14:01, 01 May 2019 (Çərşənbə) 132

Tibbi Sığorta üzrə Dövlət Agentliyi görülən işlərin hesabatını verib

Tibbi Sığorta üzrə Dövlət Agentliyi görülən işlərin hesabatını verib
Nazirlər Kabinetinin 30 aprel iclasında çıxış edən İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev məsul olduğu sahədə görülən işlərin hesabatını verib. 

O 2017-ci ilin yanvarından ölkədə icbari tibbi sığortanın pilot layihə şəklində həyata keçirilməsinə başlandığını xatırladıb: "Pilot layihə ilk olaraq Mingəçevir şəhəri və Yevlax rayonunun ərazilərini əhatə edib, 2018-ci ildən isə Ağdaş rayonunun ərazisində də tətbiq olunub. Əhalisi 340 min nəfər təşkil edən pilot ərazilərdə sığorta olunanlar və 30 minə yaxın məcburi köçkün baza zərfi çərçivəsində ödənişsiz tibbi xidmətlərlə təmin edilib və əhalinin səhiyyə xərcləri ilə bağlı maliyyə yükü əhəmiyyətli dərəcədə azaldılıb.

Tibb müəssisələrinin fəaliyyətində məhsuldarlıq artırılaraq tibbi-iqtisadi rentabellik təmin olunub. Mövcud maddi-texniki baza və kadr resursları ilə daha çox pasiyentə xidmət göstərilib və nəticədə 2018-ci ildə pilot ərazilərdə ambulator-poliklinik gəlişlərin sayı 1,1 milyon olub, adambaşına düşən həkimə gəlişlərin sayı 3,2 dəfə təşkil edib. Evə yazılan xəstələrin sayı isə 21 min 454 nəfər olmaqla 2016-cı illə müqayisədə 11 faiz artıb.

Pilot layihənin ən mühüm nəticələrindən biri həkimlərin əmək haqlarının artırılması olub. Həkimlərin orta aylıq maaşı 2018-ci ildə ölkə üzrə orta aylıq əməkhaqqının 1,9 mislini təşkil edib”.

Agentlik rəhbəri qeyd edib ki, "Tibbi sığorta haqqında” qanunda dəyişikliklərə görə, 2020-ci il yanvarın 1-dən bütün əhaliyə təcili və təxirəsalınmaz tibbi yardım, habelə ilkin səhiyyə xidməti üçün sığorta haqları dövlət büdcəsindən ödənəcək: "Həmçinin ölkə əhalisinin 45 faizini təşkil edən iqtisadi qeyri-fəal əhali, başqa sözlə desək, uşaqlar, tələbələr, pensiyaçılar, sosial müavinət və ünvanlı sosial yardım alan şəxslər, hamilə və sosial məzuniyyətdə olan qadınlar üçün sığorta haqqının dövlət büdcəsindən ödənməsi nəzərdə tutulub”.

Ötən il dekabrın 20-də dövlət başçısı icbari tibbi sığortanın tətbiqi ilə bağlı tədbirlərə fərman verib. Sənəd İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” (TƏBİB) adlı publik hüquqi şəxs yaratmasını nəzərdə tutur. Səhiyyə Nazirliyinin tabeliyindəki dövlət səhiyyə sisteminə daxil olan bir çox tibb müəssisəsi 2020-ci il yanvarın 1-dən TƏBİB-in tabeliyinə verilir.
 
Novator.az