13:41, 09 Sentyabr 2019 (Bazar ertəsi) 83

Tələbələrin kirayə mənzil, yataqxana problemi... - TƏHLİL

Tələbələrin kirayə mənzil, yataqxana problemi... - TƏHLİL
Bakı təkcə ölkənin paytaxtı deyil, həm də ən çox tələbə yaşayan şəhər kimi tanınır. 

İyun ayında tətillə əlaqədar, tələbə izdihamı azalsa da, sentyabrdan yenidən canlanır. Bu canlama isə mənzil bazarından da yan keçmir.

Kirayə evlərin qiyməti metroya yaxınlığı, şəraiti, eyni zamanda ali məktəblərə yaxın və uzaqlığına görə dəyişir. 

Bina evləri şəraitinə, həm də daha təhlükəsiz olduğuna görə həyət evləri ilə müqayisədə daha baha olur. Belə ki, bina evləri üçün minimum qiymət 300-400, həyət evlərində isə 150-250 manat arasında dəyişir.

Azərbaycanda minimum əməkhaqqı 250 manat, təhsil haqqı 1000 manat, tələbə təqaüdü isə 75 manatdır (kolleclərdə 50 man). 

Bütün bu qiymətləri müqayisə edəndə bir tələbənin bir aylıq dolanması üçün lazım olan məbləğ minimum 200 manatdan başlayır. Qiymətləri endirmək zərurətindən tələbələr, adətən, bir neçə nəfərlə birləşib evləri kollektiv kirayələyirlər. 

Tələbələrin yataqxana dərdi

Azərbaycanda ümumilikdə 100-dən çox ali və orta ixtisas təhsil müəssisəsi mövcuddur. 

Apardığımız araşdırma zamanı müəyyən oldu ki, bu təhsil ocaqlarının heç də hamısının qalmaq üçün yataqxanası yoxdur.

Yataqxanası olan dövlət universitetləri:

Azərbaycan Tibb Universiteti
Azərbaycan Dillər Universiteti
Azərbaycan Pedaqoji Universiteti
Bakı Slavyan Universiteti
Bakı Ali Neft Məktəbi
Azərbaycan Texniki Universiteti

Azərbaycan Dövlət İqtisad Universiteti, Sumqayıt Dövlət Universiteti, Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin yataqxanasında isə qaçqın və məcburi köçkünlər məskunlaşıb. 

Nəzərə alsaq ki, dövlət universitetlərində təhsil alan tələbələrin sayı 10 mindən çoxdur, onda belə qənaətə gəlmək olur ki, yataqxanaları olan universitetlərin hamısında tələbələri təmin edəcək qədər yer yoxdur. Bu tip sosial problemlər tələbələrin təhsilalma prosesində qayğı yaradır. 

Özəl yataqxanlar dünyanın müxtəlif ölkələrində var. Belə ki, həmin yataqxanalar pullu olsa da, kirayə mənzillərə nisbətən çox ucuzdur. 

Təhsil eksperti Nadir İsrafilov bildirib ki, dünya təhsil sistemində  ilk sıralarda yer tutan Harvard, Oksford, Massaçutes kimi universitetlərin kampus formasında fəaliyyət göstərməsi həm də keyfiyyətli təhsil mühitinə şərait yaradır. 

Onun sözlərinə görə, belə universitetlərdə tələbələr yataqxana ilə yanaşı, həm də kitabxana, idman zalı ilə təmin olunur: "Təhsilin keyfiyyətində mühit həlledici amillərdən biridir. Sovet dövründə müəyyən universitetlərin yataqxanası vardı. Sonra məlum müharibə şəraiti ilə əlaqədar qaçqın, məcburi köçkünlər yataqxanalarda məskunlaşdı. Bu vəziyyət, əlbəttə ki, təhsil mühitinə, tələbələrin sosial həyatına təsirsiz qalmadı. Hazırda bu istiqamətdə işlər ayrı-ayrı görülür. Universitetlərin yataqxanaları təmir edilir,  həmçinin universitetlərin şəhər kənarına köçürülməsi ilə bağlı layihələr görülür. Amma köklü şəkildə bu proble həllini tapmayıb. Tələbə gərək  kirayə haqqından, digər qayğılardan azad ola ki, bütün qüvvəsini təhsilə həsr edə bilsin". 

Roza Məmmədova