22:08, 11 Oktyabr 2018 (Cümə axşamı) 123

Tərtərdə mina partlayıb

Tərtərdə mina partlayıb
Bu gün, oktyabrın 11-də Tərtər rayonunda mina partlaması nəticəsində rayon sakininin ağır yaralandığı bildirilir.

"Azadlıq Radiosu"-nun xəbərinə görə, bu barədə rayonun Həsənqaya kənd icra nümayəndəsi İlqar Qasımov məlumat verib. O, «Report»a açıqlamasında hadisənin səhər saatlarında qoşunların təmas xəttində baş verdiyini bildirib.

"Kəlbəcər rayonundan olan məcburi köçkün, 1996-cı il təvəllüdlü Azad Həsənov ərazidə mal-qara otararkən hava dumanlı olduğundan təmas xəttində minalanmış əraziyə girib. Hadisədən sonra özünü itirməyən Azad telefonla qardaşına və dostlarına zəng edərək minaya düşdüyün bildirib", - deyən icra nümayəndəsinin sözlərinə görə, yaralı əvvəlcə Tərtər Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Ancaq vəziyyəti ağır olduğundan onu daha sonra Bərdə Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriblər.

Xəstəxanadan isə bildirilib ki, A.Həsənov üzərinə cərrahiyyə əməliyyatı aparılıb. Onun bir ayağının amputasiya edildiyi bildirilir.

Səhiyyə Nazirliyinin məlumatında isə yaralının vəziyyətinin ağır olduğu qeyd edilir.