15:05, 18 Sentyabr 2019 (Çərşənbə) 134

Təhsildən gözləntilər: "Yeni tədris ilinə köhnə problemlərlə gedirik"

Təhsildən gözləntilər:
Azərbaycanda 20192020-ci il tədris ili başlayıb

Sentyabrın 16-da ölkənin bütün orta və ali məktəblərində dərslərə start verilib.

Bununla da təhsil sistemində olan problemlər gündəmdədir.

Təhsilin irəli aparılmasında əsaslı islahatlar həyata keçirilsə də, bütövlükdə tam inkişafa nail olmaq hələ ki mümkün olmayıb. Buna görə də təhsil sistemində ciddi problemler yaranır.
  
Bəs yeni dərs ilindən gözləntilər nədir? Hansı yenilik və dəyişikliklər gözlənilir?

Təhsil eksperti Kamran Əsədov Toplum TV-yə deyir ki, təhsilin çoxsaylı problemləri var: "Yeni tədris ilində bir neçə islahat aparılsa da, çoxlu sayda problemlər var. Xüsusi ilə təhsil sistemində hesabatlılıq, təhsil sisteminə nəzarət, direktorların orta təhsil məktəblərini idarə etməsi, keyfiyyətsiz ali təhsil, orta təhsil məktəblərində xoşagəlməz halların baş verməsi kimi problemlər hələ həll olunmayıb. Biz yeni tədris ilinə köhnə problemlərlə gedirik. Yeni tədris ilindən gözləntilərim odur ki, bu problemlər həll olsun. Ən azından təhsil sisteminin idarə edilməsi, təhsil sisteminə nəzarət və hesabatlılıqla bağlı ciddi işlər aparılmalıdır. Ona görə ki təhsil ölkənin bütün müqəddəratını həll edən sahədir. Təəssüf ki, bu sahədə qeyri-peşəkarların olması, təhsil sisteminin idarə edilməsi ilə bağlı kadrların yetərli olmaması bu sahədə problemlərin olmasına gətirib çıxarıb. Hələ də bəzi məktəblərə direktorlar təyin olunmayıb. Ümumiyyətlə, builki tədris ilinə xoş baxmıram. Bu il fərqli heç nə gözləmirəm. Həyata keçirilən məqsədlər keyfiyyət artımına yox, hamısı daha çox kəmiyyət artımına hesablanmış bir şeydir. Buna görədə fərqli nəticə gözləmək sadəlövlük olar”.
 
 
Kamran Əsədov 

Təhsil Nazirliyi təhsilin keyfiyyəti ilə bağlı hansı addımları atıb? 

"Əlbəttə ki, islahat dedikdə qanunvericilik aktları, yeni qanun lahiyələri həyata keçirilir, amma bu, tam deyil. Söhbət islahatın aparılması deyil, islahatın yerlərdə işlək olub-olması məsələsi var. Məsələn, şagirdlərin məktəbə qəbulu və yer dəyişməsi elektron variantda işi ağırlaşdırıb. Elektron xidmət kimin cəld tərpənməsinə xidmət etməməlidir. Elektron xidmət vətəndaşın rahatlığına xidmət etməlidir", - Kamran Əsədov deyib.

Kamran Əsədovun sözlərinə görə, orta məktəblərdə dərsliklərin bölüşdürülməsi də problemlərdən biridir və bu, bəzi direktorların fəaliyyətinin qənaətbəxş olmamasından xəbər verir: "İşləməyən, işinin öhdəsindən gələ bilməyən məktəb direktorları da çoxdur. Tutaq ki, hər hansı tədris ili başa catır və onların məktəbində 100 nəfər şagird var, amma sonradan məlum olur ki, şagirdlər arasında yerdəyişmə və ya yenidən qəbul olan şagirdlər olub. Buna görə də uşaqların sayı ya az ya da cox olur. Bu zaman şagirdlərin getdiyi məktəblərə dərsliklər göndərilmir. Bu zaman dərslik catışmazlığı olur. Onu da qeyd edim ki, hər il dövlət büdcəsi hesabına şagirdlərin sayına görə, 10-dan artıq fənn üzrə dərslik istifadəyə verilir. Sadəcə, direktorlar planlaşdırmanı düzgün həyata keçirmədiyi üçün bu kimi problemlər yaranır”.

Ekspert hesab edir ki, Təhsil Nazirliyi  təhsil sistemində yaranan bu problemlərə operativ və sistemli yanaşmalıdır: "Təhsil Nazirliyi ictimai fikirlərə açıq, həmçinin baş verən proseslərdə hadisə yerində olmalıdır. Həmçinin narazılıqları ifadə edən fikirləri dinləməli, problemə uyğun mütəxəssislər cəlb etməlidir. Çünki bütün sahələrdə işləyən işçilər təhsil sahəsindən çıxırlar”.

Şəmsiyyə İbişova