17:00, 20 Noyabr 2019 (Çərşənbə) 203

Teatrın İcra Hakimiyyətinə qarşı məhkəməsi təxirə salındı

Teatrın İcra Hakimiyyətinə qarşı məhkəməsi təxirə salındı
Meriya ilə teatrın məhkəməsi təxirə salınıb.

Noyabrın 20-də 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində ADO teatrının Bakı Şəhər İcra Hakimiyyətinə (BŞİH) qarşı qaldırdığı məhkəmə iddiasının hazırlıq iclası təxirə salınıb.

Belə ki, hakim Tahirə Əsədova və BŞİH nümayəndəsi prosesə qatılmayıb. 

Hakimin köməkçisi T.Əsədovanın hansısa konfransa çağırıldığını bildirib. Bu səbəbdən proses 5 dekabr, saat 15:30-a təyin olunub.

Teatrın bədii rəhbəri Elmin Bədəlov Toplum Tv-yə deyib ki, Bakı Şəhər İcra Hakimiyyətinin nümayəndəsi məhkəməyə gəlsə də, başqa prosesə qatılıb.
 
"Hakimin köməkçisi bizə bildirdi ki, BŞİH-nə sorğu göndərəcəklər və dekabrın 5-dəki məhkəmə prosesində iştirak etmələrini tələb edəcəklər”, - deyə Elmin Bədəlov qeyd etdi.

Elmin Bədəlovun sözlərinə görə, Mədəniyyət Nazirliyi ilə növbəti proses noyabrın 29-da, saat 11:30-da keçiriləcək. 

İlk müstəqil teatr olan ADO (Azərbaycan Dağınıq Oda teatrı) 2 ildən çoxdur ki, küçə performansları nümayiş etdirmək üçün Mədəniyyət Nazirliyinə və Bakı Şəhər İcra Hakimiyyətinə rəsmi müraciətlər edir. Lakin hər iki qurum bunun onların səlahiyyətinə aid olmadığını vurğulayır və teatrı bir-birinə yönləndirir. Buna görə də ADO rəhbərliyi hər ikisini məhkəməyə verib.

Zərifə Novruz