15:38, 19 İyul 2018 (Cümə axşamı) 1215

Təxribatlar haradan qaynaqlanır? - MÜSAHİBƏ

Təxribatlar haradan qaynaqlanır? - MÜSAHİBƏ
Elman Məmmədov: "Bu sual mənə ünvanlanacaq sual deyil”

İyulun 3-də Gəncədə icra hakimiyyətinin başçısına qarşı həyata keçirilmiş sui-qəsd və bu hadisədən sonra iki polis məmurunun öldürülməsi ilə nəticələnən aksiya rəsmi məlumatlarda və bir çox dövlət məmuru, eləcə də deputatların bir çoxu tərəfindən xarici qüvvələrin təxribatı kimi qiymətləndirildi.  Amma bu təxribatın hardan, hansı istiqamətdən, konkret olaraq hansı ölkədən gəldiyi barədə açıqlama verilmədi. 

Bəs, görəsən, ölkədə qarışıqlıq yaratmaq istəyən xarici qüvvələr kimlərdir? 

Mövzu ilə əlaqədar Toplum Tv ilk olaraq Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü, hakim Yeni Azərbaycan Partiyasından olan deputat Elman Məmmədova müraciət edib. 

-  Elman müəllim, Gəncədə baş verən hadisələr və ondan sonra baş verənlər rəsmi şəxslər və rəsmi qurumlar tərəfindən xarici qüvvələrin Azərbaycana təxribatı kimi qiymətləndirildi. Sizcə, nəyə əsaslanıb bunları xarici qüvvələrin təxribatı adlandırırlar?

- Onu hüquq mühafizə orqanlarının verdiyi rəsmi məlumatlardan oxuyun, oradan aydın olacaq nəyə əsaslanıb.

- Bəs maraqlıdır, sizin bu məsələ ilə bağlı mövqeyiniz necədir?

-  Mənim mövqeyim hökumətin mövqeyi ilə eynidir. Rəsmi bəyanatlarda nə yazılırsa, dövlətin mövqeyi necə göstərilirsə, mənim də mövqeyim o cürdür.                                                                                                                             
- Bəs sizcə, Azərbaycanda təxribatı hansı qüvvələr törətməkdə maraqlıdır? Azərbaycanda baş verən belə təxribatların arxasında hansı xarici qüvvələr dayanır?

-  Bunlar hamısı rəsmi bəyanatlarda  gedib. Mənim təzədən xırdalamağıma ehtiyac yoxdur. Rəsmi bəyanatlar var, hamısı da dəqiqliklə verilib. Rəsmi bəyanatda suallarınızın cavabı var.

- Rəsmi bəyanatllarda konkret ad çəkilməyib, sadəcə xarici qüvvələr deyilir. Bizi də maraqlandıran odur ki, bu xarici qüvvələr hansı qüvvələrdir?

-  O xarici ölkələrin hansı olduğunu bilən, bu işlə məşğul olan müvafiq hüquq mühafizə orqanları var. Dövlət Təhlükəsizlik Xidməti var, Baş Prokurorluq var, Daxili İşlər Nazirliyi var, onların mətbuat orqanlarına müraciət edin, onlar sizə məlumat versinlər. Məndə belə məlumatlar yoxdur.

- Ola bilərmi, bu təxribatlar Azərbaycanın beynəlxalq siyasəti ilə bağlı olsun? Yəni Azərbaycanı öz yanında görmək istəyən xarici qüvvələr bundan təhdid kimi istifadə etsinlər?

- Xeyr.

-  Azərbaycanda bu təxribatı törətməkdə maraqlı qüvvələr nəyə nail olmaq istəyirlər, təxribat törətməkdə məqsədləri nədir?

- Bilirsiniz, təxribatların törədilməsində hansı qüvvələrin ki əli var, təbii ki, onlar Azərbaycanın dövlətçiliyinə qarşı, inkişafına qarşı, əmin amanlığımıza qarşı, daxili stabilliyimizə qarşı yönəldilmişdir. Məqsəd Azərbaycanda daxili stiabilliyi pozmaq, asayişı pozmaq, təxribatlar yaratmaq və Azərbaycanı Suriyanın, İraqın və başqa bu cür ölkələrin gününə salmaqdır.

- Təxribatların arxasında dayanan xarici qüvvələrə qarşı nə kimi tədbirlər həyata keçirmək mümkündür? Onlara qarşı niyə ölçü götürülmür?

- Bu sual mənə ünvanlanacaq sual deyil. Nələr edilə bilər, nələr ediləcək, artıq onu müvafiq hüquq mühafizə orqanlarına ünvanlayın. Mən o barədə nə isə deyə bilmərəm.

- Siz axı Milli Məclisin Müdafiə, Təhlükəsizlik və Korrupsiya ilə Mübarizə Komitəsində yer alan deputatsınız.

-  Doğru deyirsiniz. Ancaq bilirsiniz, o qüvvələrə qarşı hansı tədbirlər görülə bilər və ya görüləcəkdir,  onu demək mənim səlahiyyətimdə deyil. Bu, müvafiq hüquq mühafizə orqanlarının səlahiyyətindədir. Mən onlar əvəzindən cavab verə bilmərəm axı?!

-  Dövlətin qanun qəbul edən orqanı olan Milli Məclisdəsiniz və deputatsınız. Bir deputat olaraq nə təklif edə bilərsiniz? Ən azından təklifetmə haqqınız var. Nə kimi tədbirlər görülə bilər?

- Mən millət vəkili olaraq, eyni zamanda vətəndaş olaraq istəyirəm ki, mənim ölkəmdə, vətənimdə əmin-amanlıq, daxili sakitlik olsun, vətəndaşlarımızın asayişi, dövlətçiliyimiz, təhlükəsizliyimiz qorunsun. Buna görə də hüquq mühafizə orqanlarından  həm xahiş edirik, həm də tələb edirik ki, istənilən qanunsuz hərəkətlərin qarşısının alınması üçün tədbirlər görülsün.

Əminə Məmmədova
Toplum.Tv