15:45, 22 Avqust 2019 (Cümə axşamı) 63

Tofiq Yaqublu: "Dedilər ki, belə davam etsən, sənə cinayət işi açılacaq" - YENİLƏNİB

Tofiq Yaqublu:
Müsavat Partiyasının Divan və Milli Şuranın koordinasiya mərkəzinin üzvü Tofiq Yaqublu avqustun 21-də Baş Prokurorluğa çağırılıb. 

Bu barədə o, feysbuk hesabında məlumat verib.

Tofiq Yaqublunun sözlərinə görə, onu  Baş prokurorun müavini Namiq Əsgərov və Daxili İşlər nazirinin müavini Seyfulla Əzimov qəbul edib.

"Söhbət belə oldu ki, guya mən hakimiyyəti tənqid edərkən qanunsuz hərəkətlərə yol verirəm və buna görə qanun qarşısında cavab verməli olacağam. Dedim ki, heç bir qanunsuz hərəkətim yoxdur, qanunları hakimiyyət özü pozur və əvvəlki qaydada davam edəcəyəm" - o, feysbuk hesabında belə yazıb.

Tofiq Yaqublu ToplumTv-yə bildirib ki, ənənəvi profilaktiv söhbət aparılıb: "Çağırmaqların da məqsəd siyasi fəaliyyətimlə bağlıdır. Sosial şəbəkələrdə yazdığım yazıları çıxarıb qarşıma qoymuşdular. Mən də heç bir qanundan kənar status paylaşmadığımı bildirdim. Mənə dedilər ki, belə davam etsən, sənə qarşı cinayət işi açılacaq".

"Əmr yuxarıdan gəlib. Tapşırıblar ki, mənim kimi gerçəkləri yazanları bir yol tapıb susdursunlar. Onlar da məni çağırdılar və sözdə "profilaktiv söhbət" apardılar. Əslində, bu, birbaşa hədələmək deməkdir", - Tofiq Yaqublu bildirib.
 
**********  

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyi və Baş Prokurorluğun Mətbuat xidmətləri birgə məlumat da yayıblar. 

Məlumatda deyilir ki, aparılan araşdırmalar Tofiq Yaqublunun "facebook” sosial şəbəkəsində özünə məxsus səhifə vasitəsilə qəsdən və qərəzli şəkildə reallığa uyğun olmayan, vətəndaşlar arasında dövlətin həyata keçirdiyi tədbirlərə inamsızlıq yaratmağa xidmət etməklə insanların hakimiyyət əleyhinə qanunsuz hərəkətlərə sövq edilməsinə, onların qanunsuz etiraz aksiyaları keçirməyə təhrik edilməsinə, habelə ölkəmizdə bərqərar olmuş ictimai-siyasi sabitliyin pozulmasına yönələn təxribat xarakterli cəhdlər etməsi müəyyən edilib.

"Qeyd edilənlərlə əlaqədar T.Yaqublu Baş Prokurorluğa dəvət edilərək "Prokurorluq haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə müvafiq olaraq ölkəmizdə ictimai-siyasi sabitliyin pozulmasına yönələn, vətəndaşlar arasında dövlətin həyata keçirdiyi məqsədyönlü tədbirlərin üzərinə kölgə salmağa xidmət edən həmin məlumatların yayılmasını gələcəkdə davam etdirəcəyi təqdirdə barəsində cinayət məsuliyyəti də daxil olmaqla, qanunvericilikdə nəzərdə tutulmuş daha ciddi tədbirlər görüləcəyi barədə rəsmi xəbərdarlıq edilib”.

Bundan başqa Daxili İşlər Nazirliyi və Baş Prokurorluq bütün sosial şəbəkə istifadəçilərinə xəbərdarlıq edib ki, "ölkəmizdə bərqərar olmuş ictimai-siyasi sabitliyin pozulmasına, vətəndaşlar arasında dövlətin həyata keçirdiyi tədbirlərə inamsızlıq yaratmaq, insanları qanunsuz etiraz aksiyaları keçirməyə təhrik etməklə hakimiyyətin zorla ələ keçirilməsinə və Azərbaycan Respublikasının konstitusiya quruluşunun zorla dəyişdirilməsinə yönələn açıq çağırışlar və digər qanunazidd hərəkətlərin qarşısı qətiyyətlə alınacaq”.

Əbülfət Baxşəli