20:12, 27 Mart 2020 (Cümə) 576

Tofiq Yaqublunun feysbuk hesabı ələ keçirilib, statusları silinir

Tofiq Yaqublunun feysbuk hesabı ələ keçirilib, statusları silinir
Nigar Həzi: "Telefon müstəntiq Ramil Əliyevdədir"

Milli Şuranın Koordinasiya və Müsavat Partiyasının üzvü Tofiq Yaqublunun telefonundan feysbuk səhifəsindəki 2019-cu ilə qədər olan bütün paylaşımları silinib. 

Bu barədə qızı Nigar Həzi feysbuk hesabında yazıb. 



Nigar Həzi sözlərinə görə, telefon müstəntiq Ramil Əliyevdədir: "Qeyd edim ki, telefonda hadisə zaman baş verənlərin videosu var. Çox güman ki, müstəntiq Ramil Əliyev hadisənin əsas dəlilini - videonu silib”. 

Tofiq Yaqublunun vəkili Elçin Sadıqov hesab edir ki, Tofiq Yaqublunun telefonunun açılaraq şəxsi həyatına müdaxilə edilməsi  ifadə azadlığının pozulmasıdır. 

Elçin Sadıqov bildirib ki, bu məsələ ilə bağlı məhkəməyə müraciət edəcək. 


"Human Rights Watch” (HRW) beynəlxalq insan hüquqları təşkilatı Azərbaycanda Tofiq Yaqublunun həbsini kəskin şəkildə pisləyib.

Təşkilatın 25 mart tarixli bəyanatında deyilir ki, T.Yaqublu hökuməti tənqid etdiyinə görə uydurma "xuliqanlıq” ittihamı ilə həbs olunub. 

HRW qeyd edir ki, həbs Azərbaycan prezidenti İlham Əliyevin çıxışından bir neçə gün sonra baş verib: "Əliyevin çıxışından belə görünürdü ki, koronavirus pandemiyası ilə mübarizə üçün nəzərdə tutulmuş üsullardan müxalifətə divan tutulmasında istifadə olunacaq. Bu, hökumətin söz azadlığına, siyasi tənqidçilərinə nifrətinin daha bir narahatedici göstəricisidir”, - bəyanatda deyilir. 

Bakı şəhər Baş Polis İdarəsi və Şəhər Prokurorluğunun martın 25-də birgə yaydığı məlumatda isə deyilir ki, Tofiq Yaqublu "VAZ-21074”  markalı avtomobilin sürücüsü Elxan Cəbrayılovla mübahisə edib, onu nalayiq ifadələrlə təhqir edib, yumruqla onun baş nahiyəsinə və silah qismində istifadə etdiyi vintaçanla sağ çiyin nahiyəsindən bir neçə zərbə vurub.  

Rəsmi məlumatda müxalifətçinin E.Cəbrayılovun həyat yoldaşı Cəvahir Cəbrayılovanı əli ilə itələyib ona da xəsarət yetirməsinə dair əsaslı şübhələr müyyən edildiyi bildirilir. 

"Toyota Corolla” markalı avtomobilin sol qapıları və qabaq qanadı üzərində "VAZ-21074”  markalı avtomobilin isə sağ qabaq qanadı üzərində zədələrin olduğu da qeyd edilir.
 
Tofiq Yaqubluya qarşı Cinayət Məcəlləsinin  221.3.(silah qismində istifadə olunan əşyalar  tətbiq etməklə xuliqanlıq etmə) maddəsi ilə cinayət işi başlandığı bildirilir.  

Tofiq Yaqublu əvvəllər də bir neçə dəfə həbs olunub. O, həbsinin siyasi sifariş olduğunu bəyan edib. 

Elmar Əziz