11:14, 21 İyun 2019 (Cümə) 107

Tbilisidə etiraz aksiyası zamanı xəsarət alanların sayı artıb - YENİLƏNİB

Tbilisidə etiraz aksiyası zamanı xəsarət alanların sayı artıb - YENİLƏNİB


/ DÜNYA
Tbilisidə keçirilən etiraz aksiyalarında 240 nəfər xəsarət alıb, onlardan 102-si klinikalara yerləşdirilib.

Bu barədə "Report.az” xəbər verir.

Gürcüstanın Səhiyyə nazirinin birinci müavini Zaza Boxua xəsarət alanları ziyarət etmək üçün getdiyi İnqorokva klinikasında bildirib.

Onun sözlərinə görə, xəsarət alanlardan birinin vəziyyəti ağırdır, ikisi isə əməliyyat olunur.

Bundan əlavə, parlament binası qarşısındakı etiraz aksiyalarında xəsarət alan iki nəfərin gözü cərrahi müdaxilə ilə götürülüb.
 
****** 
Tbilisidə parlament binası qarşısında etirazçılar və polis arasında baş verən qarşıdurma və gözyaşardıcı qazdan istifadə olunması nəticəsində 52 nəfər xəsarət alıb.

Xəbərdə deyilir  ki, onların 14-ü iştirakçı, 38-i isə polis əməkdaşıdır.

Bu ərəfədə aksiya iştirakçılarına qarşı ikinci dəfə gözyaşardıcı qaz tətbiq olunub. Etirazçılara qarşı rezin güllələrdən də istifadə edildiyi barədə məlumatlar yayılıb. Lakin bu məlumatlar rəsmi olaraq hələ təsdiq edilməyib. 

Gürcüstanda bir qrup şəxs parlament qarşısına toplaşaraq Rusiya parlamentinin nümayəndə heyətinin ölkəyə səfərinə qarşı etiraz aksiyası keçirirlər.

"Agenda” xəbər verir ki, bu gün Parlamentlərarası Pravoslav Assambleyasının (PPA) Tbilisidə keçirilən 26-cı Baş Assambleyası zamanı Assambleyanın sədri, Rusiya Federasiyasının deputatı Sergey Qavrilov parlament spikeri kürsüsündən nitq söyləyəndə qalmaqal yaranıb, Gürcüstan parlamentinin müxalifətçi üzvləri toplantını pozublar. Gürcüstan Xəyalı Partiyası da toplantıya sədrliyin rusiyalı deputatlara yox, qurumun yunanıstanlı baş katibinə həvalə olunmasını tələb ediblər.

Məsələ ilə bağlı baş nazir Mamuka Baxtadze də bəyanat yayaraq işğalçı ölkənin parlamenti üzvünü Gürcüstan parlamentinin ali kürsüsündə görməyin çox ağır olduğunu, bu halın milli mənafelərinə toxunduğunu açıqlayıb.