhsullarının istehsalı 14,6 faiz, dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı 25,2 faiz, avtomobil, qoşqu və yarımqoşquların istehsalı isə 32,2 faiz azalıb.

Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsalın həcmi 2,5 faiz, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda isə 7,4 faiz artıb.
Azərbaycan hökuməti bu ilin sonuna ölkədə inflyasiyanın 3,8% təşkil edəcəyini proqnozlaşdırır. Ötən il Azərbaycanda inflyasiya 2,3% təşkil edib.

İqtisadçı Toğrul Maşallı Toplum TV-yə deyib ki, bu rəqəmlər əsasən  qiymət artımıyla bağlı olduğu üçün elə də inandırıcı görünmür: "Bu rəqəmlərə inanmaq bir qədər çətindir. Qiymət artımı Dövlət Statistika Komitəsi tərəfindən müvafiq güzəştli  məlumatlar əsasında hesablanır”.

İqtisadçının sözlərinə görə, bəzi alternativ hesablamalar var ki, orada bu rəqəm 7.3 -8 faiz müşahidə olunur. 

"Rəsmi məlumat reallığı əks etdirmir. Çünki onların məlumatları qiymət indeksi əsasında aparılır. Qiymət indeksində bir sıra məhsul üzərində qiymətlər əks olunmayıb, əks olunan məhsullar isə düzgün hesablanmayıb. Onların qiyməti reallıqda olandan bahadır”, - Marşallı qeyd edib.

Toğrul Marşallının fikrincə, hökumət məqsəd qoyub ki, bu il ərzində yalnız 1 rəqəmli yox, hətta çox aşağı infilasiya -2-3%-ə  nail  olsun: "Mərkəzi Bank və digər qurumlar çalışırlar ki, bu məqsədə nail olsunlar. Düzdür, bu məqsədə onlar müxtəlif real üsullarla yox, əsasən, müxtəlif statistikalar vasitəsilə nail olmaq istəyirlər. İnflyasiya deyilən rəqəmdən 3 dəfə artıq olmalıdır”.

Elmar Əziz