11:05, 11 Yanvar 2020 (Şənbə) 51

Tramp administrasiyası İrana yeni sanksiyalar tətbiq edir

Tramp administrasiyası İrana yeni sanksiyalar tətbiq edir


/ DÜNYA
Tramp adminstrasiyası İslam Respublikasının ABŞ-ın İraqdakı bazalarına raket zərbələri endirməsindən sonra İrana qarşı yeni sanksiyalar tətbiq edəcəyini elan edib.

AmerikanınSəsi xəbər verir ki, Dövlət Katibi Mayk Pompeo və Maliyyə Naziri Stiven Mnuçin cümə günü yeni sanksiyaların İranın səkkiz yüksək vəzifəli rəsmisini, habelə polad və digər metallurgiya sektorlarındakı şirkətləri hədəf alacağını deyib.

"Prezidentin əvvəl qeyd etdiyi kimi biz ABŞ və müttəfiq qüvvələrinə hücum etidiyinə görə İran rejiminə əlavə sanksiyalar tətbiq edirik. Birincisi, president İran iqtisadiyyatının inşaat, istehsal, toxuculuq və şaxta sektorlarına sahib olan, onlarla ticarət aparan və ya idarə edən hər kəsə qarşı sanksiyalar tətbiq edilməsi barədə sərəncam imzalayıb," Mnuçin bildirib. "Aydın etmək istəyirəm ki, bunlar həm birinci həm də ikinci dərəcəli sanksiyalar olacaq."

Birləşmiş Ştatlar prezidenti Donald Tramp çərşənbə günü ABŞ-ın İranın generalı Qasım Süleymaninin öldürülməsinə görə qisas alaraq, İraqın Amerika personalı olan iki bazasını raket atəşinə tutmasından dərhal sonra İrana "əlavə cəza" tətbiq edəcəyini bildirib.

"Bu sanksiyalar İran davranışını dəyişdirməyənə qədər qalacaq," Tramp Ağ Evdə etdiyi çıxışı zamanı deyib.

ABŞ-ın İran üzərində bərpa etdiyi sanksiyalar ölkə iqtisadiyyatını bərbad duruma salıb. İran valyutası kəskin dəyər itirib, ölkənin neft satışı və ümumi ticarətində ciddi problemlər yaranıb. Əlavə sanksiyaların İran iqtisadiyyatını nə dərəcədə sarsıdacağı hələlik aydın deyil, ancaq əksər müşahidəçilər sanksiyaların İran hökumətinə qarşı ictimai narazılığı artırdığı və həmin hökumətin manevr imkanlarını məhdudlaşdırdığı qənaətindədir.