18:12, 10 Dekabr 2019 (Çərşənbə axşamı) 332

Tabuların yıxıldığı şəhər... - FOTOREPORTAJ

Tabuların yıxıldığı şəhər... - FOTOREPORTAJ
Bura Tbilisidi: Cənubi Qafqazda tabuların yıxıldığı şəhər...

Bizə bənzər, bir o qədər də bizdən fərqli bu şəhərdə tarix öz keçmiş mozikasını qoruyub saxlaya bilib. 
 
 

Bu dünyada "qadın, uşaq, ağac və küçə heyvanı olmamalısan" deyiblər, lakin bunları dördünün də birlikdə yaşadığı kiçik, bir o qədər rəngarəng şəhərdir Tbilisi. 
 

 

Şəhərə addımımı atdığım ilk anda metro stansiyalarının köhnəliyi, qatarın özündən öncə gələn qulaq batırıcısəsi, keçidlərin, avtobusların köhnəliyi Bakının 20 il öncəki halını xatırladırdı.
 
 

Yorğunluq və yuxusuzluğun verdiyi halsızlıq səbəbi ilə Tbilisi əvvəlcə mənə xoş gəlməsə də, günün sonunda şəhərin küçələrini gəzdikcə şəhərə heyran oldum. 
 
 

Gecə saat 01:40 və şəhərdə yalnız gəzən zaman kimsənin sənə qınayıcı baxışlarla baxmaması və narahat etməməsi ayrı bir ovqat yaradır.

Qadınların uşaqların təcavüzə və şiddətə uğradığı regionda hələ də ümid işığı sönməyib, Tblisidə təkbaşına gəzmək olur. Bəli, doğru duydunuz yalnız, qadın başına gəzmək olur.
 
 

İkinci günün ilk işıqları ilə şəhəri kəşfə çıxdıqda müasirlik və tarixiliyin vəhdəti ilə ayrı bir gözəllik yaşamış olursan. 
 
 

Deyirlər ki, yaxşı əsər oxumaq onun yazarı ilə söhbət etməkdir.  Köhnə binaların üzərinə çizilən möhtəşəm küçə rəsmləri səni hər küçədə ayaq saxlamağa vadar edir. Rəssamlarını tanımasam da, rəsmlər mənə onların necə rəngarəng ruha sahib insanların əlindən çıxdığını göstərdi. Hər biri ayrı-ayrılıqda bir hekayə idi... 
 



Əlbəttə, şəhərin hekayəsi rəsmlərlə bitmir. Rəssamları qədər dini ibadətgahların fərqliliyi  ilə də göz oxşayırdı. Eyni ərazidə yerləşən 3 fərqli dinin ibadətgahı. Dinlərin və mədəniyyətlərin vəhdətini özündə yaşadan bu şəhər sanki öz qonaqlarına Mövlananın "kim olursan ol, yenə gəl, nə olursa ol, yenə gəl" fikrini aşılayır. 
 
 

Rəngarənlik tək cansız binalarla bitmirdi burada. Tbilisi heyvanları və təbiəti də unutmayıb. Küçədə sizə yol yoldaşı olan küçə heyvanlarının sakit-səssiz hərəkəti, müdrik bir dərviş kimi sakitcə yoluna gedən Kür çayı, şəhəri rəngli yarpaqları ilə bəzəyən susqun təbiət, küçə satıcıları və onların piştaxtalarının rəngarəngliyi ayrı möhtəşəm mənzərə yaradır. Sanki bu qəribə, yad şəhərdə ayrı bir doğmalıq var...
 
 

Tbilisinin tarixi yerlərindən, gözəl hotellərindən yaza bilərdim, bəlkə də, yazmalı idim, amma  bu qədər fərqlilik və gözəlliyi özündə birləşdirən məsum, gözəl, bir o qədər üsyankar şəhəri bir də belə tanıtmaq lazımmış. 
 
 

Rəngarən bir mozaikası olan Tbilisini tanımaq ayrı bir fərqlilik idi. Yolunuz düşərsə, binalara, heyvanlara baxın, dar, köhnə, lakin səmimi küçələri doya-doya gəzin. Zirvəyə çıxıb gürcü anasının qucaqladığı Tbilisiyə onun gözü ilə baxmağa çalışın. Mütləq orada özünüzdən bir şey tapacaqsınız və oradan - özünüzdən Qafqaza boylanacaqsınız... 

Zülfiyyə Quliyeva