11:02, 11 Aprel 2019 (Cümə axşamı) 222

Sudanda hərbi çevriliş olub

Sudanda  hərbi çevriliş olub


/ DÜNYA
Hərbi çevriliş nəticəsində Sudan Prezidenti Ömər əl-Bəşir hakimiyyətdən devrilib. 

Məlumatı "Al-Arabiya” televiziyası yayıb.

Ömər əl-Bəşir ev dustaqlığında saxlanılır, onun mühafizəçisi həbs olunub. Ətrafında olan indiki və keçmiş yüksək vəzifəli şəxslər həbs ediliblər.

"Al-Hadath” telekanalının məlumatına görə, minlərlə insan küçələrə çıxaraq, Ömər əl-Bəşir rejiminin sona çatmasını bayram edir.

Bildirilib ki, həbs edilənlər arasında Prezident Qvardiyasının rəhbəri, keçmiş müdafiə naziri Əbdül Rahim Məhəmməd Hüseyn, hakim Milli Konqres Partiyasının sədri Əhməd Harun, keçmiş vitse-prezident Əli Osman Taha da var. Taha etiraz aksiyası iştirakçılarına qarşı "kölgə tabor”undan istifadə edəcəyini bildirmişdi.

Ölkə paytaxtı Xartumun küçələrinə minlərlə insan çıxıb. Aprelin 6-dan başlayan tətil davam edir.

Məlumata görə, Xartumda beynəlxalq hava limanı bağlanıb.

Sudanda ordu dövlət televiziyasının binasını mühasirəyə alıb, bir qrup hərbçi binaya daxil olub.

Yaxın saatlarda Sudan dövlət televiziyasının və ordunun açıqlama yayacağı gözlənilir. 

Hərbçilər Prezident Ömər əl-Bəşirin vəzifədən uzaqlaşdırıldığını, səlahiyyətlərinin əlindən alındığını və hökumətin buraxıldığını elan edib. Prezident iqamətgahı hərbçilər və zirehli texnika ilə mühasirəyə alınıb. 

Hərbçilər Sudanda bir müddətdir hakimiyyəti ələ keçirməyə çalışırdılar. 

2018-ci ilin dekabrından Sudanda Prezident Ömər Həsən Əhməd əl-Bəşirin istefası tələbi ilə etiraz aksiyaları keçirilir. O, 1944-cü ildə anadan olub. 1989-cü il iyunun 30-dan Sudana rəhbərlik edir.