15:43, 20 Fevral 2018 (Çərşənbə axşamı) 994

Sosial media xəbərçiliyi ənənəvi medianı qabaqlayırmı?

Sosial media xəbərçiliyi ənənəvi medianı qabaqlayırmı?
Bu gün Azərbaycanda 7 milyona yaxın insan internet istifadəçisidir. Onlardan 1,73 milyonu "facebook”dan istifadə edir. (mənbə: orkhanrza.com) 

Əvvəllər "qəzet” "jurnal” formasında olan media internet sayəsində yerini saytlara verdi. Artıq müasir dövrdə, xəbər saytları da öz yerini sosial şəbəkələrə verir. Dünyada insanların çoxu xəbərləri sosial şəbəkələrdəki paylaşımlardan alır. Buna həm media qurumlarının, həm də aktiv xəbər paylaşan şəxslərin yazdıqları daxildir.

İnsanların "sosial media xəbərçiliyi”-nə üstünlük verməsinin əsas səbəbi ənənəvi xəbərçilikdən fərqli olaraq, sosial mediada həmin xəbərlərə öz fikirlərini ictimai deyə bilməsidir, bu da onları "passiv oxucu”dan "aktiv oxucuya” çevirir.

Sosial medianın informasiya mənbələrini artıraraq məlumatı obyektivliyə yaxınlaşdıracağı düşünülürdü. Artıq insanların tərəfsiz xəbərlər ala biləcəyinə, bir xəbəri fərqli mənbələrdən yoxlayacağına ümid edilirdi. 

Lakin bu gün sosial mediada xəbərçilik "clik bait” prinsipinə əsaslandığı üçün məzmunun tərəfsiz və keyfiyyətli olmasından əvvəl oxucu diqqətini çəkməsi planlanır. 
 
 

Sosial media mütəxəssisi Orxan Rzayev yayımladığı məqalədə, "Dijital marketinqdən danışanda ilk ağla gələn sosial media olur. İstənilən marketinq, PR işi həyata keçirəndə (ənənəvi və ya rəqəmsal) siz o fəaliyyəti sosial mediaya daşımalısınız, yəni o fəaliyyətiniz sosial mediada öz əksini tapmalıdır. Ona görə də hazırda sosial media marketinqini (SMM) düzgün qurmaq, demək olar ki, ilk addımlardan biri olmalıdır” - deyir.

"SMM (Social Media Marketing) və ya sosial şəbəkələrdə marketinq — məhsulların və ya xidmətlərin sosial şəbəkələrdə önə çəkilməsi (promosyonu), reklam olunmasıdır”.

SMM adətən başlıqların məzmunla  əlaqəsiz olmasına gətirib çıxarır. Nəticədə "oxucu sayı artırmaq” və "anlıq” diqqət çəkməyə planlanmış başlıqlar yaranır. Digər yandan da sosial şəbəkələr sizin bəyəndiklərinizə uyğun xəbərlər qarşınıza çıxardır. (Məsələn, "Facebook”)

Belə bir vəziyyətdə bu tip başlıqları və sosial media xəbərçiliyini necə dəyərləndirirsiz? Bir xəbəri oxuyanda onu fərqli mənbələrdən yoxlayırsız?

Aytən Məmmədova, 37 yaş:

"Sosial media özlüyündə xəbər qaynağıdır. Amma mütləq o xəbər dəqiqləşdirilməlidir. Çünki sosial mediadakı postların sahibinin yazdığına görə məsuliyyəti yoxdur. Ona görə kimsə ağlına gələni yaza bilər və bunu olduğu kimi götürüb, sonra fakt kimi təqdim eləmək yolverilməzdir. Bununla belə, sosial media həm də istifadəçilərin sayı və əhatə dairəsi baxımından zəngin xəbər mənbəyidir”.

Anonim, kişi, 24 yaş:

"Başlıqlar materialın məzmununa uyğun olmalıdır. Bunu hamı bilir. Saytların əksəriyyəti diqqət çəkmək üçün başlıqları xüsusi seçir. Xüsusilə də məzmunda kriminal hadisə və ya seksuallıq bildirən ifadələr varsa. Əslində onların başlıqları faktoloji olaraq səhv deyil. Məsələn, fərz edək ki, belə bir başlıq var: "Məşhur müğənni yol qəzasına düşdü”. Orta statistik oxucu fikirləşir ki, azərbaycanlı olar. Ancaq xəbəri açıb baxırsan ki, əslində Azərbaycanda çox da məşhur olmayan türk müğənnisi Muazzez Abacı qəzaya düşüb. Əslində yenə də faktiki səhv yoxdu başlıqda. O da müğənnidi, məşhurdu. Ya da belə bir başlıq var: "Nura Surinin ərə getmək istədiyi müğənni - İnsan heç anasına... - VİDEO”. Təbii olaraq ağıla birinci insest əlaqə gəlir. Ancaq əminəm ki, belə bir şey yoxdur, ona görə tələyə düşməmək üçün açmıram həmin xəbəri. 

Hazırda saytlarda hamılıqla qəbul olunan şablonlar var. Başlıqlarda "bu”, "belə” əvəzlikləri çox işlənir, budaq cümlə yarımçıq verilir (məs. "Bu məşhur elə foto çəkdirdi ki...”). 
Prinsip etibarilə bu tip başlıqlı xəbərləri oxumuram, çünki mövzuları, ümumiyyətlə, maraqlı deyil.  Xəbəri fərqli mənbədən yoxlama vərdişi tələbə vaxtımdan var, çünki bizə bunu öyrədiblər.”

Əsli İsmayılzadə, 21 yaş:

"Səhv başlıqlı xəbərləri, ümümiyyətlə, oxumuram. Əgər diqqətimi çəkən məlumat olsa, mütləq yoxlamağa çalışıram”.

Xəyalə İbrahimova, 28 yaş:

"Araşdırma aparmaq, xəbərin doğruluğunu dəqiqləşdirmək mümkün olmur. Məlumat  yetərsizliyi və eyniliyi araşdırma həvəsini də öldürür. Doğrusu, məlumat üçün xarici mediaya müraciət edirəm”.

Zakir Bayramov, 28 yaş:

"Oxucu kütləsinin artması üçün mövzuya uyğun olmayan başlıqların seçilməsi etik deyil, amma bir növü bunu seçim kimi qiymətləndirirəm. Əgər xəbər mənə maraqlıdırsa, bir neçə mənbələrdən araşdırıram. Sosial media xəbərçiliyi bugünümüzdə alternativ fikir formalaşdırıldığı üçün vacibdir və günümüzdə ən yararlı olanıdır”.

Səyyarə Məmmədova
Toplum.TV