Sosial

Sosioloq: "Elinaya görə hər birimiz məsuliyyət daşıyırıq”

22 Aprel, 2019
2304
Aprelin 4-də Bakı şəhəri Səbail rayonu 162 nömrəli tam orta məktəbin 8-ci sinif şagirdi Elina Hacıyeva intihar edib.

Belə ki, 2004-cü il təvəllüdlü Elina Hacıyeva təhsil aldığı məktəbin üçüncü mərtəbəsindən özünü atıb. 

Xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Valideynlərinin dediyinə görə, intihardan sonra Elina xəstəxanaya gec çatdırılıb və səhlənkarlıq nəticəsində həyatını itirib. 

Bu hadisə ictimaiyyətdə də geniş müzakirələrə yol açıb. 

Təhsil naziri Ceyhun Bayramov olayla bağlı mətbuat konfransı keçirərək, məsul şəxlərin cəzalandırılacağını deyib. 

Baş Prokurorluğunun mətbuat xidmətinin yaydığı məlumata görə, Elina Hacıyevanın intihar etməsi faktı ilə bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə başlanmış cinayət işi açılıb. 

Rəsmi məlumata görə, məktəbin direktoru Sevinc Abbasovaya qarşı Cinayət Məcəlləsinin 143-cü (təhlükədə qoyma) və 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddələri ilə ittiham irəli sürülüb və barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib.

Bəs, təhsil müəssisələrində baş verən bu olayların kökündə duran əsas səbəb nədir? Bu cür hadisənin təkrarlanmaması üçün hansı tədbirlər görülməlidir?

Toplum.Tv ictimaiyyəti maraqlandıran bu tip suallara cavab almaq üçün ekspertlərə müraciət edib. 

Nabatəli Qulamoğlu: "Əgər normal cəmiyyət qura bilsəydik..."

Təhsil eksperti Nabatəli Qulamoğlu Toplum.Tv-yə bildirib ki, bu məsələdə təkcə bir qurum deyil, bütövlükdə cəmiyyət günahkardır: "Hər bir insan ictimai məhsuldur. Əgər bu gün intihar hadisəsi baş verirsə, burada sizin də günahınız var, mənim də. Əgər biz normal cəmiyyət qura bilsəydik, onlar təbii ki, belə çıxılmaz vəziyyətə düşüb, intihar etməzdilər”.

Ekspert deyib ki, hadisənin qarşısını almaq mümkün idi: "Bu intiharın qarşısını almaq mümkün idi. Birinci növbədə ona görə ki məktəbdə, sinifdə o cür hadisə baş verir, bir uşaq, bir neçə şagird tərəfindən təhqir olunur, ona təpik atırlar, ona psixotrop dərmanlar verirlər, ola bilməz ki, bundan sinif rəhbərinin xəbəri olmasın. Əgər sinif rəhbərinin xəbəri vardısa, deməli, direktor da xəbər tutmalı idi. Məktəbin tərbiyə işləri üzrə üç müavini var. Bəs bu üç müavin nə edir, hansı işlə məşğuldur?  Digər tərəfdən məktəbin psixoloqu var. Psixoloq birinci növbədə ondan ötrüdür ki, hər bir uşağın fərdi keyfiyyətini bilsin. Psixoloq o şagirdin yaş xüsusiyyətini nəzərə almalı idi. Bu yaşda olan uşaqların sinif rəhbərləri də xüsusilə seçilməlidir. Valideyn-müəllim komitəsi var. Uşaq barədə müzakirə harada aparılıb?”.

N.Qulamoğlunun sözlərinə görə, uşaqlara verilən sağlamlıq arayışlarındakı problemlər hadisənin baş verməsinin əsas səbəblərindən biridir: "Ən başlıca səbəblərdən biri isə budur ki, bizdə hər bir uşaq üçün sağlamlıq haqqında arayış yazılır. Bu arayışda şagirdin sağlamlığı qeyd olunur. Şagirdlər isə yoxlanılmır. Əgər o şagird vaxtında yoxlanılsaydı və onun psixoloji durumu, özəl keyfiyyətləri müəyyən olunsaydı, o şagirdin şəxsi işində qeyd olunmalı idi və həmin şəxsi işlə sinif rəhbəri tanış olmalıdır. Bundan sonra sinif rəhbəri o şagirdi nəzarət altında saxlamalıdır. Mən o uşağı çətin uşaq adlandırmıram, sadəcə, demək istədiyim odur ki, ən çətin məqamda belə uşaqlar üçün xüsusi məktəblər var. Həmin məktəblərə köçürmək, orada onunla işləmək olardı”.

Sənubər Heydərova: "Elinanın faciəsinə görə hər birimiz məsuliyyət daşıyıyırıq”

Sosioloq Sənubər Heydərova isə bu hadisənin cəmiyyət üçün  SOS siqnalı olduğunu qeyd edib: "Elina məsələsi bizim üçün öz uşaqlarımızla davranmaq və ailə instituna baxmaq üçün SOS siqnalıdır. Heç vaxt insan birdən-birə intihar etmir. Bu böyük bir prosesdir. İntihardan əvvəl mütləq əlamətlər olur. Ətrafındakı insanlara, çevrəsinə siqnallar verir. Buna bənzər cəhdlər edir. Yəni bu o deməkdir ki, Elina ailədə xəbərdarlıq edib, yaxın ətrafına, dostlarına xəbərdarlıq edib. Bütün bunlar onu göstərir ki, onun ətrafında olan insanlar  onu ciddi qəbul etməyiblər, onunla necə davranacaqlarını bilməyiblər və ya diqqətsiz yanaşıblar. Sosial ətraf bir insana qarşı necə laqeyd, vecsiz, diqqətsiz ola bilər, bax, bu, o nümunənin təsdiqidir. Bu onun təsdiqidir ki, məktəbdə müəllimlər ancaq öz saatlarını doldurub, getməklə məşğuldurlar. Heç kim öz şagirdlərinə həssas yanaşmır. Uşaqlar üçün psixoloji yardım almaq əlçatımlı deyil. İnsanlar düşünmürlər ki, onların günahı var. Elinanın faciəsinə görə, hər birimiz məsuliyyət daşıyıyırıq”.

S.Heydərova hesab edir ki, həssas ailələrlə işləyən qurumların sayı artırılmalıdır: "Sosial müdafiə mərkəzlərinin içində, məhkəmələrdə ailələrlə işləyən sosial işçilər olmalıdır. Xüsusilə icra hakimiyyətində yetkinlik yaşına çatmayan şəxslərlə işləyən komissiya var. O komissiyanın yararlı olduğunu düşünmürəm. Komissiya boşanmış ailələrin uşaqlarına , həssas uşaqlara, övladlığa götürülmüş və ya çətin tərbiyə olunmuş uşaqlara diqqət etməlidir. Bunların heç biri edilmir. Əlavə olaraq, polisdə sosial işçi olmalıdır.Məktəblərdə psixoloji yardım və dəstək məsələsinin keyfiyyətini qaldırmaq lazımdır.Bütün məktəblərdə, xüsusən, paytaxt məktəblərində psixoloq ştatı var. Amma psixoloqun peşəkarlığı hansı səviyyədədir və ya bir psixoloq bütöv bir məktəbə nə qədər keyfiyyətli xidmət göstərə bilər? Onun motivasiyası nə qədərdir, aldığı maaş qanedicidirmi? Digər tərəfdən o uşaqlarla işləmək üçün ixtisaslaşıbmı? Psixoloqa o uşaqları kim yönəltməlidir? Bu sualların cavablarına diqqət yetirmək lazımdır”.

Sosioloqun dediyinə görə, uşaq müdafiə sistemi Azərbaycanda yox həddindədir: "Uşaq müdafiəsi ilə məşğul olan bir neçə QHT, Əmək və Əhalinin Sosial Müdafəsi Nazirliyinə tabe olan bir sığınacaq və əlavə bir özəl sığınacaq var. Demək olar ki, bunlardan ibarətdir. Uşaq müdafiə sistemi elə bir sistem olmalıdır ki, onun tərkibində həm mütəxəssislər olsun, həm də onların dövlət orqanlarına əlçatımlılıqları olsun. Uşaqların rahat zəng vura biləcəkləri bir "qaynar xətt" olmalıdır. Bu "qaynar xətt" məktəblərdə uşaqlara elan olunmalıdır. "Qaynar xətt" olsa belə, uşaqlar əlaqə saxlaya bilmədikdən sonra heç bir mənası yoxdur. Yaxşı mütəxəssislərimiz, psixoloqlarımız, təlimçilərimiz var. Amma onların özlərini reallaşdırması üçün və ya təşkilatlanması üçün heç bir şərait yoxdur”.

Mətanət Əliyeva: "Yeniyetməlik dövrü böhranlı dövr kimi xarakterizə olunur"

Psixoloq Mətanət Əliyeva isə deyir ki, bu yaş dövrü çox həssas olur və həmin uşaqlara xüsusi diqqət yetirilməlidir: "Yeniyetməlik dövrü keçid dövrü və böhranlı dövr kimi xarakterizə olunur. Bu yaş dövründə yeniyetmənin yaşadığı daxili gərginliklər artır, özü və ətrafı ilə bağlı düşüncələri dəyişməyə başlayır və bəzən yeniyetmə özünü tənha və ətrafı tərəfindən dəstəklənməmiş hiss edir. Təsadüfü deyil ki, uşaq intiharlarının böyük qismi məhz yeniyetməlik dövrünə təsadüf edir. Burada səbəb müxtəlif ola bilər: uşağın sinir sisteminin tipi zəifdirsə, həssasdırsa, ailədən yetəri qədər sevgi və dəstək görmürsə, təhsil aldığı məktəbdə müəllimləri və sinif yoldaşları tərəfindən etinasızlıqla üzləşirsə və yaşadığı vəziyyətdə heç bir psixoloji dəstək almırsa, sadalanan amillər uşaqda özünü lazımsız və dəyərsiz hiss etməsinə gətirib çıxarır. Bu hal isə çox vaxt yeniyetmədə intihara cəhdə səbəb olur”.

"Bu kimi halların qarşısını almaq üçün istər valideynlər, istərsə də müəllimlər uşaqların yalnız bilik səviyyəsini deyil, onların psixoloji vəziyyətini də nəzərdə saxlamalı və problem hiss etdikləri uşaqları psixoloqa yönləndirməlidirlər. Psixoloq isə öz növbəsində həm ailə, həm də məktəblə, qısaca, uşağı əhatə edən sosial çevrə ilə birlikdə işləməli və mövcud problemin səbəbini müəyyən edərək onun aradan qalxmasına yardım etməlidir. Düşünürəm ki, bir psixoloqun məktəbdə təhsil alan bütün şagirdləri əhatə etməsi çətin məsələdir. Bu baxımdan məktəbdə uşaq sayına müvafiq, öz işini ən əsası uşaqları sevən psixoloqlar işləməlidir. Bununla yanaşı, təkcə uşaqlarla deyil, valideynlərlə marifləndirici təlimlər aparılmalı, onlara uşağa düzgün yanaşma üsulları öyrədilməlidir”, - deyə Mətanət Əliyeva bildirib.

Saray Cəlilova
Toplum.Tv



Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Sosial

Azad edilmiş ərazilərdə evlərini özləri inşa etmək istəyənlərin müraciətlərinə baxıla bilər

6 Mart 2024

Açıq mənbələrdən götürülüb

Azad edilmiş ərazilərdə evlərini özləri inşa etmək istəyən vətəndaşların müraciətlərinə baxıla bilər. Toplum TV xəbər verir ki, bu, Nazirlər Kabinetinin 2023-cü il üzrə fəaliyyəti haqqında hesabatında əks olunub. Qeyd edilib ki, yenidənqurma prosesi Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları üzrə işlənilmiş, Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş “İşğaldan azad edilmiş ərazilərin Ümumi Planı” əsasında həyata keçirilir.  https://toplum.tv/sosial/psu-ve-kanalizasiya-probleminin-helline-milyardlarla-manat-teleb-olunurp Hesabatda bərpa və yenidənqurma, eləcə də sərmayələrin cəlb edilməsi işində özəl sektor və vətəndaş cəmiyyəti ilə əməkdaşlığın əhəmiyyət kəsb etdiyi vurğulanıb. Belə ki, bunun büdcə vəsaitinə qənaət edilməsinə şərait yaradacağı bildirilib.  “Bərpa-quruculuq proseslərində iştirak etmək istəyən şəxslər tərəfindən konkret müraciətlər olacağı təqdirdə, onlara yaşayış...
Sosial

Din xadimlərinin attestasiyasına başlanılıb

4 Mart 2024

Açıq mənbələrdən götürülüb

İslam dininə aid ibadət yerlərində və ziyarətgahlarda çalışan din xadimlərinin attestasiyasına başlanılıb. Toplum TV xəbər verir ki, bu barədə martın 4-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) məlumat yayıb. Bildirilib ki, bu məqsədlə Attestasiya Komissiyası yaradılıb. Komissiyada DQİDK və Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) nümayəndələri ilə yanaşı, ilahiyyatçı alimlər təmsil olunurlar. https://toplum.tv/sosial/pemin-emrullayev-azerbaycan-elmine-ayrilan-maliyye-azdirp Attestasiya prosesində fəaliyyət dövrünün 5 ilini tamamlamış 64 din xadiminin iştirakı nəzərdə tutulur. Attestasiyanın martın 6-da başa çatması planlaşdırılır. Qeyd edək ki, “Dini etiqad azadlığı haqqında” qanuna görə, “İslam dininə aid ibadət yerlərinə və ziyarətgahlara din xadiminin təyin olunması, attestasiyası və tutduğu vəzifədən azad edilməsi Qaydası”na əsasən, İslam...

Seçilmiş Videolar

Toplum TV loqo