15:23, 17 Aprel 2019 (Çərşənbə) 679

Tarixi abidələr necə qorunur: Azərbaycanda və xaricdə...

Tarixi abidələr necə qorunur: Azərbaycanda və xaricdə...
Fransa tarixinin 850 illik abidəsi Notr-Dam kilsəsi aprelin 15-də yanıb. 

Kilsə hər il 13 milyon turist qəbul edirdi.

Yayılan xəbərlərə görə, kilsədə yanğın bərpa işləri aparılan zaman yaranıb. 

Fransa prezidenti Emmanuel Macron kilsənin təmiri üçün ianə toplanacağını deyib.

Kilsənin tüstüsü isə Azərbaycana qədər gəlib çıxıb. Belə ki, tarixi abidələrin qorunması ilə bağlı məsələ müzakirə mövzusuna çevrilib. Həmçinin sosial şəbəkələrdə xristianların qədim kilsələrindən sayılan Notr-Damın yanmasına sevinən dindar kütlə nümayəndələrini, eləcə də işğal olunmuş Azərbaycan torpaqlarındakı yandırılmış, dağıdılmış məscidlərlə və tarixi abidələrlə müqayisə edənləri də görmək mümkündür. 

Bəs, görəsən, tarixi abidələri bu kimi hadisələrdən necə qorumaq lazımdır? 
 
 
 
QHT-lərin Tarix, Mədəni və Təbii İrsi Qoruma Şəbəkəsinin koordinatoru Aytəkin İmranova Toplum Tv-ya ölkəmizdə abidələrin qorunmasının çox aşağı səviyyədə olduğunu bildirib: "Nə mövcud qanunvericilikdə olan toxunulmazlıq, nə də onların ətrafının mühafizəsi kimi müddəalara əməl olunur. Demk olar ki, ölkədə bu sahədə heç qaydaya riayət olunmur. Bütün ölkədə hadisələr necə baş verirsə ,bu sahədə də hər hansı cavabdeh məmurun zövqünə, ağlına görə olur. Biz bunu dəfələrlə lazımı orqanlara demişik, ancaq bir iş görülməyib". 

12 il bərpa sistemində çalışmış Aytəkin İmranova məsələ ilə bağlı ayrıca qanunların olduğunu deyib: "Azərbaycan Konstitusiyasında mədəni hüquqlar barədə yazılır ki, tarixi abidələri qorumaq hər bir şəxsin borcudur, eləcə də bütün qurumların borcudur.  Əlavə olaraq mədəni abidələrin qorunması ilə bağlı da qanun var. Ona bir neçə il əvvəl çox az əhalinin bildiyi dəyişiklik oldu. "Sovetski"də iş gedən vaxtı həmin qanuna "abidənin bərpası” əvəzinə, ora "abidə üzərində iş” sözü salındı. Bizdə bəzi tarixi abidələr var ki, dağılmasa belə, üzərində aparılan  işdən sonra sonra tarixi abidə olmaqdan çıxır. Bunun da iki səbəbi ola bilər: Birincisi işi görən orqanların şüursuzluğu, ikincisi isə maddiyat üstündə ola bilər. Yəni korrupsiya, yeyinti məsələləri...”

Şəhərsalma üzrə ekspert həmçinin arxivlərin də bərbad vəziyyətdə olduğunu bildirib: "İllərlə fəaliyyət göstərən bərpa strukturları olub. Bu qurumlar ləğv olunduqdan sonra abidələrlə bağlı sənədlər yeni idarələrə təhvil verilməli idi. Həmin strukturların sənədlərin tapa bilmirəm. Bundan əlavə şəhərdə olan bütün tarixi abidələrin üstündə tikilmə vaxtı, həmin tarixi abidələrin təhlükəsizliyi haqqında sənədlər olmalıdır, amma yoxdur. Abidəyə müvafiq qaydada təsdiq olunmuş bərpa layihəsi olmadan toxunmaq qadağandır”.

"Amma bizdə SOCAR  işlər görərkən çoxlu abidələri sökdü, dağıtdı. Bütün bunlara cavabdeh muvafiq icra strukturları və Mədəniyyət Nazirliyidir. Bu qurumların olmasına baxmayaraq Şəmsi Bədəlbəyli, Bəşir Səfəroğlu, Koroğlu, Fizuli küçəsində, eləcə də "Sovetski"də yüzlərlə dövlət siyahısında olan abidə məhv edildi. Heç kəs də bunun necə baş verdiyinə cavab vermədi”, – deyə QHT koordinatoru bildirib.

Ekspert bu işlə bağlı prezident fərmanını da şərh edib: "Prezident 15 il əvvəl fərman verdi ki, abidələr üzərində işin yaxşılaşdırılması üçün dövlət planı hazırlanmalıdır. Amma fərman verildi və orda da qaldı. Biz bir müddət sorğular keçirdik. Dedilər ki, biz təklifi Nazirlər Kabinetinə vermişik. Amma hər kəs yaxşı bilir ki, o proqram yoxdur”.
 

 
İqtisadçı ekspert Toğrul  Maşallının sözlərinə görə, bir çox ölkələrdə tarixi abidələr dövlətin balansında olmur. 

Toğrul Maşallı elə yanana kilsənin də Fransa hökumətinin balansında olmadığını deyib: "Amma bizdə belə bir yanğın baş verərsə, vəsait dövlət büdcəsindən qarşılanmalıdır. Çünki bütün abidələr dövlət balansındadır. Hətta özəl məscidlərdən başqa digər məscdilərdə dövlət balansındadır. Məsələn İçərişəhərdə yerləşən "Cümə məscidi” bunlara aiddir".

Ekspert həmçinin biznes fəliyyəti göstərən obyektlərə yanğına görə kompensasiyanın verilməsinin isə düzgün olmadığını bildirib: "Belə yerlər özəl mülkiyyətdir. Orada bizneslə məşğul olanlar sığortalanmadıqda, bütün riskləri öz üzərlərinə götürürlər. Onlar sadəcə biznesmenlərdir. Biznesmenlərə dövlət büdcəsi tərəfindən hər hadisədə kompensasiya vermək olmaz. İldə 2100-dən çox yanğın baş verir. Hər yanğında kimin sığortası yoxdursa, onlara pul vermək düzgün deyil”.


 
Toğrul Maşallı həmçinin qeyd edib ki, abidələrin mühafizəsi dövlət səviyyəsində həyata keçirilməlidir: "2012-ci ilin oktyabrından bəri, "Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Qanundan "Təsdiqlənmiş siyahıya daxil edilmiş abidənin həmin siyahıdan çıxarılmasına yol verilmir” müddəası çıxarılıb. O zamandan, artıq təklif əsasında abidələr siyahıdan çıxarıla bilər. Bu müddəadan "Sovetski"ni sökəndə aktiv istifadə olunurdu”.

Notr-Dam Paris arxiyeparxiyasının kafedral kilsəsi sayılır. Qotik üslublu kilsə 1163-1345-ci illərdə Paris yepiskopu Moris de Süllinin təşəbbüsü ilə ucaldılıb. 

Fransa tarixi və mədəniyyətinin bir parçasına çevrilən bu kilsədə cərəyan edən hadisələr Viktor Hüqonun məşhur əsəri "Paris, Notre-Dame kilsəsi" romanında da bədii təsvirini tapıb.

Azərbaycanda 18 aprel Beynəlxalq Abidələr və tarixi Yerlər Günü kimi qeyd olunacaq. 

Tədbir Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin təşkilatçılığı ilə keçiriləcək.

Uğur Fərzəli
Toplum Tv