15:36, 11 Noyabr 2019 (Bazar ertəsi) 976

Tələbə: "Mənə akt tərtib etdilər, "Müxalifət" qovluğuna qoydular"

Tələbə:
Dünən gənc fəal Rüstəm İsmayılbəyli "Tələbə tələbi" təşkilatının fəaliyyəti ilə bağlı polisə çağırılıb.

Bu barədə Rüstəm  İsmayılbəyli sosial şəbəkədə məlumat yayıb.

O, Nizami Rayon Polis İdarəsinə çağırıldığını deyib.

Rüstəm ismayılbəyli Toplum.TV-yə bildirib ki, ona hər hansı bir yazılı rəsmi çağırış olmayıb, zəng ediblər.

"Mən idarəyə getdim. Orda birbaşa qarşıma bir neçə kağız  və  müəyyən şəkillər qoyuldu. "Tələbə tələbi" adlı səhifəmdə yazdığım tələbə şikayətlərindən bəzilərin göstərdilər ki, bunları sən yazmısan? Mən də təsdiq etdim ki, "bəli".
 
Bildirdilər ki, Bakı Şəhər Baş Polis İdarəsindən məlumat gəlib ki, səhifədə "tələbələrə qoyulan qanunsuz tələbləri boykot etsinlər" çağırış məqsədli postu silsin. Dedilər ki, postu silməsən səni buraxmayacağıq. Haqqımda akt tərtib etdilər və aktı "Müxalifət" adlı qovluğa yerləşdirdilər", - Rüstəm İsmayılbəyli deyib. 

Tələbə deyib ki, onunla Nizami Rayon Polis İdarəsinin rəisi və həmin idarənin Cinayət Axtarış Şöbəsinin rəisi görüşüb: "Dedilər ki, ölkədə stabillikdir, belə işlərlə məşğul olma. Mənə dövlətçiliyimizin təbliğini aparırdılar. Daha sonra atam Hüseyn İsmayılbəyli ASAN Xidmətdən xarici pasportunu almağa gedib, amma pasportu ona verilməyib, səbəbini izah etmədən "stop" qoyulduğunu deyiblər. Atam məsələni aydınlaşdırmaq üçün  Bakıxanovdakı 13-cü polis bölməsinə gedib. Aydın olub ki, qadağanı Bakı Şəhər Baş Polis İdarəsi qoydurub".

Rüstəm İsmayılbəyli Bakı Dövlət Universitetinin tələbəsidir. 18 yaşı tamam olmayıb. İndiyə qədər bir neçə dəfə polisə çağırıldığını deyib
 
Şəmsiyyə İbişova