20:25, 07 Avqust 2019 (Çərşənbə) 241

Sosioloq: "Ailə institutu çox zəifləyib"

Sosioloq:
Son günlər Zaqatalanın Əliabad qəsəbəsində 17 yaşlı qızın intiharı sosial şəbəkələrdə və mediada erkən nikahlar mövzusunu gündəmə gətirdi. 

Bunun ardınca isə Cəlilabad rayonunun Əliqasımlı kəndində daha bir 17 yaşlı qızın intiharı isə bu mövzunun hələ də Azərbaycan cəmiyyəti üçün aktual olduğunu üzə çıxarıb. 

Azərbaycanda niyə erkən nikah problemi hələ də aktual olaraq qalmaqdadır? Bunun səbəbləri nədir? 

Sosioloq Əhməd Qəşəmoğlu Toplum Tv-yə deyib ki, erkən nikahlar kifayət qədər ciddi məsələdir. 

Sosioloq qeyd edir ki, aidiyyatı qurumlar bu məsələylə bağlı ciddi işlər görmür. 

Ekspertin sözlərinə görə, qız övladlarının hələ də erkən nikaha məcbur edilməsinin bir çox səbəbləri var: "Ölkədə həm iqtisadi, həm də mənəvi cəhətdən müəyyən problemlər var. Qız övladlarını erkən nikaha məcbur edən valideynlər deyirlər ki, onsuz da qızı oxutdurmayacaq.  Səbəb kimi imkanlarının olmadığını bildirirlər. Bundan başqa deyirlər ki, indiki vaxtda qız uşaqlarını evdən kənara, Bakıya buraxmaq istəmirlər. Səbəb olaraq  Bakıda  vəziyyətin çətin olduğunu göstərirlər”.

Ekspert deyir ki, valideynlər  indiki mühiti 40-50 il bundan əvvəllə müqayisə edirlər: "Onlar deyirlər ki,  50 il bundan qabaq Bakı çox rahat bir şəhər idi. İnsanlar qız uşaqlarını rahatlıqla Bakıya gətirib hansısa bir kollecə, ali məktəbə qoyub arxayınlıqla çıxıb gedə bilirdilər. Bilirdilər ki, o məktəblərdə nizam-intizam, yataqxana var. Övladları digər qızlarla birgə qalacaq. Valideynlər belə halda rahat idilər. Belə vəziyyətdə elə də problemlər ortaya çıxmırdı. İnsanlar mənəvi cəhətdən daha yaxşı idi. İndi isə Bakıda bir tərəfdən qadın alveri ilə bağlı söhbətlər gedir, digər tərəfdən,qızlarımızın əxlaqi-mənəvi cəhətdən bəzi xoşagəlməz hadisələrini eşidirik. Bu da valideynlərin qorxmasına gətirib çıxarır”.

Sosioloq qızların oxutdurulmamasının digər bir səbəbini iqtisadi problemlərdə görür: "İndi yataqxanalar da yoxdur. Hazırda qız uşağını Bakıya gətirmək üçün xeyli miqdarda pul xərclənməlidir ki, ona yataqxana, ya da kirayə ev tapa bilsinlər. Kirayə evlərin də qiyməti olduqca yüksəkdir. Valideynlərin böyük bir hissəsinin  imkanı xaricindədir. Məsələnin həm iqtisadi, həm də mənəvi cəhəti bu mövzuda böyük rol oynayır”.

Sosioloqun sözlərinə görə, bu məsələdə dinin də rolu var: "Təəssüf ki, müasir dövrdə din pərdəsi altında cəhalət təbliğ olunur. Təhsilin qarşısını almağa çalışırlar. Nəinki ali məktəblərə, hətta qız uşaqlarını 4-5-ci sinifdən çıxarıb məktəbə getməyə qoymurlar. Həmin valideynlər ilə söhbət etdikdə isə bildirirlər ki, oxumaq vaxt  itkisidir. Digər bir səbəb isə qızların özüdür. 50 il bundan qabaq qızlarımız oxumağa daha çox meyilli idi. Və hər kəs öz gələcəyini oxumaqda görürdü. İndi bədii ədəbiyyat oxumaq aradan çıxıb, maarifləndirmə işləri qaldırılıb. Qız uşaqlarımızın özlərində evlənməyə bir maraq yaranıb. Tələsik ailə qururlar”.

Başqa bir səbəb kimi isə ekspert ailələri günahlandırır: "Təəssüf ki, qız uşaqlarımızın erkən nikaha məcbur edilməsi yayılıb. Ailə institutu çox zəifləyib. Ailə quran qızlarımızın 25 faizi boşanır. Bir tərəfdən erkən nikah olur, digər tərəfdən boşanmaların sayı çoxalır. Nəticədə ortada arzuolunmaz çox böyük bir sosial təbəqə yaranır”.

Gender məsələləri üzrə ekspert İlahə Sadıqova Toplum Tv-yə bildirib ki, erkən nikahların belə hal alması qanun mexanizminin düzgün işləməməsindən irəli gəlir: "Konstitusiyada qeyd olunub ki, nikaha daxilolma yaşı 18-dir. Eyni zamanda belə bir bənd qeyd olunub ki, əgər yerli icra hakimiyyəti orqanlarının, ailə böyüklərinin etirazı yoxdursa, bu yaş 17-yə də salına bilər. Lakin bəzi insanlar var ki, qanunlara əməl etmirlər. Bu da ondan irəli gəlir ki, həqiqətən, qanunlar düzgün yerinə yetirilmir. Bir çox səbəblər var. Məsələn, qız uşaqları hüquqlarının qorunacağına əmin olmadıqları üçün hüquq mühafizə orqanlarına da müraciət edə bilmirlər ki, məni zorla ərə verirlər, gəlin məni xilas edin! Tutalım, polis də gələcək ailənin yanına, ailə deyəcək övladımdı, özüm bilərəm.  Polis də öz işini qanunla yox, güc tətbiq edərək yerinə yetirməyə çalışacaq. Nəticədə ailə ilə arasında qarşıdurma yaranacaq və bu məsələ başqa metodlarla həll olunacaq, məsələ də orada bağlanıb gedəcək. Şikayətçi qalacaq bir qıraqda, onun sözlərini də nəzərə alan olmayacaq”.
 


Onun sözlərinə görə, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin də bu məsələləri diqqətə almalıdır: "Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin də bu işdə ləngliyi var. Maarifləndirmə işləri aparılmır. Bəlkə də, hansısa regionda güc strukturları bu işlərə etinasız yanaşa bilər, amma özündə güc tapıb hüquq mühafizə orqanlarına müraciət edəcək qızlarımız yoxdur. Onlara bu barədə məlumat verilmir. Bu baxımdan, məktəblər, ali məktəblər, harda təhsil alınırsa, yəni dövlət müəssisələrində bu mövzuda maarifləndirmə işləri aparılmalıdır. Hazırda bu maarifləndirmə işləri 0 səviyyəsindədir”. 

Ekspert, həmçinin KİV-də yayılan intihar xəbərlərinin yeniyetmələrə təsirindən də danışıb: "Kütləvi İnformasiya Vasitələrində (KİV) də intihar halları haqqında mütəmadi olaraq xəbərlər gedir. Bunların özü də neqativ bir hal yaradır. Yeniyetmə uşaqların psixologiyası elədir ki, hara yönləndirilsə, o istiqamətə meyillənə bilir. Son zamanlar artıq ikinci intihar xəbəridir ki, yayılıb. Hər ikisi də eyni səbəbdən - erkən nikah ucbatından. Düşünürlər ki, kimsə hüquq mühafizə orqanlarına xəbər verməyə, etiraz etməyə qorxur. Amma belə xəbərləri oxuyanda həmin valideynlər, ya da onu bu işə məcbur qoyanlar bir qisim insanın qınaq obyektinə çevrilir. İntihar edənlər də özləri üçün belə bir üsyan metodu seçir. Düşünür ki, bəlkə, intihar etsəm, məndən sonrakı qızların müdafiəsinə kimsə qalxar. Bunlar hamısı bir-biriylə zəncirvari bağlıdır".

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən bir müddət öncə Toplum Tv-yə verilən məlumatda Azərbaycanda erkən nikahların sayı azaldığı deyilirdi. Həmin məlumata görə, erkən nikahların sayı 2011-ci ildə 5138 idisə, 2018-ci ildə 338-ə düşüb.

15-17 yaşlı qadınlar tərəfindən doğulan uşaqların sayı da iki dəfə azalıb. Belə ki, 2011-ci ildə bu uşaqların sayı 4392 idisə, 2018-ci ildə 2129 olub. 

Yəni erkən nikahların iki dəfəyə qədər azaldığı, məişət zorakılığına dair məlumat bankında  2017-ci ilin oktyabrından  2018-ci iin dekabrın 20-nə olan müddətdə bu sahədə 650 fakt qeydə alındığı bildirilirdi.

Zərifə Novruz