13:04, 01 Yanvar 2019 (Çərşənbə axşamı) 1151

""Soyuq" olmasaydı, Ordubad bizdə olmazdı" - REPORTAJ

"İndi belə vətənin köməyə ehtiyacı olsa, xəstə yatağndan durub getməyə hazıram....”

49 yaşlı Fərəc Cəfərov müharibə veteranıdır. 

Hazırda xəstəxanaların birində müalicə olunan döyüşçü evli və iki uşaq atasıdır. 

Qarabağ qazilərinə, müharibə veteranlarına qarşı laqeydlikdən gileylənən Fərəc Cəfərov keçdiyi döyüş yolundan fəxrlə danışır, bütün çətinliklərə baxmayaraq, heç nədən peşman olmadığını deyir.

Onun sözlərinə görə, hələ sovet dönəmində Əfqanıstanda döyüşüb,  əsgərliyi bitəndən sonra da 2 dəfə könüllü şəkildə yenidən Əfqanıstana yollanıb. 

Yaralandıqdan sonra vətənə dönən Fərəc Cəfərov milli ordu sıralarına yazılıb… 

""Soyuq"un əhəmiyyəti böyükdür, əgər ora olmasaydı, Ordubad bizdə olmazdı...”

Ötən əsrin 90-cı illərində Naxçıvanda döyüşən Fərəc Cəfərov deyir ki, Ordubadın və Naxçıvan Muxtar Respublikasının müdafiəsində bir neçə yüksəklik rol oynayır. 

Bunlardan biri də "Soyuq" yüksəkliyidir: "Bura Muxtar Respubilkanın ən yüksək yeridir. "Soyuq" strateji əhəmiyyətli ərazi olmaqla yanaşı, həmin dövrdə Cənubi Qafqaz üçün RLS kimi bir yer idi. Ordan yaxın və hətta uzaq şərqi belə müşahidə altında tutmaq olardı. Sovet dönəmində  burda Tiflis hərbi dairəsinin bir hissəsi hesab olunan hərbi hissə vardı. Ora kim nəzarət etsə, Sisyanda, Qafanda, Gorusda və Naxçıvanda müşahidələr aparmaq imkanı olacaqdı. Ərazi şərti olaraq Böyük və Kiçik Soyuq adlandırılan iki hissəyə ayrılır. Mən də həmin ərazidə kəşfiyyatçı oldum”.

"15 günə ermənilərin buraya ağır artilleriya ilə gələcəyini xəbər verdim...”

Fərəc Cəfərovun dediyinə görə Soyuq kəşfiyyatına gedərkən arxasınca gələn əsgərlərə  tək gedəcəyini bildirib: "Yolu yarıya qədər getmişdik, gördük bir nəfər arxamızdan gəlir. Mənin əsgərlərimdən idi, bizi izləyə-izləyə gəlirdi ki, onu ger qaytarmayaq. Başqa gələnin olub-olmadığını soruşdum, "yox” dedi. Bir az irəlidəki təpədə qayalıq ərazi vardı. Baxdıq ki, mənim əsgərlərimdən ikisi də gəlib arxamızca. Gəlib əraziyə çatanda dedim ki, siz gözləyin, mən tək gedəcəm kəşfiyyata, çünki orada hər şey ola bilər, özünüzü riskə atmayın. Bir şey olsa, geri dönməsəm, siz geri qayıdın”.

"Ordubada 4 top atəşi atıldı”

Kəşfiyyatdan geri dönən Fərəc Cəfərov "Soyuq"da vəziyyətin çox pis olduğunu söyləyib: "Geri dönəndən sonra mərkəzə  xəbər verdim ki, burda vəziyyət çox pisdi. Erməni və ruslar qar uçqunu və çovğuna görə indilik zirvəyə çıxa bilməsələr də, uzağı 15 günə ağır artilleriya ilə  çıxıb atəşə başlayacaqlar. Dediyim vaxtdan 13 gün sonra Ordubada 4 top atəşi atıldı. İki  top kazarmaya, bir top yataqxanaya, bir top isə evə düşdü. Evdə 2 və ya 3 nəfər şəhid oldu”.

"16 dekabr günü  biz "Soyuq"a doğru hərəkətə keçdik...”

Fərəc Cəfərovun dediyə görə Soyuğa 26 əsgərlə hücum ediblər: "26 nəfər əsgərimlə birilikdə həmin yerə hücum etməyə qərar verdik. Kaznə adlanan yerdən zirvəyə 17 kilometrlik yol var idi. Səhər yola çıxdıq. 12 saata yaxın qarda və mənfi 40 dərəcə şaxtada  əllərimlə yol açmışam. 6 əsgərimin ayaqları dondu, soyuğa dözə bilmədilər. Onların ayaqları fərqli yerdən amputasiya olundu. Yolboyu zirvənin boş olacağını düşünürdüm. Posta çıxanda rus əsgəri gördüm, son gücümü yığaraq  səngərə atılıb onu tutdum. Biz elə bilirdik ki, postda ancaq ermənilər var, gələndə isə gördük ki, əksinə ruslar burdadır. Həmin əsgəri danışdırdıq. Dedi ki, 1-2 günə bura ermənilərə təhvil veriləcəkdi, amma sizə 3 ay sonra xəbər verəcəkdik. Zirvəni aldıqdan sonra istədiyimiz dəstək gəlmədi. Hər cür çətinlik çəkirdik. Hətta aldığımız zirvəni qoruyacaq gülləmiz belə çatmırdı. 30 avtomatla 3 min güllə qalmışdı. Zirvəni fəth edəndən sonra ordubadlılar bir az pul yığdı, mən də 2 aylıq maaşımı qoydum, 20 min güllə aldıq. Demək olar ki, yanvarın 1-də yüksəkliyi tamamilə ələ keçirmişdik. O zamana qədər çox hücum edirdilər. Bir dəfə hücumda 3 əsgərim şəhid oldu. Sonra mənə Bakıda təhsil  alıb hərbidə qalacağım deyildi. 25 gün kursa getdim. Sonradan o da yarımçıq qaldı…”

"Qan xərçəngi diaqnozunu qoyub həkimlər...”

Soyuğun alınmasında fədakarlıq göstərən Fərəc Cəfərov hazırda xəstə olduğunu deyir: "Yayda vəziyyətim pisləşdi, ilk onda müayinə olundum. Həkim belimdə qrija olduğunu dedi. Maddi imkanım yaxşı deyildi, ona görə müalicə olunmadım. 10 gündür ki, Bakıya - bu xəstəxanaya gəlmişəm. Maddi imkansızlığa görə mən elə öz evimdə müalicə olunmaq istərdim, amma həkimlər  Naxçıvana gedə bilməyəcəmi dedilər. İndi qan xərçəngi diaqnozu qoyublar mənə. Ağrılarım get-gedə artır. Hələ  maddi imkanım yoxur ki, əməliyyat elətdirim. Nə də indiyə qədər bu barədə heç yerdən yardım istəməmişəm. Xəstəxanaya gələndən bəri ziyarətimə mənimlə bir yerdə vuruşan Fərəc Quliyevin oğlundan başqa heç kəs gəlməyib. Fərəc Quliyevin özü burda olmadığı üçün oğlu gəlir”.

"Yenidən dünyaya gəlsəm, düşünmədən öz canımı qurban verməyə hazıram”, - deyən Fərəc Cəfərov indi də xəstəliyi ilə vuruşduğunu düşünür: "Bu günə qədər nə etmişəmsə, qarşılıq gözləmədən etmişəm, heç bir şey istəməmişəm. Mənə verilən yalnız 55 manat pensiya və heç vaxt güzəştlərindən istifadə etmədiyim veteran vəsiqəsidir. Kaş ki indi xəstəliyimlə, ailəm və uşaqlarımla bağlı dövlət də mənə dəstək olaydı…”

Hazırladılar:  
Əbülfət Baxşəliyev
Lalə Tağızadə