11:44, 28 Noyabr 2019 (Cümə axşamı) 65

Tbilisidə polis və etirazçılar arasında qarşıdurma baş verib

Tbilisidə polis və etirazçılar arasında qarşıdurma baş verib


/ DÜNYA
Tbilisidə parlament binası ətrafında polis və etirazçılar arasında qarşıdurma baş verib.

"Report”un yerli bürosu xəbər verir ki, polis bir neçə aksiyaçını saxlayıb.

Aksiyada iştirak edən müxalif Avropalı Gürcüstan Partiyasının liderlərindən biri Elene Xoştaria bildirib ki, hüquq-mühafizə orqanları bu gün etirazçılara qarşı xüsusi əməliyyat keçirir.

Onun sözlərinə görə, polis üç etirazçını saxlayıb.

Səhər saatlarından etibarən Tbilisidə etirazçılar parlament binasının girişlərinə yaxınlaşmağa cəhd edirlər.

Parlamentin girişlərini bloklamaq niyyətində olan aksiyaçılar yaxınlıqdakı Çitadze və İnqorovka küçələrində toplaşıblar. Onlar Gürcüstanın dövlət himnini ifa ediblər.

Gürcüstanın daxili işlər naziri Vaxtanq Qomelauri parlamentin polis tərəfindən əhatəyə alınmasına münasibət bildirib. O deyib ki, əgər aksiyaçılar yolları bağlasa, müvafiq tədbirlər həyata keçiriləcək: "Biz yolları bağlamışıq ki, nümayişçilər ocaq yandırmasınlar və insanlara narahatçılıq yaratmasınlar. Əgər aksiyaçılar yolları bağlamağa və şəhərdə hərəkəti dayandırmağa cəhd etsələr, biz nə etməliyik? Biz mitinqi dağıtmağa məcbur olacağıq”.

Qanunverici orqanın girişlərinə aparan yollarda dəmir konstruksiyalardan sədd qurulub.

Müxalifət və ictimai fəallar bu gün parlamentin girişlərini bloklamaq niyyətindədirlər. Saat 10:00-da parlamentin komitə, 12:00-da isə plenar iclası keçiriləcək. Etirazçılar deputatların qanunverici orqana daxil olmalarına imkan verməyəcəklərini bildiriblər.