14:10, 17 Oktyabr 2019 (Cümə axşamı) 541

Təhsildə kimlərin hərbi möhlət hüququ var?

Təhsildə kimlərin hərbi möhlət hüququ var?
Hazırlıq qruplarının təşkil edilməsi üçün ali təhsil müəssisələrinə tələbələr tərəfindən müraciətlər olunmalıdır.

Bunu Təhsil naziri Ceyhun Bayramov Yeni Azərbaycan Partiyasının mərkəzi qərargahında keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, Nazirlər Kabinetinin qərarına əsasən, normativlərə uyğun olaraq ali təhsil müəssisələri hazırlıq qruplarını təşkil edə bilərlər.

C.Bayramov qeyd edib ki, qanunvericiliyə əsasən hazırlıq qrupları səviyyəsində təhsil alan oğlanların hərbi möhlət hüququnun olmasına dair hər hansı bir norma yoxdur:

"Hazırlıq qrupunda təhsil aldıqda qanunvericiliyə əsasən hərbi xidmət çəkməlisən. Ali təhsilin bakalavriat və magistraturaya qəbul olan tələbələr hərbi möhlət hüququ qazanırlar".

Hazırlıq qrupları ilə bağlı təhsil haqqı məsələsinə gəldikdə isə nazir bildirib ki, bu məsələ dövlət tərəfindən tənzimlənmir: "Çünki burada dövlət sifarişi hazırlıq qrupu ilə bağlı deyil. Deməli bu, ödənişli əsasla həyata keçirilir. Ödənişli əsasla da həyata keçirildiyi üçün bu, təhsil müəssisələri tərəfindən müəyyən edilir".